Şamo Arif
Mətbuat Şurasının sədri cənab Əflatun Amaşova çatdırdığım məktub (“Azadlıq” 3 avqust 2011) təəssüf ki, hansısa bir boşluğa ünvanlanan kimi oldu. Çoxlu hadisələrə, məsələlərə, qaranlıqlara aydınlıq gətirə biləcəyi təqdirdə möhtərəm sədr məsləhətlər verməyindən qalmadı. Yenə də bildirirəm, mən təftişçiliyə, xırdalıqlara getmirəm. Yenə xatırlamalı oluram: Keçmişi qaranlıqda olan millətin gələcəyi yoxdur! Keçmişi qaranlıqda saxlamaq isə bağışlanılmayan cinayətdir… Siz isə hələ də kökündən yanlış olan mövqedən kənara çıxmağa cürət etmirsiniz. Nə isə…
Indi isə Müsavat Partiyasının liderlərindən Rauf bəyin ürək döyüntülərinə qulaq verəndə, düşündüm, indiyə qədər atılan böhtanlar azmış kimi, görəsən, hansı ittihamlara tuş gələcəyəm: “Şamo Arifin bütün fəaliyyəti, yaradıcılığı, prinsipcə Anarın bir hekayəsi qədər faydalı deyil, ola bilməz”. Siz deyən olsun! Ancaq baş redaktora məsləhətim budur ki, bilmədiyi sahəyə baş vurub özünü yüngülsaqqal etməsin… Baş redaktoru narahat edən ciddi məsələ: “Mətbuat Şurasının yazıçı Anarı ciddi bir şər-şəbədədən müdafiə cəhdi olub. Lakin, bu cəhd olduqca cəsarətsiz ifadə olunur…”. Görəsən, hansı şər-şəbədədən danışılır? Konkret dəlillər göstərməkdənsə, Anarsayağı hərəkət nəyə gərək, a bəy?!
Anarın özünün 27 yaşından donoslar yazdığını etiraf etməsindən danış (“Ədəbiyyat” qəzeti 20 mart 2009 ). Öz gözündə yep-yekə “tiri” görməyib özgə gözdə “qıl” kəşfiyyatına çıxmasından (“Həyatım ağrıyır” kitabı) söz aç, sonra top-tüfənglə meydana atılsanız daha məsuliyyətli olmazdımı? O ki qaldı sizin “şər-şəbədə” məsələsinə, Anarın kitabına tərəf əyilib hansı bucaq altında baxsanızda məhz onun yazdıqlarını “şər-şəbədə” adlandırmaq riyakarlıqdır… Belə deyilsə, Anarın yazdıqlarına bacardığınız məntiqlə “məlakə” donu geydirin…
Xatırladım ki, xalq yazıçısı xalqın “dərdindən” də söz salıb anasının söylədiklərini qələmə alır. Bildirir ki, xalq düşməni kimi Kremlin güllələdiyi Xudadatbəy Rəfibəylinin 19 yaşlı qızı 1932-ci ildə Moskvaya gedib təhsil alır və SSRI Ali Sovetində tərcüməçi işləyir. 1934-cü ildə Azərbaycan Yazıçılar Ittifaqına üzv seçilir və günlərin birində də işdən azad edilir. 1936-cı ildə təhsilini başa vurub Bakıya qayıdır. Bu söhbətin ardınca da Anar belə bir sənədi ictimaiyyətin nəzərinə çatdırır:
“Tamamilə məxfi.
Şəxsən ÜK(b)P MK xüsusi sektorunun müdiri Poskrebışevə.
Azərbaycan K(b)P üzvləri Əli Həsənov və Süleyman Rüstəmzadənin Nigar Rəfibəyliyə aid bu ilin 5 oktyabr tarixli məktubunu göndərirəm. Öz tərəfimdən də onun Kremldə işdə saxlanmasını mümkünsüz hesab edirəm.
Azərbaycan K(b)P MK Katibi M.C.Bağırov
19.10.1937″.
Möhtərəm baş redaktor, indi söz sizin, meydan sizindir…
Birinci, əgər Rəfibəyli Kremlin adi vəzifə sahibi olsaydı, Bağırov xüsusi sektora müraciət edib onunla bacarmadığına görə vəzifəsindən azad olunmasını xahiş edərdimi?
Ikinci, Rəfibəylinin SSRI Ali Sovetində işlədiyini bildirəndən sonra anasının dediklərini təkzib edən sənədin dərc edilməsində hansı məqsəd olub?
