“2 aprel”in şahidləri istintaqı və özlərini rüsvay etdi

Sahib Kərimovun üzünə duran şəxs marixuana çəkdiyini etiraf etdi (FOTOLAR)

Mitinq məhbusundan yalançı və üzəduran şahidlərə mesaj: «Kişi kimi yaşamağı öyrənin!»

Ictimai Palatanın 2 aprel mitinqinə görə həbs edilənlərdən 6-sının işi üzrə məhkəmə prosesi dünən də Səbail Rayon Məhkəməsində davam etdirildi. Dünənki məhkəmə iclasında şahid və zərərçəkmiş qismində tanınan şəxslər dindirildi. Ilk ifadə verənsə Şahnisə Məmmədova adlı zərərçəkmişin nümayəndəsi Nəbiyev Həbib Aydın oğlu oldu. Özü haqda məlumatda o, 234 nömrəli marşrut avtobusunda sürücü, eyni zamanda, Şahnisə Məmmədovanın briqadiri olduğunu göstərdi.

“Stukaç”

Həbib Nəbiyev dedi ki, mitinq günü Azadlıq meydanının yaxınlığında tıxaca düşüb. Ümumiyyətlə, 234 nömrəli marşrutun 18 avtobusundan dördü tıxaca görə 25 dəqiqə hərəkət etməyib. Bununla da o, gündəlik planın 25 manatından məhrum olub, Şahnisə Məmmədovaya isə həmin gün ümumilikdə 850 manat ziyan dəyib.
Nümayəndənin sərbəst ifadəsindən sonra vəkillərin sualı başladı. Vəkillərdən biri Həbib Nəbiyevdən soruşdu ki, o, briqadir kimi hansı vəzifələri icra edir. Onun cavabı belə oldu:
– Məsələn, bir sürücü zəng edir, deyir ki, avtobusun filan yeri xarab olub, mən də gedib baxıram, gəlib deyirəm ki, yalan deyir, ya nəsə. Mən hamıyla maraqlanıb arvada deyirəm.
Bu cavabdan sonra vəkil belə bir dəqiqləşdirici sual verdi:
– Məgər sən “stukaç”san?
Həbibin eyni ifadəni vəkil barəsində səsləndirməsi məhkəmə zalında gərginlik yaratdı.

Şahid dolaşır, prokuror dada çatır

Vəkil Yavər Hüseyn şahiddən soruşdu ki, “elementar hesablamaya görə, 4 avtobus tıxacda qalıbsa və onların hərəsi 20-25 manat plandan kəsirli qalıbsa, o zaman hansı səbəbdən aksiyaçılardan 850 manat kompensasiya istənilir?”
Şahidin bu sual qarşısında aciz qaldığını görən prokuror onun dadına çatdı. Dövlət ittihamçısı Vüqar Hacıyev müdaxilə edərək dedi ki, Şahnisə Məmmədovanın təkcə dörd avtobusu tıxaca düşməyib.
Prokurorun bu müdaxiləsi növbəti dəfə zalda gərginlik yaratdı. Vəkil Ilqar Musayev bildirdi ki, mülki iddiaçılar qala-qala dövlət ittihamçısının canfəşanlıq etməsi onun təqsirləndirilən şəxslərə qarşı qərəzindən xəbər verir.
Prokuror isə özünə bəraət qazandırmaq üçün dedi ki, Həbib Nəbiyev məhkəmədəki ifadəsində Şahnisə Məmmədovanın başqa marşrutları da olduğunu deyib.
Mübahisəyə son qoymaq üçün məhkəmə şahidin az əvvəl verdiyi ifadəni protokoldan elan etdi. Bəlli oldu ki, prokuror haqsızdır, Şahnisə Məmmədovanın 234 nömrəli marşrutdan başqa marşrutu olması barədə şahid heç nə deməyib.

