Uyğur liderdən Çinə sərt mesaj

Rəbiyyə Kader: «Uyğurlar ya öləcək, ya da azad olacaq!»

Dünya Uyğur Konqresinin lideri Rəbiyyə Kader “Azadlıq” radiosuna müsahibəsində Çində uyğur türklərinə qarşı törədilən zorakılıqlara münasibət bildirib. O, Hotan vilayətində baş verən son hadisələrdə rəsmi Pekinin əli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Hotanda baş verən son hadisələr Çin hökumətinin təxribatıdır və uyğur türklərinə qarşı düşünülmüş zorakılıq aktıdır: “Hesab edirəm ki, son hadisələr zamanı qətlə yetirilən şəxslər 2009-cu il olayları nəticəsində dünyasını dəyişənlərin yaxınlarıdır. Çin hökuməti uyğurlara qarşı repressiyalarını daha da sərtləşdirib. Son zamanlar aparılan həbslərdən sonra saxlanılan uyğurların sayı 10 mindən 70 minə qədər artıb”. Rəbiyyə Kader Hotan şəhərində baş verən son hadisələrdən sonra hökumət qüvvələrinin uyğur ailələrinə soxularaq kişi cinsindən olanları həbs edərək işgəncələr verdiyini söyləyib. Uyğur lider bildirib ki, rəsmi Pekinin bundan sonra da təzyiqlərini artıracağını istisna etmir. Onun sözlərinə görə, uyğurların öldürülməsi davam etsə də, uyğurlar azadlıq mübarizəsindən çəkilməyəcəklər: “Çin hökuməti uyğurlara qarşı siyasətində dəyişiklik etməsələr, mübarizəmiz daha da güclənəcək. Uyğurlar azad olacaq. Bizi öldürməklə mübarizəmizi dayandırmaq mümkün olmayacaq”.