Ədliyyə generalı çox sərt danışdı

Vidadi Mirkamal: “Korrupsiyanın başında ölkə başçısı durur”

 

“Bu mafioz strukturun əsas dayağı korrupsiyadır”

«Qorxunu atan şəxslərin ayağa qalxması və onları əzən zalımlara qarşı mübarizəsi çox amansız olacaq»

 

Azərbaycanda isti yayın hərarətini ictimai-siyasi proseslər bir qədər artırır. Ötən ilin sonlarında yaranan Ictimai Palatanın bu hərarətin artmasında müstəsna xidməti var. Bu birlik, onun qısa zamanda ətrafına böyük qüvvə toplaması hakimiyyətin çalxalanmasına gətirib çıxardı. Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, ədliyyə generalı Vidadi Mirkamalla bu qurumun fəaliyyəti, məqsədi, görəcəyi işlər, eyni zamanda ölkədəki ictimai-siyasi durumla bağlı suallarımıza cavab axtardıq.

– İctimai Palata yarananda ora seçkinin nəticəsindən narazı qalanlar toplaşdı. Lakin getdikcə IP-in həm sıraları, həm fəaliyyət dairəsi genişlənir. Bu fəaliyyət sizi qane edirmi?
– Uzunmüddətli məqsədə çatmaq üçün nə isə yaradanda əvvəl özülünü yaratmaq lazımdır. Ictimai Palata uzun müddət üçün nəzərdə tutulan məqsəddir. Bu məqsədə çatmaq üçün birinci nöbvədə onun strukturlarını formalaşdırmalıyıq. Qurum əvvəl seçkilərin nəticələrindən narazıların birliyi kimi yarandı. Bu, əslində vətəndaş cəmiyyətini, vətəndaş cəmiyyəti ilə siyasiləri birləşdirməlidir. Indiyə qədər siyasilər çox təşkilat yaratmışdı. Ancaq ötən dövr göstərdi ki, siyasilərin birliyi davamlı deyil. Bu birliklər müəyyən məqsədə çatmaq üçün yaradılır. Sonra da məqsədə çatmamış, yaxud çatandan sonra dağılırdı. Ona görə də qərara alındı ki, siyasilərlə vətəndaş cəmiyyətinin, ziyalıların birliyi olmalıdır. Bu mənada Ictimai Palata ideyası meydana gəldi. Əslində bu ideya cəmiyyətdə çoxdan vardı. 2000-2002-ci illərdə mənim də ideya müəlliflərindən biri olduğum “AMAL” ziyalı hərəkatı vardı. Orda məqsədimiz təkcə ziyalı cəmiyyəti yaratmaq deyildi. Məqsədimiz Xalq Məclisi yaratmaq idi. Bu ideya Ictimai Palata ideyasının bir az da geniş forması idi. Sadəcə ideya olaraq qaldı. Ictimai Palata ideyası meydana gələndə artıq mənə elə gəldi ki, Xalq Məclisi ideyasını burda reallaşdıra bilərik. Sonra da işin gedişində Ictimai Palatanın məram və məqsədləri artırıldı. Fəaliyyət dairəsi və sıraları genişləndi.