Prokurora etirazlar

Prokurorun qərəzli mövqeyinə mitinq dustağı Babək Həsənovdan sərt reaksiya gəldi. Babək dövlət ittihamçısına etirazını bildirdi. Hətta dövlət ittihamçısının ünvanına söylədiyi fikirlərə görə hakim onu 20 dəqiqəlik zaldan çıxartdı.
Digər təqsirləndirilən Zülfüqar Eyvazov da prokuror Vüqar Hacıyevin məhkəmədə özünü qeyri-korrekt və qərəzli aparmasına etirazını bildirdi. Lakin məhkəmə onların heç birinin vəsatətini təmin etmədi.
Ümumiyyətlə, məhkəmə prosesi boyunca dövlət ittihamçısı gərginlik katalizatoru olaraq qaldı, o, gah yerindən danışır, gah da vəkillərin sözünü kəsirdi.

“Pul mənə yox, arvada lazımdır”


Həbib Nəbiyevə növbəti sualı mitinq dustağı, AXCP sədrinin müşaviri Sahib Kərimov verdi:
– Tıxac niyə yaranmışdı?
– Maşınlar yaratmışdı…
– Sən o tıxacda bizim hansısa birimizi görmüsən?
– Yox görməmişəm.
– Bəs görmədiyin adamlardan niyə pul istəyirsən ki?
– Mən pul istəyirəm ki? Mənə pul lazım deyil, pulu arvad istəyir.. O, mənə dedi ki, get məhkəməyə, mən də gəldim.
Həbib Nəbiyevin ifadəsində səsləndirdiyi “ağ yalan” isə “Bakıda cəmi bir dəfə tıxac gördüyünü” deməsi oldu. O, hamının üzünə durdu ki, hətta paytaxtda dövlət əhəmiyyətli tədbirlər keçiriləndə də şəhərdə tıxac yaranmır.

Yıxılan, yoxsa ev yıxan?

Şahid Esmira Məmmədova isə məhkəmədə ifadəsində dedi ki, aksiya günü (amma aksiyanın tarixini soruşsalar da, deyə bilmədi) rəfiqəsi Nərmin Mustafayeva və oğlu ilə Fəvvarələr meydanındakı “Mc Donalds”a gedirmiş. Yolda aksiyaçılar onları itələyib yıxıblar. Yıxılan zaman onun qolu sıyrılıb və böyrü əzilib.
Esmira dedi ki, mitinq iştirakçıları onu yıxdıqlarına görə ertəsi gün Səbail Rayon Polis Idarəsinə gedərək şikayət ərizəsi yazıb. Ancaq xəsarətlərini müəyyən etmək üçün onu heç bir ekspertizadan keçirməyiblər.
Vəkillərin sualları və istintaqa verdiyi ifadənin elan edilməsi Esmira Məmmədovanı pərt vəziyyətə saldı. Məsələn, bəlli oldu ki, o, Səbail Rayon Polis Idarəsində 3 apreldə yox, 5 apreldə olub. Iş materiallarının içində isə onun heç  bir şikayət ərizəsi yoxdur.
Bu məqamda vəkil Yavər Hüseyn dedi ki, ifadə verən şahid polisin qeyri-rəsmi əməkdaşlarındandır, onun dedikləri mötəbər sayılmamalıdır.

“Bir də bura gəlməyəcəyəm”

Əslən Şəkidən olan və “Sahil” metrostansiyası yaxınlığında kontur, lotoreya satışı ilə məşul olan Kamran Əliyevin məhkəməyə şahid kimi dəvət edilməsi mitinq məhbuslarını əsəbiləşdirən məqamlardan oldu. Çünki onun cəmi üç cümlədən ibarət və heç bir önəm daşımayan ifadəsi vardı: “Sahil” metrosunun yanındaydım. Gördüm ki, bir qrup adam “Azadlıq!”, “Istefa!” deyib getdi. Sonra eşitdim ki, mitinqdə şüşələr qırılıb”.
Kamran Əliyevin bu lakonik ifadəsi demək olar ki, sual da yaratmadı. O, gedərkən üzünü məhkəməyə tutdu: “Məni bir də çağırmayın, bir də bura gəlməyəcəyəm”.

