kiv-df

Igidin ən yaxun dostu – at

Burada atlarla dostluq eramızdan əvvəl başlanıb

Bu torpaqlarda atçılığın tarixi çox qədim zamanlara gedib çıxır. Tarix boyu yaşadığımız ərazilərdə gedən savaşlarda  at döyüşçünün ən güclü silahı və ən sadiq dostu sayılmışdır. Təsadüfi deyil ki, xalq dastanlarının böyük əksəriyyətində qəhrəmanların yaxın “silahdaşı” olan at obrazlaşdırılır. Koroğlunu Qıratsız, Qaçaq Nəbini Bozatsız necə təsəvvür etmək olar ki…

Əsrlər öncə Herodot yazır ki, Midiyada Nise adlanan geniş bir vadi var və burada çox şahanə atlar saxlayırlar. Qədim Albaniyada da atçılıq inkişaf etmişdir. Midiyalılar və albanlar atdan orduda və təsərrüfat işlərində geniş istifadə etmişlər.

Tapılan arxeoloji materiallar söyləməyə əsas verir ki, hələ Tunc dövrünün son mərhələsində Azərbaycanın ərazisində yaşayan insanlar burada atları yəhərləmiş, onları özləri üçün etibarlı dost saymışlar. Akademik B.A. Kaufman respublikamızın ərazisindən tapılan yüyənləri eramızdan öncə birinci minilliyin əvvəllərinə aid edir. Həmin dövrə məxsus tapıntı olan yəhər qaşı, yəhər yanı, tunc zınqırovlar və digər bu kimi əşyalar sübut edir ki, Azərbaycan atçılığının sorağı çox-çox əski çağlardan gəlir. Tarixi sənədlər vətənimizin Şərqdə ən böyük atçılıq ölkələrindən, atların ən qədim əhliləşdirmə ocaqlarından olduğunu göstərir.Ərəb alimi Ibn Xəuqəl XII əsrdə yazmışdır ki, Azərbaycan atları böyük şöhrət qazandığı üçün, onlara Iran, Iraq, Hindistan, Misir, Suriya və başqa ölkələrdə böyük tələbat var idi.

Rus alimi I.I.Kalugin Azərbaycan atlarının tarixinin eramızın I əsrinə gedib çıxdığı qənaətindədir. Digər rus alimi K.P.Boçkaryov onları Iran və Parfiya atlarının nəsli hesab edir. Binəqədi və Keşlə ətrafında aparılan qazıntılar sübut edib ki, Azərbaycanda atlar hətta tunc dövrünün ortalarından əhliləşdirilib. Albaniyada da zəngin otlaqların hesabına atçılıq yüksək səviyyədə olub.

Qədim yunan tarixçisi Strabon Albaniya atlarının çox hündür olduğunu yazır. Tarixçilərin Azərbaycan ərazilərində gedən müharibələrdə süvari orduların iştirakını təsvir etməsi çox şey deyir. Orta əsrlərdə də Azərbaycan atları yüksək qiymətləndirilib. Ərəb mənbələrində göstərilir ki, Azərbaycan atına Iranda, Iraqda və Suriyada tələbat varmış. Bu atları Hindistana və Misirə aparırlarmış. Azərbaycan ərazisinə yadelli hücumları atların taleyində iz qoyub. Hər dəfə qəsbkarlar ölkədən çoxlu at aparırmışlar. 

Dünyaca məşhur Qarabağ, Qazax, Quba və Şirvan atları
Azərbaycan atları uzun əsrlər boyu müəyyən təbii-tarixi şəraitin təsiri nəticəsində, həyat tələbatı sayəsində dəyişmiş, bir sıra yerli at cinsləri əmələ gəlmişdir. Bunlardan

Qarabağ, Qazax (Dilboz), Quba və Şirvan atları geniş yayılmışdır. 
Ötən əsrin əvvəllərində Şuşa xanı Böyük Britaniya kraliçasına Qarabağ cinsli “Zaman” adlı kəhər bağışlamışdır.
Makedoniyalı Isgəndər, Iran hökmdarı Dara kimi sərkərdələr öz süvari qoşunlarını Qarabağ atları hesabına gücləndirmişlər.
Azərbaycan atları minik atları olub, qədim zamanlardan Azərbaycanın müxtəlif – Qarabağ, Quba, Bakı, Qazax və digər bölgələrində yetişdirilirdi.Azərbaycan xalqının milli qəhrəmanı Koroğlunun Qıratı azadlıq və haqq-ədalət uğrunda vuruşan bir millətin yüksək bədiiliklə səciyyələndirilən rəmzidir. Yəqin ki, “At igidin dostudur” xalq məsəli də döyüş meydanlarında yaranmışdır. Bədii ədəbiyyatda, folklorumuzda Azərbaycan atlarının təsvirinə tez-tez rast gəlirik. Böyük Nizaminin “Xosrov və Şirin” poemasında Şirinin çox sevdiyi “Gülgün”, Qaçaq Nəbinin, onun silahdaşı Həcər xanımın xilaskarı “Bozat” dillər əzbəri olmuşdur.

