«Azəryolservis» torpağını dəyər-dəyməzinə satmaq istəməyənləri məhkəməyə verib
Dünya Bakı tərəfindən maliyyələşdirilən Ələt-Astara yolunun inşası zamanı mülkiyyət hüquqlarının qorunması problemi kəskinləşir. Uzunluğu 205 km. olan dördzolaqlı yolun tikintisinə 2009-cu ildə başlanılıb. Ələt-Astara yolunun yenidən qurulmasının ümumi dəyəri əvvəlcə 400 milyon dollar həcmində qiymətləndirilib. Salyan rayonunda yeni yolun keçdiyi torpaq sahələrinin 170 nəfər sahibindən 3-ü məhkəmə vasitəsilə alınan torpağa görə ədalətli kompensasiyaya nail olmağa çalışır.
Inşaatçılarla sakinlər arasında danışıqlar iki il öncə başlayıb. Belə ki, müxtəlif təzyiqlərdən sonra 167 nəfər bir ha torpağa görə 2 min manat kompensasiyaya razı olub. Yalnız üç nəfər torpaq sahibi- Əkbər Qasımov, Şahin Süleymanov və Mehman Muradov ədalətli kompensasiya tələb edirlər. Bu barədə “Turan”a yerli hüquq müdafiəçisi Emil Məmmədov bildirib. “Salyan rayonunda yol tikintisinə düşən bir hektar məhsuldar torpaq 7 min manatdır, bizə isə üç dəfə az təklif olunur”, – Ə.Qasımov bildirib.
Sakinlərin hərəkətlərinə cavab olaraq, tikintinin əsas sifarişçisi Nəqliyyat Nazirliyi yanında “Azəryolservis” ASC narazı sahiblərdən torpaqların alınması barədə məhkəmə iddiası qaldırıb. Hazırda işə Apelyasiya Məhkəməsində baxılır və əsassız olaraq yubadılır. Bu fonda Arbatan kənd sakini Əkbər Qasımova kəskin təzyiqlər başlanıb. Hələlik o, öz ərazisində işlərin başlanmasına imkan vermir.
Öncə yerli Icra Hakimiyyəti ondan torpaqdan imtina etməyi tələb edib, sonra isə sahə polis müfəttişi Zahid Ismayılov “Azəryolservis” ASC-nin onun barəsində iddia qaldırmasının səbəbləri haqda yazılı izahat tələb edib. Müfəttiş bildirib ki, polisə tikinti şirkətindən tələbnamə daxil olub ki, Qasımovdan torpağın alınması təmin olunsun. Lakin bu tələb qanunsuzdur, çünki Apellyasiya Məhkəməsinin qərarı yoxdur.
Torpaq sahibi təslim olmur və tikinti texnikasını öz ərazisinə buraxmır. Digər narazı sahiblərin- Ş.Süleymanov və M.Muradovun ərazilərində isə məhkəmə qərarı olmadan tikinti işlərinə başlanılıb. Məlum olub ki, tikinti zonasında notariat xidmətlərinə göstəriş verilib ki, bir hektara görə 2 min manatdan baha qiymətə torpaq satışı üçün əqd bağlanmasın. Halbuki, əslində məhsuldar torpaq xeyli baha qiymətə satılır. “Azəryolservis” ASC-nin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb(Turan).