– Qurumun üzləşdiyi ciddi problem 2 aprel aksiyası zamanı 14 nəfərin həbs edilməsidir. Məhkəmənin gedişi, orada baş verənlər nədən xəbər verir? 
– Ictimai Palata üçün ən böyük problem hakimiyyəti mənimsəmiş insanlardır. Birinci məqsədimiz hakimiyyətdə olan insanları öz üzərlərinə düşən vəzifəni yerinə yetirməyə dəvət etməkdir. Iqtidarda olan insanlar elə bil yad  məmləkətə düşüblər. Kimin əlinə nə düşdü talayır. Bunlar korrupsiya, rüşvət üzərində qurulan bir sistemdir. Korrupsiya piramidasının başında dövlətin yüksək vəzifəli insanlarıdır. Əllərində bir silah var, deyirlər rüşvət hər yerdə var. Rüşvət bütün cəmiyyətlərdə ola bilər. Ancaq korrupsiya bu həddə deyil. Korrupsiyanın başında dövlətin ali şəxsləri durursa, həmin cəmiyyətdə demokratikləşmə, normal iqtisadi inkişafdan danışmaq mümkün deyil. O mənada ən böyük problemimiz bu hakimiyyətin yeritdiyi siyasət və gördüyü əməllərdir. Məqsədimiz budur ki, Azərbaycan yenilənsin. Biz yenilənmiş, demokratik Azərbaycan uğrunda mübarizə aparırıq. Mübarizə yolunda xeyli vasitələrimiz var. Onlardan biri bütün bunları insanların şüuruna yerləşdirməkdir ki, artıq belə yaşamaq olmaz. Buna qarşı mübarizə aparılmalıdır. Son vaxtlar Ictimai Palatada xeyli ictimai dinləmələr keçirilib. Çatdırmaq istəyirik ki, ay insanlar, hakimiyyətdə olanlar, baxın, vəziyyət belədir. Bunlar düzəlməsə, siz düzəlməyəcəksiniz. Buna baxılmayanda insanların sərbəst toplaşmaq azadlığının təmin olunması uğrunda mübarizə aparırıq. Insanlar bir yerə toplaşıb sözünü deməlidir. Normal cəmiyyətdə bəlkə də sərbəst toplaşmaq o qədər də əhəmiyyətli deyil. Çünki həmin qüvvələrin öz fikirlərini cəmiyyətə sərbəst çatdırmaq imkanları var. Televiziya kanalarından istifadə edə bilərlər. Azərbaycanda telekanalların hamısı hakim ailəyə məxsusdur. Telekanallarda ziyalılara tribuna verilmir, orada əxlaqsız insanların bir-biri ilə küsüşməsi-barışması haqqında saatlarla verilişlər gedir…
Ictimai Palatanın insanlarla təmas problemi var. Ona görə yeganə yol aksiyalardır. Yer verilmədiyindən insanlar razılaşdırılmayan aksiyalara çıxmaq məcburiyyətində qalır. Çıxanda da dövlət zor aparatını işə salır. 14 nəfərə qarşı 30 müstəntiq mübarizə aparır və bir fakt belə tapa bilmirlər. Iqtidarda vətəndaşa qarşı yönələn inadkarlıq əmələ gəlib. Biz ona qarşı mübarizə aparırıq. Ərəb ölkələrində bunun sonunun necə qurtardığını gördük. Sabah qisas üçün qalxan insanların qarşısını heç biz də ala bilməyəcəyik. Hakimiyyəti başa salmaq istəyirik ki, heç olmasa biz deyənləri edin. Yaxşı, biz hakimiyyəti istəmirik. Siz vəziyyəti dəyişin. Ancaq onlar inadkarlıq edirlər ki, biz oğurluğu davam etdirəcəyik, xalqı soyacağıq. Hakimiyyətdə olanlar başa düşməlidir ki, bunun axırı yoxdur. Onlar başa düşməlidir ki, ölkəni belə idarə etməzlər və ölkədə sabah çox böyük fəsadlar baş qaldıra bilər. Ictimai Palata onun üçündür ki, bu fəsadların miqyası, Azərbaycan dövlətinə dəyən ziyan azalsın. Ictima Palatanın aksiyası zamanı həbs olunanlar mətin durublar. Məhkəmə prosesində ortaya çoxlu fəsadlar çıxır. Əslində bu proses hakimiyyətin ifşasına yönələn bir proses olacaq. Ağlı başında olan hakimiyyət və məmurlar yol verməli deyildilər ki, boş maddə ilə tutulan insanlar hakimiyyəti ifşa etsin. Avropa Insan Haqları Məhkəməsi o proseslərə baxmağa başlayıb. Hakimiyyətin binamus və biqeyrət təmsilçiləri var ki, onlar Azərbaycanın beynəlxalq aləmdə tamamilə biabır olmasına imkan verir. Ziyalı kimi bütün bunlar məni ağrıdır.

