Hüsnü Mübarəkin dəmir barmaqlıqlar arxasında dayandığını da gördük. Mübarək dəmir barmaqlıqlar arxasında otura da bilmədi, çarpayıda uzanıqlı qaldı. Misir xalqına nəsib olan bu bəxtiyarlığı çox keçməz Azərbaycan xalqı da yaşayar.
Mübarəkin taxt-tacı tərk etməsi ilə yatağa düşməsi çox ilgincdir. Hakimiyyət zülmkar rəhbərlər üçün heç demə, oksigen balışı kimi bir şeymiş. Onlar hakimiyyət kürsüsündə təkcə oturmurlar, onunla qidalanırlar, nəfəs alırlar, həmsöhbət olurlar.
Virusları bilirsiniz də… canlı olmasa, onların həyatı, fəaliyyəti bitir. Bu baxımdan diktatorlarla virusların arasında bənzərlik olduqca yüksəkdir. Biri canlı olmadan ayaqda qala bilmir, o biri taxt-tac…
Mən Iranın sonuncu şahənşahı Rza Pəhləvini xatırlayıram. 1979-cu ilin inqilabı onu devirəndən az keçmədi ki, Rza canını tapşırdı…Tunis diktatoru Bin Əli də hakimiyyətdən düşürülən kimi halı xarablaşdı. Azərbaycanın keçmiş rəhbəri Heydər Əliyevin də hakimiyyətə 2-ci dəfə dönüşündən sonra sağlamlığında əfsanəvi dərəcədə müsbətə dəyişiklik olduğu ölkədə çoxuna bəllidir.
Xalq üçün ölüm və zülm mənbəyinə çevrilən kürsü, diktatorlara əks təsir edir. Buna görə də bu cür rejimlərə, antixalq, antihumanist deyirlər.Kimdir oğru?
Naxçıvanda Vasif Talıbov diktatura üçün növbəti bir orijinal cizgi yaratmaqdadır. Jurnalist Həkimeldostunu işıq “oğurluğuna” görə tutmaq istəyirlər. Eldostunun işi çox simvolikdir; o, doğrudan da işığa can atan insandır. Diktatura zülmətinə qərq edilmiş Naxçıvanın IŞIĞA ehtiyacı böyükdür. Işığı oğurlamaqla da olsa, Naxçıvana aparmağa dəyər…
AXCP sədri Əli Kərimli isə Həkimeldostuya qarşı qaldırılan cinayət işinə “tvitter” qeydi ilə reaksiya verib: “Naxçıvanda jurnalist Həkimeldostuya 189.1-ci maddə ilə (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması) cinayət işi açılıb. Həyatın ironiyasına baxın, nefti, qazı ata malı kimi mənimsəyənlər indi də demokratları neft, qaz, enerji oğurluğunda ittiham edirlər”.
Yeni fikrin düşmənləri
Bu gün Ruslan Bəşirlinin həbsindən 6 il ötür. Ruslan “Yeni Fikir” gənclər hərəkatının lideri idi. 2005-ci ildə o, ən parlaq və ən populyar gənclər hərəkatına rəhbərlik edirdi.
Onu gözəl təşkilatçı və cəsur mübariz kimi lap tələbəliyindən tanıyıram. Ruslanla eyni vaxtda BDU-da oxuduq, eyni vaxtda siyasi həyata qədəm qoyduq, həyat elə gətirdi ki, Ruslanla bir vaxtda (1998) “Avrasiya” qəzetində jurnalist işlədim.
Ruslan heydərizmin ən güclü şəri ilə üzləşib. Baxın, Azərbaycan hakimiyyəti ən ağır cinayətlərdə ittiham edib tutduqlarını əfv edib buraxır, amma Ruslana qarşı münasibət hələ də aqressiv olaraq qalır.
Ruslan haqda ən ajiotajlı şayiə kampaniyası aparılıb. Bu gün də çoxları elə bilir ki, Ruslanı ermənilərə işlədiyinə görə tutublar. Uydurma şeylərdir, məhkəmə hökmündə Ruslanı dövlət çevirilişinə cəhddə günahlandıraraq 7 il azadlıqdan məhrum edib.
Istintaq müddətində, elə zindanda da Ruslana olmazın işgəncələr verilib. Ondan bir peşmançılıq, müxalifətə qarşı izahat, müsahibə vermək üçün elə alçaqlıqlar ediblər ki… Ruslan onların hamısına dözə bilib.
Ruslan öz həbsinin motivini məhkəməsində belə ifadə etmişdi: “Mən barlarda beyni yuyulan Azərbaycan gəncliyini zülmdən qurtarmaq üçün meydana səslədiyimə, çağırdığıma görə həbs olunmuşam”.
Azadlıq Ruslana yaraşır. Ən pis halda bir ildən sonra onu bayırda görəcəyəm.