“Azadlıq”ın şifahi köşə yazarları – 2

Hər birimiz etiraf etməliyik ki, uzun müddət bizə çox çətin oldu. Hakimiyyətin tam gücü ilə işə düşmüş şər-böhtan maşınının cəmiyyətin beyninə yeritdiyi stereotiplər qarşısında dayanmaq dözülməz idi. Rejim insanları “bunlar hakimiyyəti qoyub qaçdılar”, “bunlar Qarabağı satdılar”, “bunların hakimiyyəti vaxtı xalq gecələr çölə çıxa bilmirdi” kimi daşlaşmış, yalançı klişelərlə silahlandırmışdı.

Insanlara əksini sübut etmək, onlara gerçək həqiqəti anlatmaq isə adamdan dəhşətli dərəcədə səbir, enerji tələb edirdi. Hakimiyyətin süni şəkildə yaratdığı ictimai qınaq qarşısında dözmək üçün möhkəm əsəb lazım gəlirdi.

Mən əyalətdə olduğum müddətdə bunun tam əksini müşahidə etdim. Artıq vəziyyət 180 dərəcə dəyişib. Artıq rejimin yaratdığı miflər dağılıb. Indi adamlar nağıllara yox, ətrafında baş verənlərə inanırlar.

Artıq müxalifətçi bir insanın işi əvvəlki qədər ağır, dözülməz deyil. Daha kənardan kimsə durub sənin ağzından AzTV-dən əzbərlədiyi “gördük də sizin hakimiyyəti…” sözləri ilə vurmur. Olduğum ortamlarda “Elçibəyin hakimiyyəti çox çəksəydi” sözləri ilə başlayan xeyli cümlə eşitdim. Bu cümlələr bir qayda olaraq müsbət ehtimallarla yekunlaşırdı.

   ***

Bir neçə yas məclisində oldum. Çoxsaylı müzakirələrin şahidinə çevrildim. Əvvəla, adamların siyasi mövzulara marağı xeyli artıb. Doğrudur, bir çox hallarda bu müzakirələrin mərkəzində ərəb inqilabları, Mübarək dayanırdı. Amma istənilən halda insanlardan ölkənin taleyi ilə bağlı narahatlıqlarını, nigarançılıqlarını görmək, hiss etmək çox xoş idi.

Ikincisi, bir məclisdə maraqlı hadisə eşitdim. Həm də birinci şəxsin öz dilindən. Yenicə qızını ərə vermiş ata danışırdı ki, əvvəlcə cehizlik televizor almaq istəməyib: “Dedim, a bala, alsam nə olacaq, guya orda nəyə baxacaqsınız? Elə Ilhamın bir şəklini alım, asın evdən, ürəyiniz istəyən vaxtı baxın. Sonra arvad başımın ətini yedi ki, ayıbdı, indiki zamanada cehizsiz televizormu olar? Mən də getdim televizor da aldım, ”krosnu” da (çanaq antenası), dedim bu saat Azərbaycanda “krosnu”suz televizor qısır inək kimi bir şeydir”.

Şərhsiz.

***
Diqqətimdən qaçmayan daha bir maraqlı məqam: bir neçə il əvvələdək əyalət insanları müstəqillik əldə etməyin peşmançılığı içində idilər. Bəli, Azərbaycanda elə bir kənd, şəhər tapmaq çətindir ki, orada ən azı 10-15 adam xalq hərəkatında bu və ya başqa formada iştirak etməsin.

Bu adamlar son illərədək dərin depressiyada idilər. Onların böyük hissəsi vaxtilə müstəqillik hərəkatında iştiraklarını “Milli xəyanət” hesab etməyə başlamışdılar. Düşünürdülər ki, Azərbaycanın düçar olduğu məhrumiyyətlərdə, məşəqqətlərdə, ölkənin böyük bir imperiyanın girovluğundan azad olub, əvəzində bir ailənin girovuna çevrilməsində günahkardırlar.

Elə ətraflarındakı insanların onlara münasibəti də xoş deyildi. Çoxluq Sovetin həsrətini çəkməyə başlamışdı, hərəkatçılara isə yarızarafat-yarıciddi “Rusun hökumətini yıxdınız, əlinizə nə keçdi, Əli aşından da olduq, Vəli aşından da” deyə ilişirdilər.

Amma mən artıq bu ürəkağrıdan mənzərənin də dəyişdiyini hiss elədim əyalət səfərimdə. Gürcüstan nümunəsi adamlarda müqayisə imkanı yaradıb. Müstəqilliyin qazanılmasında iştirak etmiş insanları depressiyadan, peşmançılıqdan xilas edib, eyni zamanda müstəqilliyə, demokratiyaya şübhə ilə yanaşan adamların mövqeyini dəyişib. Artıq onlar üçün müstəqillik – korrupsiya, rüşvət, məmur dərəbəyliyi, işsizlik, yoxsulluq sözlərinin sinonimi deyil. Artıq Gürcüstan sayəsində müstəqillik, demokratiya sözləri insanların beynində müsbət qavramlarla assosiasiya olunur.

Elə bu yerdə mənim “Azadlıq”ın şifahi köşə yazarı adlandırdığım adamlardan birinin maraqlı bir sözünü xatırlayıram, o, bir yas məclisində “demokratiya yaxşıdır, yoxsa pis” sualı ətrafında uzun-uzadı müzakirəyə belə nöqtə qoydu: “Nə Ilham Əliyevgilin ziyanınadırsa, o, camaatın xeyrinədir”.Bəlkə də o, demokratiyanın nə olduğunu bütün dərinliyi ilə heç bilmir də.Amma həqiqəti çox yaxşı bildiyinə mənim şübhəm yoxdur.