Ötən gün həmkarlarımızdan biri ermənilərlə YAP-ın fərqinin olmadığını iddia elədi. Arqumentləri də beləydi:
1. Ermənilər Ermənistandan və Qarabağdan 6 il ərzində bir milyondan artıq azərbaycanlını didərgin salıblar; YAP da 18 ildə 3 milyondan artıq azərbaycanlını bir parça çörəyin əsirinə çevirib, onları Rusiyaya, Türkiyəyə, hətta Dubaya sürgün edib. 6 ilə bir milyonla 18 ilə 3 milyon rəqəmləri necə də uyğun gəlir!
2. Ermənilər azərbaycanlıların boş qalmış evlərini sökür, dağıdır, satır, mənimsəyirlər; YAP isə içində yaşayış olan evləri azərbaycanlıların başına uçurur, onları illərlə məskunlaşdığı mülklərindən çıxarıb küçələrə tullayır, yurdunu mənimsəyir.
3. Ermənilər zəbt etdiyi ərazilərdə Azərbaycanın təbii var-dövlətini talayır və heç bir beynəlxalq qanuna məhəl qoymadan işğal ərazisindəki yeraltı-yerüstü sərvəti istismar edirlər; YAP da Azərbaycanın bütün təbii sərvətlərini daşıyıb satır, korrupsiya layihələri ilə bu var-dövləti mənimsəyir, heç bir qanuna məhəl qoymur, xalqın varını yağı malı kimi yeyib-dağıdır, xarici banklara yatırdır, villalar ucaldır.
4. Ermənilər Azərbaycana məxsus tarixi abidələri məhv edir, yerində turp əkir, bizim varlığımızı o ərazilərdən silməyə çalışırlar; YAP da tarixi-memarlıq abidələrini “qəzalı” adıyla sökür, amma yerində, Allahlı desək, turp əkmir, özünə “obyektlər” ucaldır.
5. Ermənilər Dağlıq Qarabağda heç bir beynəlxalq norma və hüquqa uyğun gəlməyən qeyri-legitim bir hakimiyyət qurublar – hətta vaxtlı-vaxtında prezident “seçir”, nazir təyin edir, qanunlar yaradırlar; YAP da seçkiləri saxtalaşdırmaqla faktiki olaraq qeyri-legitim bir hakimiyyət qurub, hətta vaxtlı-vaxtında “seçki” adına məzhəkə çıxarır, təyinat aparır, qanun qəbul edir.
6. Ermənilər Azərbaycanın qədim tarixini saxtalaşdırır, Dağlıq Qarabağın özlərinə məxsus olması ilə bağlı təbliğat aparır, torpağa yeni-yeni “abidələr” basdırır, “tarixi erməni torpağına” heykəllər qoyurlar; YAP da Azərbaycanın yaxın tarixini saxtalaşdırır, yalan və riya ilə dolu “tarix kitabları” yazdırır, Azərbaycanın müstəqilliyini öz adına çıxır, hər tinə heykəl qoyur, ölkənin bir nəslə aid olması ilə bağlı təbliğat aparır.
7. Ermənilər azərbaycanlılara aman vermir, hər fürsətdə dinc sakinləri hədəfə alır, onları öldürür, qanına qəltan edirlər; YAP da azərbaycanlılara yaşamaq fürsəti vermir, hər fürsətdə siyasi və iqtisadi rəqiblərini tutub türmələrə soxur, evinin qənşərindəcə öldürülənlərin qatillərinin tapılmasına can atmamaqla əslində bu qətllərə şərik olduğu ehtimalını gücləndirir.
Doğrusu, həmkarım qızışmışdı və daha bir çox mətləblər saydı. O qədər ki, erməni ilə YAP-ın fərqinin yerlə-göy qədər olduğunu izah etmək fürsətini qaçırdım. Ona görə məcburam, qəzet vasitəsilə bu fərqləri əziz dostumun gözünə soxam:
1. Ermənilər bizim qaçqın və köçkünlərimizə ayrılan vəsaiti yeyib dağıda bilmirlər; YAP isə bunu bacarır!
2. Ermənilər Azərbaycan torpaqlarının ancaq işğal etdikləri 20 faizinə qane olmağa məhkumdurlar; YAP isə bundan 4 dəfə artığını mənimsəyib!
3. Bakıda yaşayan 100 min erməninin böyük əksəriyyəti öz ad-soyadını və milli kimliyini gizlətməyə məcburdur; YAP-a isə bu gizlilik qətiyyən lazım deyil!
4. Ermənilərin əli bizim neft-qazımıza çatmır, ancaq Kəlbəcərin qızıl-gümüşüylə baş girələyirlər; YAP-ın əli isə hər şeyə çatır!
5. Ermənilər Azərbaycanın siyasi-iqtisadi gələcəyini məhv etmək gücündə deyillər; YAP isə bunu ləzzətlə həyata keçirir!..
Mən bu siyahını sonsuzluğacan uzada da bilərəm. Ancaq düşünürəm ki, erməni ilə YAP-ın fərqinin yerlə göy qədər olduğunu o avara həmkarıma başa salmaq üçün bu qədər yetər!