Günorta vaxtı planın heç 20 faizi də yığılmır


234 nömrəli marşrut avtobusunun sürücüsü Əliyev Bəhruz da şahid idi. O, ifadəsində heç bir mitinq və ya aksiyaçı görmədiyini dedi. Bəhruz yarım saata qədər tıxacda qaldığını desə də, Bakıda bu kimi halların qeyri-adi olmadığını vurğuladı:
– Elə olur ki, 2-3 saat tıxacda qalırıq. Hər həftə belə iş başımıza gəlir.
Zərərçəkənlərin 25-30 dəqiqəlik tıxaca görə az qala, gündəlik planın yarısını aksiya iştirakçılarının üzərinə qoymasına dair iddianı Bərhuz Əliyev dolayısıyla darmadağın etdi. O, tıxaca günorta düşdüyünü bildirərək, günün bu hissəsində sərnişinlərin az olduğunu, əsas pul kütləsinin səhər və axşam saatlarında toplandığını qeyd etdi.

Gülüş və gülünc vəziyyət

Gərgin məhkəmə aurasını Babək Həsənovun üzünə duran Hilal adlı şahid yaratdı. Heç bir əlifba ilə oxumağı-yazmağı bacarmayan bu şəxs məhkəmə önündə normal dayana bilmir, hakimə, məhbuslara baxıb gülürdü. Onun bu səbəbsiz gülüşü hər kəsə sirayət etdi. Hakimin “nəyə gülürsən?” sualına Hilal yenə gülüşlə reaksiya verəndə bu dəfə hakim özü də gülməyə başladı.
Hilal məhkəmə önündə demək olar ki, normal yarım cümlə də qura bilmədi. Bu fakta replika kimi Babək Həsənov soruşdu ki, “bəs necə olub ki, o, istintaqa ifadəsində sözləri muncuq kimi düzüb?”
Şahidlərin əksəriyyətinin oxuyub-yazmağı bacarmamağına ilk reaksiya Zülfüqar Eyvazovdan gəldi. O, Hilalın gülməsini istintaqın gülünc durumu ilə izah etdi. Zülfüqarov dedi ki, istintaq əziyyət çəkib məhkəməyə normal ifadə verən şahidlər cəlb etməliydi.

Ziddiyyət

Sahib Kərimovun üzünə duran Azad Ağayev də dünən şahid kimi ifadə verdi. O, mitinq günü Sahib Kərimovun avtobusun şüşəsinə yumruq vurduğunu iddia etdi. Bundan başqa, o, mitinqdə heç bir zorakılıq, dağıtma, sındırma halları görmədiyini də ifadəsinə əlavə etdi.
Şahidin istintaqa verdiyi ifadə elan olunanda kəskin ziddiyyət ortaya çıxdı. Istintaqdakı ifadəsində Ağayev bildirib ki, guya, aksiyaçılar avtobusu aşırmaq istəyib, onlar bir limon satanı təhqir edib və s.
Məhkəmədə isə Azad Ağayev bu ifadəni təkzib etdi. Onun dediyindən belə anlaşıldı ki, həmin fikirləri müstəntiq yazıb:
– Mən üzləşmədə də dedim ki, avtobusu aşırmaq istədiklərini bilmirəm, limon satanın da təhqir edildiyini görməmişəm.
Şahidin şəxsiyyəti ilə bağlı suallar maraqlı məqamları üzə çıxardı. O, 1993-cü ildə narkotik istifadəsinə görə həbsə düşdüyünü etiraf etdi. Narkotikə qurşanmasının səbəbini isə belə izah etdi:
– Mən marixuanadan istifadə etmişəm. O da təbii bir müalicəvi otdur, arada qəmkeşlik üçün çəkirdim.

Bu mesajı siz də oxuyun…

Şahidlərin istintaqa ifadələrilə məhkəmədə söylədikləri arasındakı ziddiyyətlərə Sahib Kərimov qısa çıxışla münasibət bildirdi:
– Istintaqın bu hərəkəti qeyri-peşəkarlıq və qərəzlə yanaşı, daha ciddi bir məqsəd daşıyır. Hakimiyyət cəmiyyətə diqtə etməyə, mesaj ötürməyə çalışır ki, hətta üzünə ağıllı-başlı adam durmasa belə, istənilən şəxsi həbsə yollaya biləcək.

“10 manata görə polisə şikayət etmişəm”

Şahid Ayaz Ələsgərovun məhkəmədəki ifadəsi isə lap kulminasiya oldu. O dedi ki, mitinq günü tıxac olub və buna görə 10 manat ziyana düşüb, balalarının yanına əliboş gedib.
Şahid bildirdi ki, 2 apreldə nəinki zorakılıq görüb, ümumiyyətlə, heç bir aksiyaya rast gəlməyib, sadəcə, eşidib ki, belə bir hadisə olub.
Şahidin 10 manat ziyana düşdüyünü təkrarlaması məhbusları hövsələdən çıxardı. Arif Alışlı:
– Sənin o 10 manatına görə 6 nəfər dörd aydır həbsdə yatır. Bir gün balalarının yanına əliaşağı getdiyini deyirsən, ancaq biz 4 aydır evimizə bir qəpik də apara bilmirik, ölmürük ki? Kişi kimi yaşamağı öyrənin. Pulunu ödəyək, əl çək bizdən.
Babək Həsənovun isə şahidə belə bir sualı oldu:
– Hərbi parad keçiriləndə yollar bir həftə bağlı oldu, buna görə ziyana düşmədiniz?
– Yox.
Şahid, daha bir maraqlı fikri də oldu. Dediyindən belə anlaşıldı ki, o, həyatında 10 manata görə bir neçə dəfə polisə şikayət edib.

Sürücülər çarəsiz durumda

“3 saylı Avtonəqliyyat” MMC-nin sürücüsü şahid Vilayət Həsənovun da ifadəsi konkret oldu:
– Demək olar ki, mən heç nə görməmişəm. 20 dəqiqə tıxacda qaldım, 20 manat kəsirim oldu.
Şahid onu da bildirdi ki, onu ifadə verməyə qarajdan rəhbərlik məcbur edib.
Sürücü dedi ki, 2 apreldən əvvəl də dəfələrlə tıxacda olub, ancaq buna görə heç vaxt şikayət verməyiblər.
Daha iki sürücü də eyni məzmunlu ifadə verdi.

Sahib Kərimovun qürur duyduğu an

Dünənki məhkəmə iclasının sonunda Elşən Həsənovun üzünə duran Səbail rayonu Su Idarəsində növbətçi maşinist işləyən Seyfəddin Bağırov oldu. Oxuyub-yazmağı bacarmayan Seyfəddin Bağırov polislərlə dost olduğunu, onlarla tez-tez çay içdiyini də açıqladı. Vəkillər bu şəxsin də polisin agenti olduğunu iddia etdilər.
Seyfəddin Bağırovun ifadəsinə Sahib Kərimov qısa çıxışla reaksiya verdi:
– Mən bu millətin sabahının işıqlı olacağına inanıram. Ona görə ki, 9 milyonluq xalqın içindən bir nəfər də normal ağlı, mühakiməsi olan şəxs bizim üzümüzə durmadı. Bu adamlar kimlərdir? Cəmiyyətin alt təbəqəsi, evində, elində nüfuzu olmayanlar… Mən bu millətin uğrunda mübarizə apardığıma görə bir daha qürur duydum.
Beləliklə, istintaqın məhkəməyə təqdim etdiyi siyahıdakı şahidlərin dindirilməsi başa çatdı.
Məhkəmə prosesi avqustun 15-də davam etdiriləcək.

Natiq