“Yurdu yandırılmış Babək…”

Kiminsə şübhəsi olmasın ki, 2 aprel məhbuslarının məhkəməsi Azərbaycanın azadlıq mübarizəsi tarixinə önəmli bir səhifə olaraq düşəcək. O məhkəmədə iştirak edib baş verənləri izləyənlər bəlkə də necə mühüm bir tarixi məqamın şahidi olduqlarının fərqində deyillər. Amma  hər şey və hər kəs zamanın yaddaşına yazılmaqda davam edir…Bu prosesi müşahidəçi kimi izləyən istənilən şəxsi ilk növbədə Azərbaycan məhkəmələrinin yüz illər bundan əvvəl tətbiq olunan mühakimə metodları ilə işləməsi heyrətləndirə bilər. Bu torpaqlarda, elə dünyanın özündə də günahsız, məsum insanların gülünc ittihamlarla mühakimə olunduğuna dair sonsuz faktlar var. 2 aprel məhbusları da o sıradan olan insanların siyahısına daxildir və ən acınacaqlı məsələ 21-ci əsrdə onlara feodal dövrünə xas ənənələrlə məhkəmə qurulmasıdır…

Bu prosesdə ifadə verən əqidə dostlarımızın hər biri sanki fəlsəfə elminə yiyələnmiş şəxslərdir. Onların mükəmməl çıxışları, duzlu atmacaları, ironik deyimləri illər keçsə də  yadımdan çıxmaz. Amma bu prosesdə çox güman ki, Qarabağ qazisi Babək Həsənovun çıxışı hər kəsi daha çox təsirləndirib…  Bu zala bütün məhkumlar qolu qandallı gətirilir. Kimsəyə güzəşt yox. Güzəşt olsaydı, avtobusa yumruq vurmaq ittihamıyla burada nə işləri vardı ki… Mən qolları qandallı Qarabağ döyüşçüsünün – Babəkin çıxışını dinlədiyim an sanki böyük şairimiz Əli Kərimin “Babəkin qolları” şeiri səslənirdi qulaqlarımda…- Qolu sındırılmış Babək,
yurdu yandırılmış Babək,
Qan rəngli bir arabada, 
Şərq adlı bir xarabada
kənd-kənd gəzdirilən Babək…

Babək Həsənov sevgili peyğəmbərimizin “Vətəni sevmək imandandır” deyimini əməlində yerinə yetirmiş insandır. Qarabağ torpaqları uğrunda könüllü vuruşmuş, yaralanmış bir insanı etiraz aksiyasındakı bir dəqiqəlik iştirakına görə mühakimə etmək ən böyük imansızlıq və haqsızlıq nümunəsi sayıla bilər. Təbii, gözəl nümunə yaratmaq gözəl sifətli insanlara məxsusdur, hər kəs gözəl nümunə yarada bilməz ki… Kim nə deyir desin, Qarabağın bağlı yollarına gedən qapının açarı da o bağlı qollardadır. Neçə ki, bu vətən torpaqlarının düşmənlərinə silah çevirən əllər qandalda olacaq, Qarabağdan söhbət gedə bilməz. Neçə ki, yandırılmış, xarabaya çevirilmiş yurd yerlərimizi xilas etmək üçün çırpınan fədailər dəmir barmaqlıqlar arxasında qalacaq, onlara münasibət “vətən xainləri”nə olan münasibəti xatırladacaq, Qarabağın azadlığından söz açmağa dəyməz.    
“Heyf ki, aksiyada iştirakım cəmi 1 dəqiqədən çox çəkmədi. Yoxsa səsləndirəcəyim yüz minlərlə şüar var idi… Mən Qarabağda döyüşmüşəm, yaralanmışam, amma 5 nəfərlik ailəmlə Qarabağ döyüşləri zamanı fərarilik etmiş adamların evində kirayədə yaşayıram. Nərimanov Rayon Icra Hakimiyyəti mənə haqqım olan evi rüşvətlə satmaq istəyib. Buna etiraz etmişəm… Anarxiyaya ”yox” demək, Qarabağa azadlıq, işsizliyə son verilməsini tələb etmək üçün mitinqə çıxmışam və düz etmişəm…”.

Babəklərin qiymətini zaman verir. Məncə, o zamana da çox qalmayıb. Həqiqətən, bir Qarabağ qazisinin fərarilərin evində kirayədə qalması, həyatının ən gözəl illərini Azərbaycanın müstəqilliyi naminə həsr etmiş insanların bu ölkəylə bağlarını çoxdan kəsmiş, əsgərlik görməmiş, hətta bir çox halda o müstəqilliyin əleyhinə səs vermiş kəslərin hökmranlığı altında məhrumiyyət yaşamasından nəylə fərqlənir ki…