Elmar Vəliyev Abbas Abbasovun da obyektini yerlə-yeksan etdi
Gəncənin icra başçısı Elmar Vəliyev baş nazirin sabiq birinci müavini Abbas Abbasovun ailəsinə məxsus Mədəniyyət klubunu sökdürüb. Xan Bağının girişində yerləşən həmin klubu vaxtilə Abbas Abbasovun deputat oğlu Aydın Abbasov alıbmış.
“Yeni Müsavat”ın məlumatına görə, Aydın Abbasov bu obyekti özəlləşdirib və binanın mülk kağızı olub. Lakin bina təmirsiz imiş. Şəhərin mərkəzində yerləşən bu obyekt 1-2 milyon manat dəyərində qiymətləndirilir. Elmar Vəliyev bu bahalı binanı yerlə-yeksan edib. Abbas Abbasov obyektin sökülməsinin qarşısını almaq üçün nə qədər cəhd etsə də, nəticəsiz qalıb.
Gəncədən aldığımız məlumata görə, Elmar Vəliyevin hakimiyyətdə indi də təsir imkanları qalan Abbas Abbasov kimi kifayət qədər nüfuzlu bir şəxsin obyektini sökmək cəsarətinin ciddi səbəbləri var. Məlumatda deyilir ki, Elmar Vəliyev Gəncəyə icra başçısı təyin edilərkən ona şəhərin yeni layihəsi verilib. Bildirilib ki, Gəncə bu layihə əsasında yenidən qurulmalıdır. Bu baxımdan da Elmar Vəliyev heç nədən çəkinməyərək istənilən şəxsin obyektini uçura bilir.
İnformasiya şöbəsi