BAXCP və “Ümid” bir-birini müxalifət saymır

Partiyalar arasında «komissiya savaşı» davam edir

Ümid Partiyası ilə BAXCP arasında seçki komissiyaları ilə bağlı qarşıdurma səngimir. Ümid Partiyasının sədri Iqbal Ağazadə növbəti dəfə mətbuata açıqlamasında DSK-larda rəhbərlik etdiyi partiyanın təmsilçilərinə problemlər yaradıldığını bildirib. Onun qənaətinə görə, DSK-larda və məntəqə seçki komissiyalarında daha az müxalif fikirli adamların olmasına cəhd göstərilir.
Iqbal Ağazadənin fikirlərinə münasibət bildirən BAXCP-nin baş katibi Söhrab Abdullayev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib ki, Ümid Partiyası sədrinin və onun MSK-dakı təmsilçisinin səsləndirdiyi ittihamların heç bir hüquqi əsası yoxdur. Söhrab Abdullayev həmçinin Ümid Partiyasının müxalifətyönlü təşkilat olmasını şübhə altına alıb: “Görəsən bu günədək Ümid Partiyasını seçki komissiyalarında təmsil edən şəxslərin əməllərində müxaliflik özünü necə və hansı müstəvidə büruzə verib? Istənilən məsələyə obyektiv qiymət vermək üçün mülahizələr və gurultulu bəyanatlar yox, faktlar dəyərləndirilməlidir. Ümid Partiyasının müvafiq komissiyalardakı təmsilçiləri isə indiyədək keçirilən bütün seçkilərin nəticələrini tanıyıblar və təbii ki, bunun göstəricisi kimi protokolları da imzalayıblar. Bu baxımdan, səsləndirilən bütün fikirləri sadəcə növbəti siyasi şou kimi dəyərləndiririk”.