“Məhkəmələr hakimiyyətin simasını göstərdi”

– Siz bildirmisiniz ki, hakimiyyət belə məhkəmə şouları qurmaqla küçələrə çıxmaq istəyən insanları qorxutmaq məqsədi güdür. Bu təzyiq nəticə verə bilərmi?
– Makiavellinin bir sözü var. Deyir ki, qorxuya söykənən hakimiyyət daha davamlı olur, nəinki məhəbbətə söykənən hakimiyyət. Ancaq bu fikri səhv sayıram. Tarix də göstərir ki, qorxudan müəyyən dövr istifadə etmək olar. Cəmiyyəti müəyyən dövr qorxu altında saxlamaq olar. Ölkənin doxsan faizi hakimiyyətdən narazıdır və burda yaşamaq istəmir. Ziyalıların tam əksəriyyəti, insanları döyən polis də hakimiyyətdən narazıdır. Inqilabi situasiya nə vaxt yaranır; yuxarılar artıq köhnə qaydada idarə edə bilmirlər, aşağılar da köhnə qayda ilə yaşamaq istəmirlər. Azərbaycanda artıq bu situasiyanın elementləri meydandadır. Indi elə dövr gəlib ki, insanlar qorxu sindromunu özlərindən atırlar. Artıq kiminsə tutulması heç kəsi qorxutmur. Sabah qorxunu atan şəxslərin ayağa qalxması və onları əzən zalımlara, korrupsionerlərə qarşı mübarizəsi son dərəcə amansız olacaq. O, artıq siyasi mübarizə olmayacaq. Biz onun qarşısını almaq istəyirik. Məhkəmələr insanları qorxutmağa xidmət etmir. Əksinə, insanlara hakimiyyətin əsas simasını göstərir.

“Ölkədə qanunsuzluqların sayı artıb”

– Fuad Ələsgərov deyib ki, məhkəməyə müraciətlərin sayı artıb. Bu da məhkəmə sistemindəki islahatların nəticəsidir. Sizcə, bunun səbəbi məhkəməyə inamın artması, yoxsa insanların problemlərinin çoxalmasıdır?
– Bu sualda cavab da var. Məhkəmələrə müraciətlərin artması onlara hörmətin nəticəsi deyil. Insanların alternativ müraciət etməyə yeri olsa, ora gedərlər. Bir çox ölkələrdə alternativ məhkəmə orqanları var. Əgər bu insanlar mübahisələri ədalətlə həll edən qurumun olduğunu bilsə, ora müraciət edərlər. Əmlakı dağıdılan, mənimsənilən şəxsin məhkəməyə getməkdən başqa çarəsi varmı? Məhkəmədə işlərin sayı artıbsa, onda camaatın ictimai və şüuru dirçəlib. Bir çox ölkələrdə bu şüur çox yüksəkdir. Onlar hər bir şeyi məhkəmə yolu ilə almağı bacarırlar. Azərbaycanda bu faktorlar yoxdur. Onda ortaya ikinci məsələ çıxır. Deməli, qanunsuzluqların sayı artıb. Artıq hakimiyyəti o dərəcədə müflis vəziyyətə salıb ki, insanlar, hətta bu yarıtmaz məhkəmələrin yolu ilə haqlarını almaq istəyirlər. O da olmasa, heç olmasa Avropa Məhkəməsində nəyəsə nail olsunlar.

“Korrupsiyanın başında ölkə başçısı, onun ailəsi durur”

– Hökumət bir neçə ay əvvəl korrupsiyaya qarşı mübarizəyə başladığını elan etmişdi. Ancaq 5-10 xırda məmurun həbsi ilə işlərini bitmiş bildilər. Bu  istiqamətdə aparılan işləri yetərli hesab etmək olarmı?
– Azərbaycanda heç vaxt korrupsiyaya qarşı mübarizə olmayıb. Çünki ölkədə korrupsiyanın mənasını açmırlar. Aparılan işlər də korrupsiyaya qarşı mübarizə deyildi. Korrupsiya böyük bir şəbəkədir və onun başında ölkə başçısı, onun ailəsi durur. Korrupsiyanın müəyyən elementləri var. Bunlar rüşvət, monopoliyadır. Gör, ölkə nə dərəcə, korrupsiyaya uğrayıb ki, prezident deyir, rüşvəti məhdudlaşdırın. Əgər korrupsiyaya qarşı mübarizə aparılırsa, korrupsiyaya qarşı mübarizə komissiyasından başlamaq lazımdır. Həmin komissiyanın üzvləri hakimiyyətdən uzaqlaşdırılsa və əmlakından məhrum edilsə, Azərbaycanda bir gecəyə yetmiş faiz korrupsiya aradan qalxar. Ancaq bu, baş vermədi. Sadəcə olaraq, insanlarla təmasda olan orqanlara tapşırılıb ki, hələlik rüşvət almayın. Ondan sonra hakimlər, xeyli məmurlar işdən uzaqlaşmaq istəyirdi. Çünki maaşla işləmək onlara sərf eləmir. Deməli, haram əsaslarla qurulmuş bu mafioz strukturun əsas dayağı korrupsiyadır. Rüşvətin məhdudlaşdırılması ölkədə siyasi, iqtisadi sistemi sarsıdır. Bunların qurduğu bu sistemdə korrupsiya və rüşvət olmasa, bu halda bu sistem çökə bilər.

