Siz də tanıyın

Məhəmməd Məcidlini siz də tanıyın. Hamı tanısın. Qarabağ müharibəsindən romanlar yazıb Ilham Əliyevə yarınmaq istəyənlər də. Bu romanlarda sonrakı taleyi məlum olmadan yoxa çıxan insanlar da. Çünki bu qəhrəmanlardan biridi Məhəmməd bəy. Onun bugünkü dustaqlığı yadellilərin işğalına qarşı mübarizəsinin davamıdır. Nəticəsi deyil, məhz davamıdır. Çünki bu dustaqlığın özü də bir mübarizədir. Onun inamı və ümidi heç zaman sınmayıb.

Məhəmməd Məcidli – AXCP ictimaiyyətlə əlaqələr şöbəsinin ictimaiyyətdən təcrid olunmuş rəhbəri. Qarabağ veteranı və qazisi. Gənc tarixçi alim. Və nəhayət, vicdan məhbusu. Içindəki qəfəslə azadlığını qoruyub, onu əhatələyən qəfəsə təslim etməyən, döyüşçü qardaşımız. Onun dustaq olması barədə düşünəndə həmişə ağlıma dustaqlıq haqqında bu fikirlər gəlir – insanın ümidini öldürüb iddiasından əl çəkdirməyənə kimi, təbəssümünü söndürüb arzularını sonlandırmayana kimi o, dustaq deyil. Bütün türmələr və azadlıqlar insanın içindən başlar, içində bitər. Hər kəs birini dörd divar arasında düşünürkən özü başqa bir dörd divar arasında olduğunu unudar. Bu dünyada dustaq olmayan yoxdur. Biri xeyirin, digəri şərin dustağıdır. Zaman şərtidir, mütləq olan yalnız azad ruhdur. Onu dustaq etmək, hadisələrdən, adamlardan, hakimlərdən və ittihamlardan asılı etmək mümkün deyil.

Onu da fərarilik həbs edib. Indi üz astar olub, astardan üz tikirlər. Heç kim ayıbına kor olmur. Məhəmməd bəy də iğtişaş törətməkdə ittiham edilir. Hərçənd Məhəmməd Məcidlinin erməniyə atdığı güllələrin və Azərbaycan xalqının qanını içənlərə “dur” deməsinin haqq-hesabını verdiyini bilirik. Biz qəhrəmanları onları öldürəndən sonra tanıyırıq. Yaxaları əlimizdə olanda, onlar həmişə bizə borclu olublar. “Borclu borclunun sağlığını istər”, amma biz onların hər şeyini əllərindən alırıq. Gəncliyini, döyüşkənliyini, intellektini və fiziki azadlığını. Məhəmməd bəyin üzünə duran polislər bilsələr ki, O, insanların üzəduranlığa məcbur edilmədiyi cəmiyyət üçün savaşır, görəsən yenəmi belə davam edərdilər? Yalan deməyin nə mənası, mən belə situasiyalarda xalqdan çox bədgümanam.

Elə insanlar var ki, yetmiş il yaşayıb, ancaq lənətlə anılacaq, şeytanla müqayisə ediləcək işlər görürlər. Yaşamaqları ilə ölməkləri arasında heç bir fərq olmur. Hər ikisində insanlar sevinirlər. Məhəmməd bəyin qısa bir ömürə sığdırdığı bu qədər gözəlliklər onun kimliyinin sübutudur. Ilham Əliyevin xəbərlərini belə eşitmədiyi müharibənin barıtı ilə əli yanmış biridir Məhəməd Məcidli. Heydər Əliyevin yarımçıq oxuduğu tarix ixtisası üzrə doktorluq yazıb. Onu geridə qoyduğu ata-oğul rejiminin həbs etməsi də heç təsadüfi deyil. Bu ölkədə geriliyin gələcəklə böyük savaşı gedir. Məhəmməd bəy də bu savaşın cəfakeşlərindən, öndəgedənlərindən biridir. Onun getdiyi yolun məbədə apardığı kimsədə şübhə doğurmur. Dünya onu vicdan məhbusu sayır. Bu, vicdanın ittihamıdır. Vicdana qarşı ittihamdır. Vicdan barmaqlıqlar arxasındadır. Bir döyüşçünün, ziyalının və gəncin cəmiyyətin vicdanı rolunda çıxış etməsi çox sevindiricidir, amma ittiham olunması ondan da ağrılıdır.