Neftin qiyməti endi, qızılın qiyməti isə rekord həddə çatır
“Standard and Poor’s” reytinq agentliyi tərəfindən ABŞ-ın kredit reytinqinin mənfi proqnozla “AAA”dan “AA+”ə salınması dünya bazarlarında iki həftə əvvəl başlamış kütləvi satışları gücləndirib.
“Amerikanın səsi” radiosunun xəbərinə görə, ABŞ-ın kredit reytinqinin aşağı salınmasından sonra keçirilən ilk hərraclarda bu ölkənin aparıcı fond indeksləri 5,4-6,9 faizə qədər azalıb. “Dow Jones” 5,42 faizə qədər azalaraq 2010-cu ilin oktyabr ayının səviyyəsinə düşüb. Geniş bazar indeksi “S&P 500″ 6,66 faiz, yüksək texnologiyalı şirkətlər indeksi ”NASDAQ” 6,9 faiz düşüb.
Səhmlərin bu cür çaxnaşma ilə satışı fonunda neftin qiyməti son 8 ay ərzində kəskin şəkildə ucuzlaşıb. Nyu-Yorkda neftin barreli həftə ərzində 7 faiz azalaraq 81 dollara düşüb. Qızıl isə rekord vurmaqda davam edir. Bir Troya unsiyasının qiyməti 4,25 faiz artaraq 1722 dollara çatıb.
Bu arada, ABŞ prezidenti Barak Obama bildirib ki, ölkəsinin kredit reytinqinin endirilməsi büdcə məsələsini yenə də aktuallaşdırır. Ağ ev rəhbəri “Standard & Poor”s reytinq şirkətinin ABŞ-ın kredit reytinqini endirməsi qərarıyla razılaşmadığını söyləyib. Obama əlavə edib ki, dünya bazarlarında ABŞ-ın ən yüksək reytinqə malik olduğuna inanır.
Informasiya şöbəsi