Üçüncü, SSRI Ali Sovetində işləmək hara, Kremlin xüsusi sektorundakı “iş” hara?
Dördüncü, Kremlin xüsusi sektorundakı fəaliyyət niyə oğuldan gizlədilir?
Beşinci, Rəfibəyli SSRI Ali Sovetində işdən çıxarılandan sonra 1936-cı ildə Bakıya qayıdır. Işdən çıxarılan insan haqqında, bir il ötdükdən sonra, 1937-ci ildə M.C.Bağırovun SSRI Ali Sovetinə deyil, Kremlə göndərdiyi məxfi məktubunu necə dəyərləndirərsiniz? Işdən “çıxarılan” insanın bir daha işdən çıxarılması, az da olsa sizi düşüncələrə salıbmı?
Altıncı, 1934-cü ildə Azərbaycan Yazıçılar Ittifaqının üzvü seçilən Kreml əməkdaşının hansı fəaliyyəti Əli Həsənovu və Süleyman Rüstəmi təşvişə salır ki, bu insanlar da M.C.Bağırova rəsmi məktub yazırlar?
Yeddinci, Kreml adamı 1936-cı ildə Bakıya qayıtdıqdan sonra Süleyman Rəhimov 26 noyabr 1937, Əhməd Cavad 11 dekabr 1937, Mikayıl Müşfiq 12 mart 1938 və Hüseyn Cavid 1939-cu ildə həbs edilir…
Indi isə sözüm Rauf bəyin bütün varlığı ilə müdafiə etdiyi “türk millətçisi” Anaradır.. Yalançı Anar, “Həyatım ağrıyır” kitabında yazırsınız ki, 1939-cu ildə repressiyalar səngidiyinə görə M.C.Bağırov Rəsul Rzanın və həm də sizin qohumunuz olan Abdulla Faruğu həbs edə bilmir. Bəs necə olur, Hüseyn Cavid kimi dahi sənətkarı sürgünə, gedər-gəlməzə göndərir, amma bir yaşlı Anardan qorxduğuna görə, neçə il gözlədikdən sonra M.C.Bağırov öz doğma oğlu ilə birlikdə Abdulla Faruğu və yüz minlərlə Azərbaycan övladlarını müharibəyə göndərməklə qisas alır?.. Ayıb deyilmi?..
Yazırsınız ki, Rəsul Rza: “Sən get öz bacının cilovunu yığ!” (səh. 267) deyə Beriyanın bakılı dostunu təhqir etməkdən çəkinmir! Bağırov da dizləri əsə-əsə şairin qarşısında baş əyir və qılıncını sağa-sola çapdırıb Hüseyn Cavidlərdən, Mikayıl Müşfiqlərdən qisas alır… Yazırsınız ki, sizin valideynləriniz “Bağırovun hansı damarının sayəsində məhv olmamışdılar, kim bilir?!” (səh.270). Gec də olsa Bağırovun Kremlə göndərdiyi məxfi məktubuna nəzər yetirin! Uşağın da dərk edə biləcəyini sizdə dərk etməyə bilməzsiniz… Belə yerdə bişmiş toyuğun gülməkliyindən, qaqqıltısından dünya “zəlzələ”yə tutulur…
Səkkizinci, hörmətli baş redaktor, M.C.Bağırovun Kremlə göndərdiyi məxfi məktubundan sonra nəinki Kreml adamına gözün üstündə qaşın var deyən tapılır, əksinə, bir necə ay ötməmiş “bitərəf” Rəsul Rza Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir…
Rauf bəy, Anarın yazdıqları şər-şəbədələrinə “faciələr” donu geydirib bəraət verdikdən sonra Stalin-Beriya “repressiyasına” məruz qalan Kreml adamının da Bakı məktəbindəki abidəsinin qarşısına gül-çiçək dəstələrini qoymağı unutmayın.
Indi isə vacib bir məsələ barədə. Heç də yaddan çıxarmaq olmaz ki, patoloji kin-küdurətə malik olanlar bir-birindən ayrı qala bilmirlər, gec-tez tapışırlar, yaxın qohumlar kimi.
Rauf bəy yazırsınız: “Anar bir türk milliyyətçisidir… Şamo müəllim də milliyyətçidir. Lakin o, kürd milliyyətçisidir. Tarixi-mədəni-siyasi iddiaları ilə tanışam. Onun bu iddiaları və ümumiyyətlə, bütün fəaliyyəti mahiyyətcə antiazərbaycan və antitürkdür!?