“Əliyev istəsə, lap Qəzzafiyə də pul verə bilər”

– Son günlər cəmiyyətin diqqətini cəlb edən başqa bir məsələ Belarusa cüzi faizlə 300 mln. dollar kredit verilməsidir. Bəziləri bunu “avtoritar həmrəyliyi” kimi qiymətləndirir.
– Bu, bir səbəbdir. Digər tərəfdən, Azərbaycan demokratik, şəffaf dövlət olsaydı, birinci növbədə Belurus prezidenti ona müraciət etməzdi. Ikincisi, ölkə başçısı insanlarla məsləhətləşməmiş ölkənin vəsaitlərini tiran kimi tanınan şəxsə verməzdi. Ölkədə ictimai fikrin müəyyən əhəmiyyəti olsaydı, dövlət bunu edə bilməzdi. Bu onun göstəricisidir ki, Azərbaycanda hakimiyyət xalqı saymır, ziyalılarla hesablaşmır. Ikincisi də, hakimiyyət vətəndaş cəmiyyətini ölü vəziyyətə salıb. Avtoritar rejim rəhbərinə bizim hesabımızdan xeyli vəsait verilir. Lakin cəmiyyətdə müqavimət yoxdur. 300 milyonu Ziya Məmmədov kimi quldurlar bir-iki ay ərzində yolda mənimsəyirlər. Azərbaycan varlı dövlətdir, ancaq vətəndaşları dilənçi halına salınıb. Azərbaycan xalqı layiq olduğu həyatı yaşamır. Sabah Lukaşenkoya da pul verə bilər, lap istəsə Qəzzafiyə də. Ölkədə müqavimət olmayanda, hakimiyyət hər şeyə qadirdi.

“Azərbaycan PKK-nın ikinci bazasına çevrilib”

– Ərdoğanın Azərbaycana səfəri zamanı Ilham Əliyev şifahi şəkildə PKK-nı terror təşkilatı kimi tanıdığını dedi. Bu, dövlətin rəsmi mövqeyi sayıla bilərmi və məsələ niyə qanun halına salınmır?
– Mətbuat PKK-nın Azərbaycandakı dayaqları barədə məlumat verib. O şəxslərin harada yerləşməsi barədə məlumatlar var. Əgər Göygöl, Samux istiqamətində meşələrə baxsanız, görərsiniz ki, PKK nələrə qadirdir. Azərbaycan PKK-nın ikinci bazasına çevrilib. Hakimiyyətdə onlardan kimlərin olduğunu da hamı bilir. Monopoliyanı əlində saxlayan, rüşvətin birinci mənbəyi olan həmin şəxslərdir ki, onlar da çox güman həmin mənbədən PKK-nı maliyyələşdirir. O mənada əgər bir millət iki dövlətiksə, onda başqa hadisələr baş verməli idi. Həmin şəxslərə imkan verilməməli idi ki, onlar geniş şəbəkə yaratsınlar. Ikincisi də, əgər PKK-nı Azərbaycan həqiqətən də terror təşkilatı kimi tanıyırsa, onda Milli Məclis qanun qəbul etməli, həmin qanunda bəndlər göstərilməlidir. PKK-nın emblemlərini gəzdirən, onu təbliğ edən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Prezident bəyanatı havaya tulladı, getdi. Bu vaxta qədər nə qədər bəyanat verib. Heç biri icra olunmayıb. Prezidentin bəyanatı hər hansı qanunla tənzimlənməyəcəksə, o, bəyanatdan o yana getməyəcək.

Fizzə Heydərli