İsraildə “Ərəb baharı” əsir

Təl-Əviv əhalisinin yarısı küçələrə axışıb; ölkədə 300 minlik nümayiş keçirilib

Avqustun 6-da İsraildə on minlərlə insan paytaxt Təl-Əvivdə və ölkənin başqa şəhərlərində yenidən küçələrə axışıb. Əllərində ölkə bayrağı tutan və “Xalq üçün sosial bərabərlik”, “İnqilab” deyə şüarlar səsləndirən aksiya iştirakçıları baş nazir Benyamin Netanyahunun iqamətgahını dövrəyə alıb.
Nümayişçilərin əllərində “İnsanlar gəlirdən daha vacibdir”, “İsrail çox bahadır və işçi sinfi-qəhrəman” kimi yazılar olan bannerlər qaldırıb.
Təl-Əviv polisinin verdiyi məlumata görə, şəhərdəki aksiyada 120 min insan iştirak edib. Nümayişin təşkilatçıları isə Tel-Əvivdə nümayişə 230 min nəfərin çıxdığını xəbər verir. Bu isə şəhər əhalisinin yarısı deməkdir.
Məlumatlara görə, Qüsd şəhərində də 30 mindən artıq insan etriz nümayişinə çıxıb. Ümumiyyətlə ölkə üzrə etirsaza çıxanların sayı 300 minə yaxın göstərilir.
Aksiya iştirakçılarının əksəriyyəti tələbələr, dövlət qulluğunda çalışanlar və ictimai xadimlər olub.
İsraildə kütləvi etirazlar hökumətdən iqtisadi islahatlar tələbi ilə başlayıb. Əhali həddindən artıq bahalıq, sosial bərabərsizlik və işsizlikdən şikayət edir. Bundan savayı etirazçılar tibbi xidmət və təhsil üçün daha çox imkanların yaradılmasını tələb edir.
İsrail hökuməti artıq ərzaq məhsulları və komunal xidmətlərinin bahalaşmasını dayandırmaq üçün təcili tədbirlər görəcəyini bəyan edib. Maliyyə naziri Yuval Ştaynits bildirib ki, “hərəkət proqramı” hazırlamaq üçün hökumət üzvləri və ekspertlərdən ibarət xüsusi komissiya yaradılacaq.