Üsyançılar Liviya diktatorunun sığındığı Tripoliyə yaxın daha bir şəhəri ələ keçirdi
Liviyada vətəndaş müharibəsi davam edir. Müəmmər Qəzzafinin istefasını tələb edən üsyançılar Liviya diktatorunun sığındığı paytaxt Tripolinin ələ keçirilməsi istiqamətində növbəti uğurlarını əldə ediblər. Qəzzafi əleyhdarları Tripolinin 80 km. cənubundakı strateji əhəmiyyətə malik Bir Qanam şəhərini ələ keçirdiklərini açıqlayıblar. Müxalif hərbçilər strateji şəhərə nəzarəti ələ keçirdikdən sonra paytaxta doğru irəlilədiklərini bildiriblər.
Üsyançılar Benqazi şəhərində qurduğu Milli Keçid Şurasının rəhbəri Mustafa Əbdülcəlil Qəzzafi əleyhdarlarının hərbi komandanı Əbdülfəttah Yunisin öldürülməsində Liviya diktatorunu günahlandırıb. Benqazidə mətbuat konfransı keçirən Əbdülcəlil Yunisin qətlini Qəzzafiyə sadiq qüvvələrin törətdiyini bildirib.
Xatırladaq ki, Qəzzafi hakimiyyətinin daxili işlər naziri olmuş, sonradan üsyançıların tərəfinə keçmiş Əbdülfəttah Yunis iyulun 28-də qətlə yetirilib. Onun islamçı qruplaşmalar və Qəzzafiyə bağlı silahlılar tərəfindən öldürüldüyü istisna olunmur.
Bu arada, Venesuela prezidenti Uqo Çaves “döyüş qardaşı” adlandırdığı Müammər Qəzzafiyə dəstək məktubu göndərib və ona qələbə arzuladığını bildirib: “Rəhman və rəhim olan böyük Allah sənə yardımçı olsun və səni hifz etsin, məğrur Liviya xalqını təhlükələrdən qorusun. Mən qardaş sevgisi ilə səni bağrıma basıram, sənə qardaş kimi bağlı olduğumu bir daha bəyan edirəm. Döyüş qardaşım, sənə uzun ömür arzulayıram. Liviya yaşayacaq və qalib gələcək”.