Rauf bəy, Anar da sizinlə olan “qohumluğunu” təsdiqləyib möhürünü vurur: “Şamo Arif hansı xalqa mənsub olur-olsun həmin xalqın üz qarasıdır!” (”Azadlıq” 26 iyul 2011).
Qəribə deyilmi, Milli Təhlükəsizlik Nazirliyinin Arxivindən doğma atamın – Süleyman Rəhimovun 44 səhifəlik istintaq işinin ictimaiyyətə çatdırıb billur təmizliyə malik oluğunu göstərməyim mənim “üz qaralığım”, Anarın isə doğma anası haqqında üz qaraldan Kreml sənədini ictimaiyyətə təqdim etməsi isə “üz ağlığı” imiş?.. Üzü qara olsun belə məntiqin…
Mən heç vaxt hansı millətə məsub olduğumu Anar kimi utanıb gizlətməmişəm. Mən şir ürəkli, fil dözümlü Süleyman Kişinin oğlu olmağımla həmişə fəxr etmişəm…
Indi isə Rauf bəyin “antitürk, antiazərbaycanlı” olmağım barədə “ittihamlarına” cavab verirəm: Deməli, Müsavat Partiyasının rəhbərliyində olan bir şəxsin əqidəsi ilə yanaşılsa, türk deyilsənsə, türkün düşmənisən?! Kürd deyilsənsə, kürdün düşmənisən?!
Qatı türkçü Alparslan Türkeşin hamını qəflət yuxusundan ayıldan məşhur kəlamı var: “Türk hara qədər türkdürsə, kürd də ora qədər türkdür! Kürd hara qədər kürddürsə, türk də, ora qədər kürddür!”. Əhsən bu əqidəyə! Min əhsən…
Deməli, mən iki qızımla əl-ələ verib hərəkət edən imperiya tankının qabağını kəsməklə antitürk, antiazərbaycanlı olduğuma görə balalarımla birlikdə ölümə meydan oxumuşam?! Qanlı 20 Yanvar günlərində çoxsaylı “millət qəhrəmanları” kimi gizlənməyib Prezident Iqamətgahı qarşısında nitq söyləyib, Kommunist Partiyasından istefa verməyim də, deməyəsən, antitürk antiazərbacanlı olmağıma dəlalət edib? “Azadlıq” radiosu ilə “Insanlığa bəla gəlir” və “Qorbaçova açıq məktub” kimi bəyanatlar verməyim də antitürk, antiazərbaycanlı təbliğatı imiş? Necə də “ağılsız” hərəkət etmişəm…
Moskvada keçirilən SSRI Xalq Deputatlarının qurultayı zamanı Anarın tribunadan qaçmağı, özünü qorumağı türk, azərbaycan “sevgisi” olduğu halda, Şamo Arifin bəyanatını isə Azərbaycan Elmlər Akademiyasının o dövrkü prezidenti Eldar Salayevin şəxsən SSRI prezidenti Qorbaçova təqdim etməsi də antitürk, antiazərbaycanlı insanın hərəkətləri imiş…
Təvazökarlıqdan kənar olsa da, hamı bağışlasın. Qanlı 20 Yanvar günlərində Münhendə fəaliyyət göstərən “Azadlıq” radiosu ilə Mirzə Xəzərin dünya xalqlarını Sovet Imperiyasının vəhşiliklərindən xəbərdar etməsi heç vaxt unudulmamalıdır və Bakıda olan Mirzə Xəzərin də etirafı belə olub: “Azərbaycanın o ağır faciəli günlərində dünyanı sarsıdan iki bəyanat verildi: biri Allahşükür Paşazadənin bəyanatı, biri də Şamo Arifin bəyanatı”. Mirzə Xəzərin dediklərini dəfələrlə eşitsəm də, bu xəbəri mənə çatdıran Hidayət Orucov oldu ki, bu insana o vaxt da təşəkkürümü bildirdim, indi də mərdanəliyinə görə minnətdarlığımı çatdırıram. Tarix unudulmur! Tarix yazıla-yazıla tarix olur…
Bəli, deməyəsən, Şamo Arifin antitürk, antiazərbaycanlı olmasının qərinələrdən gələn dərin kökləri varmış…
