Eynulla və Mirşahin söz davasına çıxdı

Eynulla Fətullayev: «Həbsdə olan günahsız insan haqqında yalan fikirlər söyləməsi onun əclaflığını göstərir»

Mirşahin Ağayev: «Eynullaya yazığım gəlir»

“Mirşahin Ağayev şərəfsizcəsinə məni şərləməklə özünə hökumətdən divident qazanmağa çalışıb”. Bunu “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev bildirib. O hesab edir ki, Mirşahin Ağayev zamanında istedadlı jurnalist olmasına baxmayaraq, çox təəssüf ki, gücünü çox pis işlərə və bəd əməllərə sərf edir: “Mən hər zaman Mirşahin Ağayevin istedadlı jurnalist olmasını söyləmişəm. Amma çox təəssüf ki, o, bu istedadını jurnalistika fəaliyyətinə yad olan əməllərə sərf edir. Mən həbsdə olarkən mənim haqqımda hazırladığı film tamamilə yalan və iftira üzərində qurulub. Mirşahin Ağayev bu filmlə hökumət rəsmiləri yanında özünə divident qazanmağa çalışıb”.
E.Fətullayev haqq-ədalətin gec-tez yerini tapdığını söyləyib: “Sovet vaxtında həbsdə olan insanlara qarşı materiallar hazırlayaraq ”Pravda” qəzetində yayımlayırdılar. Mirşahin Ağayev də belə missiyanın icraçısıdır. Həbsdə olan günahsız insan haqqında həqiqətə uyğun olmayan nalayiq fikirlər söyləməsi onun əclaflığını göstərir. Bununla Mirşahin Ağayev dövlətdən divident qazanmaq istəyirdi”.
Xatırladaq ki, ötən ilin avqustunda tanınmış teleaparıcı Mirşahin Ağayevin müəllifliyi ilə o vaxt həbsdə olan jurnalist Eynulla Fətullayevdən bəhs edən “Bədbəxt adam” filmi çəkilib. Filmdə E.Fətullayev çox ciddi tənqid olunub.
ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev E.Fətullayevin onun barəsində dedikləri fikirlərə münasibət bildirib. SalamNews-a açıqlamasında deyib ki, “Bədbəxt adam” filmi bütünlüklə Eynulla Fətullayevin siyasi fəaliyyəti və simasını əks etdirir.
“Mən Eynullaya görə çox heyfslənirəm, acıyıram və ona yazığım gəlir”, – deyən M.Ağayev bir zamanlar onun Eynulla Fətullayev adında çox ümidverici bir gənc jurnalist olduğunu söyləyib: “O vaxt Eynulla Fətullayevin perspektivinə bel bağlayırdım və inkişafı üçün əlimdən gələni edirdim. Tabeçiliyimdə olan onlarla jurnalistin içərisində hər zaman Eynullaya xüsusi münasibət bəsləyirdim. Ən azı ona görə ki, mən Eynullanın gələcəkdə dəqiq və vicdanlı jurnalist olacağına inanırdım. Çox təssüf ki, bu, baş vermədi. Buna görə də Eynulla Fətullayevə yazığım gəlir. Çünki Azərbaycanın bu cür güclü jurnalisti bir vaxtdan sonra avantüristin birinə çevrildi”.
Onun fikrincə, Eynulla Fətullayev Azərbaycanda yaşamaq və ANS TV-də çalışdığı dövrdə olduğu kimi hörmət yiyəsi olmaq istəyirsə, ən azı Xocalı cəmiyyətindən üzr istəməlidir: “Eynulla Fətullayev heç olmasa insanlar qarşısına çıxıb deməlidir ki, mən Xocalı haqda belə deməmişəm. Çünki azərbaycanlıların başına gətirilən ən dəhşətli soyqırım faktını elə Azərbaycan dövlətinin və Xalq Cəhbəsi batalyonunun üzərinə qoymaq kimi çox dəhşətli, riskli və lənətəlayiq hərəkətə yol vermək Eynulla Fətullayevi Azərbaycan cəmiyyəti qarşısında çox pis vəziyyətə qoyur”.
ANS şirkətlər qrupunun vitse-prezidenti “Bədbəxt adam” filminin hansısa hissəsinin təkzib edilməsinə hazırlaşmadığını vurğulayıb: “Kimsə bu filmin hansısa cümləsini təkzib etmək istəyirsə, mən onunla saatlarla oturub müzakirə etməyə hazıram. Mən bu filmin hər hansı hissəsini belə, dəyişmək niyyətində deyiləm. ”Bədbəxt adam” Eynulla Fətullayevə tam layiq və onun bütün siyasi addımları ilə bağlı kifayət qədər ciddi informasiyalara malik olan ekran əsəridir”.
“Mirşahin çəkdiyi filmi, oradakı iddialarını haqlı sayırsa, elə bunu birinci mənim özümə sübut eləsin. Cəsarəti çatırsa, onu debata çağırıram”. Bunu M.Ağayevin açıqlamasından sonra E.Fətullayev “Qafqazinfo”ya bildirib. Jurnalist deyib ki, Mirşahinin onun ittihamlarına cavabı absurddur: “Bu adam gec-tez üzr istəyəcək. Ancaq bunu nə qədər tez eləsə bir o qədər yaxşıdır. Qoy o, gəlsin, oturaq üz-üzə, gücü çatırsa, mənə sübut eləsin. Əgər sübut eləsə, mən onun dedikləri ilə razıyam, yox eləməsə…”
Mirşahin Ağayev isə bildirib ki, belə bir debata hazırdır: “Amma Eynulla Fətullayev Xocalı qətliamı ilə bağlı işlətdiyi ifadələrə görə Azərbaycan xalqı qarşısında üzr istəyib öz legitimliyini bərpa etsin. Ondan sonra onunla istənilən yerdə debatda iştirak edərəm”.