Hacıbalanın sirri

Ukrayna və 3-cü mikrorayon dairələrində yerləşən “qul bazarlarına” gələn vətəndaşlarımızın alətlərinə fikir vermisinizmi? “Boş” firmasına məxsus beton dağıdan “otboynı” çəkiclər, ağac kəsmək üçün elektrik mişarlar, ling, balta və.s.

Artıq Bakıda küçəyə baxan evlərin zirzəmiləri və yaşayış binalarının həyətlərində möcüzə nəticəsində “unudulmuş” yaşıllıqların satışı gedir. Sakinlərin reaksiyası əvvəlkilərə nisbətən daha aqressivdir. Çünki burada tikiləcək kafe, yaxud “moyka” onları hətta mənzillərindən çölə çıxmasalar belə, narahat edəcək. Uşaqlarının axşamlar bu kafeyə gəlib “istirahət” edən əmini, yanındakı qədim  peşə sahibləri “xala” ilə görəcəyini təsəvvür edən sadə vətəndaşın hiddəti başadüşüləndir.

…Kəsilmiş ağaclar, üsyan edən sakinlər və onların arasında Hacıbala Abutalıbov. Son 15 ilin Bakısını tabloya köçürmək üçün rəssama, bundan real başqa bir mənzərə təklif etmək mümkün deyil. Indiyə qədər onun sağ-salamat gəzdiyinə həmişə heyrət etmişəm. Bir neçə dəfə kəsilən ağacların budaqları ilə “siahlanmış” vətəndaşların ona hücum etdiyini də görmüşəm. Onun aktyorluq qabiliyyətinə şübhəm yoxdur, amma hər şeyin bir sonu olmalıdır axı… Qəzəbli kütləyə yaxınlaşan kimi onları ələ almağı, sonra da onlarla mehribancasına ayrılıb getməyin sirrini mən bu yaxınlarda öyrəndim. Yenə kəsilmiş ağaclar, narazı sakinlər, əllərində “otboynı” çəkiclər tutmuş staxanovçulara bənzəyən fəhlələr və… mərkəzdə durmuş Hacıbala müəllim. Bu dəfə beşmərtəbəli “xruşşovka”nın sakinləri binaya bitişik nəhəng obyektin tikintisinə etiraz edirdilər. Mən söhbətin nisbətən, dinc xarakterli ikinci hissəsinə qulaq asa bildim. Pantomima elementləri ilə zəngin olan bu açıqlama ilə mer, sakinlərin qəlbinə yol tapa bilmişdi. Heydər Əliyevi Azərbaycanca tərifləyib, məşhur ağac və qol məsələsindən sonra, həqiqətən də pantomima dərsliklərinə düşəcək jestlərlə Ilham Əliyev və onun ən yaxın ətrafı ilə məhz bu məsələlərdə ciddi fikir ayrılığının olduğunu söyləyir, bununla da əsas səbəbkarın kimliyini dolayı yolla onlara çatdırır və sakinləri bir neçə gün səbrli olmağa çağırırdı. Elə buradaca o, sonunadək sakinlərin yanında olacağına söz verdi. Merin bu qədər sadə olduğunu indi başa düşən yaşlı bir qadın, hətta onun toza batmış kostyumunu da çırpmağa macal tapdı. Hacıbala müəllim də öz növbəsində, onları şəxsən icra hakimiyyətinə dəvət etdi, sabahdan qapıda duran polislərə onları manieəsiz, buraxmaları üçün göstəriş verəcəyini söyləyərək tələsik maşınına doğru addımladı… 
Bir neçə gün sonra artıq, həmin obyektin ikinci mərtəbəsi tikilirdi… Yeri gəlmişkən …

Çevik polis alayından məktəblilərə “jest”

Binəqədi rayonu 9-cu mikrorayonda yerləşən 267 saylı məktəbin gözəl bir stadionu var idi. Ətrafda yaşayan sakinlərin də sevimli istirahət yeri olan bura artıq zəbt olunub. Səhərlər bura bir dəstə çevik polis alayı işçisi gəlib, beş on dəqiqə gəzişib gedirlər. Düzdür, aralarındakı bir neçə polis hərdən turnikdə dartınır, lakin buna idman demək olmaz. Əslində buranı qazanc mənbəyinə çeviriblər. Saatı təxminən 30 manata gecə saat birədək futbol oynayırlar. Artıq müştərinin çoxluğundan 3-cü süni örtüklü sahəni də quraşdırırlar. Təsəvvür edirsinizmi, çevik polis alayının beş-on nəfərinin bir neçə dəqiqə orada “gəzişməsinə” görə mindən çox məktəbli və ətrafda yaşayan sakinlər nə futbol oynaya, nə də istirahət edə bilir. Yay mövsümündə isə ətraf evlərdə yatan körpələr bu meydançalarda hər vurulan qola görə yuxudan oyanmalı olurlar.

Şikayətlərə verilən cavab isə çox ibrətamizdi: “Bir az dözün, tezliklə burada ”novostroyka” tikəcəklər”.

…2 aprel məhbuslarının üzünə durub, vətəndaşları “azadlıq”, “demokratiya” şüarları ilə “narahat” etdiklərini iddia edən çevik polis alayı nümayəndələri yaxşı-yaxşı düşünsələr, pis olmazdı.