Sabir Rüstəmxanlıya qarşı sərt ittihamlar

Deputat İran kəşfiyyatı ilə əlaqədə suçlandı

Dünya Azərbaycanlıları Konqresinin (DAK) daxilində qarşıdurma davam edir. Bu dəfə DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli Sabir Rüstəmxanlının ünvanına kəskin ittihamlar səsləndirib.
O bildirib ki, DAK-ın 11-ci qurultayında Sabir Rüstəmxanlının qurumda nüfuzunu itirdiyi aydın olub. O, bunu Idarə Heyətinə üzv seçkilərində Sabir Rüstəmxanlının ən az toplayanlardan biri olması ilə izah edib. Səftər Rəhimli deyib ki, DAK-ın daxilində dedi-qodu məhz qurumun 11-ci qurultayından sonra başlayıb ki, bunun da başında Sabir Rüstəmxanlı ilə Əjdər Tağızadə dayanır.
Səftər Rəhimli bildirib ki, Sabir Rüstəmxanlı DAK-ı ailə qurumuna çevirib. O, həmçinin dolayısı ilə Sabir Rüstəmxanlının Irana bağlı şəxs olduğunu deyib. “Sabir Rüstəmxanlı istədiyi vaxt Iran səfirliyinə görüşə gedir,  istədiyi vaxt Iran kəşfiyyatçılarının da olduğu ehtimal edilən görüşlərdə təmsil oluna bilir”, – deyə Səftər Rəhimli vurğulayıb.