Siyasi hakimiyyətə gəldiyi ilk illərdən Ilham Əliyevin ritorikasında müxalifət mövzusu xüsusi yer tuturdu. Çıxışlarında müxalifətin naftalin iyi verdiyini bəyan edir və açıq şəkildə deyirdi ki, tezliklə Azərbaycanda müxalifət olmayacaq. Zatən bundan sonra şanlı iqtidarımız ölkəmizdə müxalifətin olmaması üçün daha çox iş görməyə başladı. Repressiyalar, həbslər, ayrı-seçkiliklər, min bir üsulla təzyiqlər davam etdi, bir tərəfdən də kimlərisə satın almağa başladılar. Pul ki çoxdur. Düzdür, müxalifəti tam yox etmək mümkün olmadı, cib müxalifəti yaratmaq cəhdi də iflasa uğradı, amma bütün hallarda həqiqi müxalifətin fəaliyyəti kifayət qədər boğuldu.
Bu hal Azərbaycan hakimiyyətini təntənə ovqatına soxdu və daha çox özbaşınalıq etməyə sövq etdi. Qanunsuzluqları davam etdirməkdə, ölkənin talan edilməsində onun arxayınçılığı artdı. Istədiklərini istədikləri kimi etməyə başladılar. Səbəb eyni idi. Səbəb Ilham Əliyevin müxalifətlə bağlı ritorikasına söykənirdi: müxalifət əzilibsə, ondan təhlükə yoxdursa, deməli, nə istəsən etmək olar.
Lakin zaman göstərdi ki, Ilham Əliyev ritorikasında ciddi şəkildə yanılır. Ərəb ölkələrinin təcrübəsi də göstərdi ki, xalqın narazılığı qorxularını üstələyəndə kütlələr müxalifətsiz də hakimiyyətin üzərinə gedir. Müxalifətsiz də hakimiyyətlər dəyişilir. Hətta deyəsən, arada bizim hakimiyyət də bunu dərk etməyə başlamışdı. Dərhal xalqa yönəlik addımlar atmağa başladılar. Korrupsiyaya qarşı böyük bir kampaniya başladı. Açıqca göründü ki, hakimiyyət xalqın narazılığını yatırmaq üçün ciddi addımlar atmağa çalışır. Bu, yeganə doğru yol idi. Çünki müxalifəti boğmaq bu hakimiyyəti təhlükədən xilas etmirdi, narazı xalq həmişə müxalifət deməkdir – gözlənilən və gözlənilməz müxalifət!
Maraqlıdır ki, ərəb inqilablarının küləkləri Bakıya çatandan sonra xeyli bədbinləşərək, müəyyən islahat görüntüləri yaratmağa çalışan, xalqı razı salmaq üçün tədbirlər görməyə başlayan Azərbaycan hakimiyyəti sonradan köhnə mərəzinə qayıtdı. Yenidən özünü arxayın aparmağa başladı. Ictimai Palatanın 17 aprel mitinqindən sonra YAP-çılar hər şeyi yoluna qoymuş kimi davranmağa başladılar. Hətta korrupsiya ilə mübarizə kampaniyası dayandı. Paket maaşlar yenidən paylanır. Rüşvətin miqdarı doğrudan da əvvəlkini ötüb…
Yəni, hakimiyyət təzədən Ilham Əliyevin köhnə ritorikasına qayıdıb: müxalifətdən təhlükə yoxdursa, deməli, hər şey yaxşıdır. Mən qəti əminəm ki, xalqı aldatmaqdan yorulmayan bu rejim artıq özünü aldadır. Ilham Əliyev unudur ki, ölkədəki vəziyyətin getdikcə daha çox çirkaba bürünməsi iqtidarı daha pis nəticələrə doğru aparır. Zorla qarşısı alınmış narazılıqlar qarşıdakı dönəmdə, həm də heç kimin gözləmədiyi bir vaxtda Kür daşqını effekti verəcək. Istənilən kiçik bir vəsilə bu daşqına yol aça bilər. Ağıla gəlməyən kiçik bir hadisə də. Hakimiyyət arxayınlaşmaqla, ölkədəki vəziyyətə, xalqın tələblərinə üz çevirməklə özünü tələyə salır.
Məsələ ondadır ki, ölkədə ictimai-mənəvi durum daha da pisləşir. Özbaşınalıqlar, korrupsiya, rüşvət daha da artır. Deməli, Azərbaycanda ziddiyyətlər və narazılıqlar daha da güclənir. Bunun qarşısını almaq mümkün olmayacaq. Ilham Əliyev isə müxalifətlə bağlı ritorikasına aldanmaqda davam edir. Guya müxalifəti sıxışdırmaqla hakimiyyəti qorumaq həmişə mümkün olacaq. Halbuki bütün dünyada xalqdan dayağı olmayan bütün iqtidarların hamısından, artıq naftalin iyi gəlir.