Nəhayət, bu iki tanınmışlar (təkcə bu iki tanınmışlarmı?) daxillərindəki “patalogiyanı” boğa bilsəydilər Türk-Kürd-Azərbaycanlı qaynağından doğulan xalq qəhrəmanı: “Həcər erməniyə ərə gedib” deyə xalqları təhqir edən yazıya meydan verərdilərmi? Azərbaycanın namusuna tuşlanan erməni böhtanları zamanı “türk millətçiləri” necə də ağızlarına su aldılar, boğula-boğula qaldılar, danışa bilmədilər. Bəlkə də, Qorbaçovun qabağından qaçdıqdan sonra daldan-dala atılan daşın topuğa dəydiyi kimi, hansı “dərələrdəsə” erməni murdarlığını, hələ də Avropanın jandarmı sayılan rus şovinizmini asıb-kəsib bu millət “qəhrəmanları?”. Indi düşünürəm, donoslar yazmaqla Azərbaycanın görkəmli siması, xalq yazıçısı Ismayıl Şıxlını Yazıçılar Birliyinin rəhbərliyindən uzaqlaşdırmaqla, 1987-ci ildə də, Qorbaçov hakimiyyəti dövründə sədrlik kürsüsünə yiyələnən Anarı doğrudanmı “Mişa” tanımayıb? Öz adamını necə tanımamaq olardı? Gülünc deyilmi?…
Bütün müsəlman dünyasının anası olan Həcər anaya, o cümlədən xalq qəhrəmanı Həcərə böhtan atılanda Rauf bəyə öz kəskin, sərt deyimlərini çatdırmaqla yanaşı “Yeni Müsavat” qəzeti redaksiyasının darmadağın edilməsinin qarşısını aldığıma görəmi antitürk, antiazərbaycanlı mövqeyi tutmuş oldum?
Oxuculara təəccüblü gəlmirmi “türk millətçisi” Anar və Anar birliyi Azərbaycan xalqı təhqir ediləndə susduqca susdular… Bəlkə… Yenə də, bəlkə… susmaqları yaxşıdır. Çünki sifarişlərlə Şamo Arif haqqında doqquz ay davam edən sarsıntılı istintaq zamanı susduqları kimi, bəlkə, yenə də susmaqları məsləhətdir?..
Müdrik xalq məsəli var: “Ilanı görənə lənət!.. Görüb öldürməyənə lənət!.. Öldürüb basdırmayana lənət!..”. Nə edəsən ki, Azərbaycanın taleyinə Kreml kimi əjdaha ilan ilə qonşuluq düşüb. Dünyanın o başından sürünə-sürünə, uda-uda gəlhagəldədir…
Anar da barmağını yuxarılara tuşlayıb buyurur ki, Bakı məktəbində Kreml adamına qoyulan abidədən xəbərim yoxdur, mən kiməm ki, dövlətlə, hökumətlə mübarizə aparım?! Qurandan köynək geyinsən də hamı bildiyi kimi, dövlət də, hökumət də bilir ki, sən kimsən…
Kremlin ağına da lənət, qarasına da…
Mən hələ 30 il əvvəl romanımda Əzəmət adında yaratdığım bir azərbaycanlının üzünü göyə tutub hamını xəbərdar etdiyini bir daha xatırlayıram: “Demə… varsan, ay Tanrı!.. Səni görməyən kordu!”.
P.S. Təcridxanalarda həbsdə olan azərbaycanlı qız-gəlinlərinə, ana-bacılarına bəraət düşmürmü Kremlə… heykəllər ucaldıldığı bir zəmanədə?..
HƏMÇİNİN OXU
Təftişçilik bizə hara qədər lazımdır…
Yazıçı Mətbuat Şurasının sədrini ədalətli olmağa çağırdı
Mətbuat Şurası ünvanı səhv salıb
Molla Nəsrəddinin yorğanı və Şamo Arifin böhtanı
Anar ittihamlara cavab verdi və…
AYB Mehriban Vəzirə cavab göndərdi
“Fikrət Qoca təpədən-dırnağacan saxtadır”
Anar-Şamo savaşına Fikrət Qoca da qoşuldu
Mehriban Vəzir Fikrət Qocaya sərt cavab verdi
Xaliq Bahadır: “Anardan… anasınadək”
Şamo Arif Xaliq Bahadıra cavab verdi
Anar Şamo Arifin debat çağırışını rədd etdi
“Anar ermənilər qarşısında susub…”
Şamo Arif Anara qarşı arxiv sənədləri çıxardı