1960-cı ildə isə R.X.Səttarzadə “Azərbaycan atçılığı” kitabında yazır: “Azərbaycan at cinsləri qədimdən xalq seleksiyası, sonralar bəzi Şərq qanlı atların qanının qarışdırılması nəticəsində formalaşıb. Bura Qarabağ atı, Dilbaz atı, Quba Yorğası və Şirvan atı daxildir”. Qafqazın və Rusiyanın bir sıra at cinslərinin yaxşılaşdırılmasında Azərbaycan atlarından geniş istifadə olunub. Bizdə atlar ilxılarda saxlanıb. Mütəxəssislərin yekdil fikrinə görə, Azərbaycan atlarının hər cür şəraitə uyğunlaşması və uzaq yürüşlərə dözümlülüyü, ilk növbədə, bununla əlaqədardır. 

Azərbaycanda atçılığın, o cümlədən məşhur Qarabağ atlarının inkişafı üzrə dövlət proqramı təsdiqlənib.
Proqramda göstərilir ki, Azərbaycan atçılığın qədimdən inkişaf etdiyi ölkələrdən biridir. “Pənah xan, Mehdiqulu xan və Cəfərqulu xanın Qarabağ bölgəsindəki atçılıq zavodları ”Dilbaz” cins atının formalaşmasında və təkmilləşməsində önəmli rol oynayıb” – deyə proqramda bildirilir.Dünya üzrə 260 cins atın ikisi Azərbaycanındır

Qeyd olunur ki, hazırda dünya üzrə 260 cins atın ikisi Azərbaycana məxsusdur. Bunlar “Dilbaz” və “Qarabağ” atlarıdır. Proqrama əsasən, son məlumatlara görə, Azərbaycanda 69 984 at yetişdirilir. Bunun 20-22%-i “Qarabağ”, 14%-i “Dilbaz”, 8-10% “Quba yorğası” və “Kiçik Qafqaz”, həmçinin Şirvan atları, 1%-i əsl ingilis və ərəb cins atlarına məxsusdur, qalanları isə cins deyil.

Gəncədə yerləşən Kənd Təsərrüfatı Institutunda (indiki Azərbaycan Aqrar Universiteti) SSRI dövründə atçılıq üzrə yeganə ixtisaslı kadrlar hazırlayan fakültə də fəaliyyət göstərib. Lakin ötən əsrin 90-cı illərindən sonra sözügedən sahə inkişaf etdirilmədiyindən baxımsızlıq cins atların kökünün kəsilməsi, ata marağın azalması ilə nəticələnib. Bununla yanaşı, atçılıq fakültəsi də tələbə qəbulu olmadığından bağlanıb.Azərbaycanda vaxtilə Ağdamda, Şəkidə, Ağstafada atçılıq zavodlarının çox məhsuldar fəaliyyət dövrləri olub. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, aqrar islahatlar aparıldıqdan sonra bu gün ölkədə atların sayı artaraq 71 minə çatmışdır.

Ölkəmizdə hələ lap qədim zamanlardan idmanın digər növlərinə nisbətən daha çox atüstü milli oyunlarla məşğul olurdular. Bu oyunların 24 əsrlik tarixi var. Yaxın Şərq və Orta Asiya ölkələrində atüstü oyunlar igidlik və cəsurluq rəmzi olub. Lakin ötən əsrin 50-ci illərinə kimi ölkədə atüstü oyunlar barədə məlumatlar üzə çıxmamışdır. 1000 il əvvəl həvəslə oynanılan Çövkan, Sür Papaq, Bahərbənd, Yaylıq, Gərdək qaçırmaq və s. oyunlar haqqında əksər əhalinin, xüsusən də gənclərin heç bir anlayışı yox idi. Həmin dövrdə bu məsələ məşqçi Fikrət Hüseynovun diqqətini cəlb etdi. O, bu sahədə tədqiqat işləri aparmağa başladı. Sirr deyil ki, 1000 il keçdikdən sonra milli atüstü oyunların bərpası gərgin axtarış və əmək tələb edirdi.

1958-ci ildə Gəncənin Bağmanlar qəsəbəsində kiçik cıdır düzü təşkil edilərək 4 kolxozdan atlar seçilir və atüstü oyunlar keçirilməyə başlanılır. Bu dövrə qədər Azərbaycan, atüstü milli oyunlar üzrə Ittifaq miqyaslı yarışlarda iştirak edə bilmirdi. Bunu aradan qaldırmaq üçün Gəncə ətrafında yerləşən 4 kolxozda 10-dan çox xüsusi komandalar yaradılaraq, məşqlərə başlanıldı. Azərbaycan atüstü milli komandası 1961-ci ildə Moskvaya yarışa dəvət aldı.Ilk yarış Azərbaycan ilə erməni çaparları arasında keçirilməli oldu. Azərbaycan komandası 3:1 hesabı ilə qalib gəldi.

Ilk dəfə F.Hüseynovun bərpa etdiyi atüstü milli oyunlar onun rəhbərliyi altında 1958-1960- cı illərdə Gəncə şəhərində nümayiş etdirilmişdir. Onun əməyi nəticəsində XX əsrin 50-ci illərinin sonunda başda Çövkən olmaqla bir sıra milli oyunlarımız bərpa edilmişdir. O, ötən müddət ərzində 10 xalq oyununu tarixi sənədlər və folklor materialları əsasında bərpa etdirib, yarış qaydalarını hazırlamış, kitabçalar şəklində xalqa çatdırmışdır. “Piyalə və ox”, “Baharbənd”, “Sürpapaq”, “Gərdək qaçırmaq” və s. oyunlar belələrindəndir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir