«ABŞ dolları üzərində beynəlxalq nəzarət olmalıdır»
Hansısa ölkəyə görə böhranın yaranmasının qarşısını almaq üçün variantlardan biri yeni sabit valyutadır
Çin defolt məsələsi ilə bağlı “uzaq görməyən” siyasi debatlara görə ABŞ hökumətini kəskin pisləyib və bəyan edib ki, dünyaya yeni sabit valyuta lazımdır. Bu barədə “Sinxua” agentliyinə istinadən “Reuters” məlumat yayıb.
“Dünyanın ən böyük dövlətinin ən iri kreditoru olan Çinin tamamilə hüququ var ki, ABŞ-dan borcla bağlı məsələlərin həlli və bununla da Çinin dollardakı aktivlərinin təhlükəsizliyini qorumağı tələb etsin”, – deyə məlumatda bildirilir. Eləcə də, Çin ABŞ hökumətini sağlam düşüncə ilə hərəkət etməyə, “borclanmağa olan aludəçiliyi müalicə etməyə” çağırıb.
Çin tərəfi hesab edir ki, ABŞ buna hərbi və sosial təminat xərclərini azaltmaqla nail ola bilər. ABŞ hökuməti etiraf etməlidir ki, əvvəlki vaxtlar – yəni, heç bir problem olmadan istənilən qədər borc götürmək dövrü artıq bitib.
Çin rəsmiləri bildirirlər ki, kredit reytinqinin bundan sonrakı enməsi dünya iqtisadiyyatının bərpasına mane olacaq və yeni maliyyə sarsıntıları yaradacaq: “ABŞ dolları üzərində beynəlxalq nəzarət olmalıdır, hansısa ölkəyə görə böhranın yaranmasının qarşısını almaq üçün variantlardan biri dünyada yeni sabit valyutasının yaradılmasıdır”.
Çin iqtisadçıları hesab edirlər ki, ABŞ-ın kredit reytinqinin aşağı salınması maliyyə bazarları üçün böyük risk yaradacaq:”Qarşıdakı müəyyən müddət ərzində maliyyə bazarlarında qarışıqlıq olacaq”. Çin Mərkəzi Maliyyə Iqtisadi Universitetinin nəzdindəki ehtiyatlar elmi araşdırmalar institutunun direktoru Li Tsze bildirib ki, bundan sonra Çin öz ehtiyatlarını yatırmaq üçün başqa investisiya variantlarına baxacaq: “Artıq ABŞ-ın xəzinə kağızları təhlükəsiz deyil”.