Əks halda Azərbaycan dünya qarşısında biabır olacaq
İctimai Palatanın 2 aprel aksiyasına görə həbs edilənlərin Səbail Rayon Məhkəməsində baş tutan məhkəmə iclasında şahid polislərin dindirilməsi, onların verdiyi ziddiyyətli açıqlamalar məhkəmənin qurama olduğunu ortaya qoydu. Belə ki, onların istintaqdakı ifadələrilə məhkəmədə söylənilənlərin tamam əks olduğu məlum oldu. Həmçinin həbs edilənlərə qarşı saxta ittihamların irəli sürüldüyü, qurama işin aksiyaçıların həbsi üçün xüsusi şəkildə təşkil olunduğu aydınlaşdı. Bir sözlə, qəzetsatandan tutmuş gülsatana kimi, polis də əlavə olunmaqla məzhəkəli bir məhkəmə şousu yaradıldı. Ifadə verən şahidlərin nəzərində baş verən aksiyanın hansı ilə aid olmasının da heç demə, onlar üçün önəmi yoxmuş.
«Bu işdə cinayət hadisəsi yoxdur»
Hüquqşünas Əsabəli Mustafayevin qənaətincə, cinayət işinin materiallarından göründü ki, həbs edilənlərin hansısa cinayət əməli yoxdur: “Ona görə də biz çalışırdıq ki, bu iş tezliklə məhkəməyə getsin. Məhkəmədə iştirak edənlər də əmin olmalıydı ki, həbs edilənlərin hər hansı cinayət əməli törətməsi, ümumiyyətlə, bu işdə cinayət hadisəsi yoxdur. Məhkəmə ola bilsin, çalışır ki, polis və digər şəxslərin ifadələrilə sübutları düzüb-qoşsun, amma orda zərrə qədər cinayət tərkibi yoxdur. Həbs olunanlara qarşı polislərin yeganə dediyi odur ki, onlar ictimai asayişi pozub və ”Azad seçki”, “Istefa” şüarı səsləndirərək icazəsiz mitinqdə iştirak edib. Hətta məhkəmədə verdikləri ifadədə etiraf ediblər ki, bu, siyasi yönümlü məsələdir. Burda hüquqi məsələ yoxdur. Yəni məhkəmə insanları ictimai-siyasi fəaliyyətinə görə cəzalandırmaq məqsədi daşıyır”. Hüquqşünas söylədi ki, əslində həmin işə xitam verilməli və həbs olunanlar məhkəmə zalından azadlığa buraxılmalıdır.
«Bu, qurama və saxta bir işdir»
Hüquqşünas Vidadi Mirkamal söylədi ki, həmin insanların demokratiya uğrunda mübarizə aparması və buna çağırması hakimiyyəti qorxuya salıb: “Qorxu qarşısında olan acizliyin nəticəsidir ki, 14 nəfərə qarşı 28-30 nəfərdən ibarət istintaq qrupu yaradıblar. Onların əməlində hansısa cinayət tərkibi yoxdur. Sadəcə olaraq hakimiyyət həmin şəxsləri həbs etməklə başqalarına da görk eləmək istəyir ki, küçələrə çıxmaq, azad seçki tələb etmək olmaz. Onlar ”Demokratiya”, “Azadlıq”, “Istefa” şüarından başqa nə edib ki?! Istintaq dövründə bizə aydın idi ki, bu, qurama və saxta bir işdir. Məhkəmə sifarişlidir, sifariş gəlsə ki, həbs olunanlar buraxılmalıdır, buraxacaqlar. Məhkəmələr işi uzadır. Məhkəmədə baş verən qanunsuzluq onu deməyə əsas verir ki, sabah həmin iş növbəti dəfə təkrarlanacaq və Azərbaycan dövləti dünya qarşısında neçənci dəfə biabır olacaq”.
Nigar