Mənə görə son günlərin ən önəmli hadisəsi ABŞ prezidenti Barak Obamanın verdiyi fərman oldu.
Yeni fərman despotik rejimlərə vurulacaq ən ölümcül zərbə kimi qiymətləndirilir. Fərmana əsasən insan haqlarını pozan dövlət xadimlərinin siyahısı hazırlanacaq və onların ABŞ-a girişi yasaqlanacaq. Fərmanda deyilir ki, öz ölkələrində insan haqlarını pozan, insanları mənsub olduqları sosial qruplara, dinə, irqə, təşkilata görə təqib edən, hərbi cinayətlərdə əli olan və mülki əhaliyə qarşı kütləvi zorakılıqlara görə məsuliyyət daşıyan rəsmilərin bundan sonra ABŞ-a girişi qadağan edilir.
Indi çəkinmədən demək olar ki, antidemokratik rejimlərin əzdiyi bütün xalqların qulağı, gözü bundan sonra Obamada, ABŞ-da olacaq. Zənnimcə, bu fərmanıyla ABŞ prezidenti özünü son dərəcə çətin, psixoloji cəhətdən həssas, məsuliyyətli duruma salıb. Sanki öz-özünü imtahan qarşısında qoyub, bu imtahandan necə çıxmaq da yalnız ondan, onun idarəçiliyindən, sözünün bütövlüyündən, onun dövlətinin əslində hansı prinsipləri prioritet hesab etməsindən bir başa asılıdır.Bu, yerli hakimiyyətlərin basqısına uğrayan xalqların arzusudu. Elə xalqlar var, artıq yarım əsrə yaxındır ki, super dövlətlərdən yalançı bəyanatları bir kənara atıb belə əməli, oynamağa yer qoymayan qərarın qəbul edilməsini gözləyirlər. Öz ölkələrindəki ictimai-siyasi həyatı qapalı cəhənnəmə çevirən antibəşəri rejim rəhbərləri, avtoritar liderlər, diktatura yolu tutan siyasi, hərbi rəhbərlər çətinlik çəkmədən dünyanı hərlənəndə, getdikləri demokratik dövlətlərdə ehtiramla qarşılananda bu, əlbəttə ki, yaralı xalqların ürəyinə daha bir xəncər saplayır, adını demokratik qoyan dövlətlərin əslində iqtisadi mənafe düşkünündən başqa biri olmadığını ortaya qoyur və dünyada ədalətin olduğuna ümidləri yerli-dibli məhv edir. Bunun özü bir cinayətdir və əminəm ki, nə vaxtsa cinayət məcəllələrində bu tip – insanlarda kütləvi ümidsizlik və inamsızlıq hissi yaratmaq, mənəviyyatı deqradasiyaya uğratmaq, insanı insanın gözündən salmaq, gözəllik duyğusunu öldürmək, mədəniyyəti, mədəni xadimləri antixalq rejimlərin məddahına, köləsinə çevirmək və s. kimi əməllərə görə məsuliyyət nəzərdə tutulacaq, o cür yarımallahların qara siyahısı hazırlanacaq və praktik şəkildə qınağa məruz qoyularaq köklərinin kəsilməsinə start veriləcək.
Bəli, indi bütün əzilən xalqlar səbirsizliklə gözləməyə başlayacaq. Hamı gözləyəcək ki, görəsən onun ölkəsinin allahlıq iddiasında olan zalım, korrupsioner, hakimiyyətdən dördəlli yapışan, taxt-taca ata mülkü kimi baxan, xalqla şəxsi köləsi kimi davranan xadimlər bu fərmandan irəli gələn qara siyahıya salınacaq, ya yox. Hər belə xalq öz “liderinin” bu siyahıda yer almasını cani-dildən istəyir. Yox, əgər ABŞ bu dəfə də hansısa iqtisadi, siyasi maraqlarını əsas götürüb demokratiyanı birinci dərəcəli şərt kimi qəbul etməyərək kimlərisə siyahıya salmayacaqsa, onda əminliklə demək olar ki, ABŞ dövləti, onun prezidenti Barak Obama biryolluq gözdən düşəcək və artıq bu gözdən düşmüş imici düzəltmək bir də ABŞ-ın heç bir prezidentinə nəsib olmayacaq.
Indi Azərbaycan xalqı da öz rəhbərlərini düşünür. Bu xalqın rəhbəri onun hüquqlarını pozubmu? Ölkənin özündə bu sualın cavabı birmənalı olmaya da bilər. Lakin həmin fərmanı verən superdövlətin özünün saysız-hesabsız bəyanatlarında, müxtəlif indekslər üzrə hesabatlarda Azərbaycan dövlətinin rəhbəri, başqa iri nazir-oliqarxlar fərmanda sadalanan ən azı bir neçə parametr üzrə kəskin tənqidlərə məruz qalıblar. Nəticənin necə olacağı məlum deyil. Məlum olan bircə budur ki, bizim xalq verilən kişi sözünə çox həssasdı. Gözləyək, görək nə olur…