Sabiq polis zabiti Salman Əliyevin Ziya Bünyadovun qətli ilə bağlı verdiyi açıqlamaları diqqətlə izləyirəm. Açıqladığı faktların detallarını, təfsilatını çıxmaqla, ümumilikdə hamı bu işlərin içində gizlənən sirlərin heç də hamısının açılmadığını həmişə bilib, müdhiş qətllərin başında kimlərin durduğunu, kimlərin himayəçilik etdiyini düşünmədən sadalamaq iqtidiarında olub. Çünki bu cür qapalı, kriminal xarakterli rejimlərin həmişə və hər yerdə eyni cür hərəkət elədiyi kimsəyə sirr deyil.
Bu açıqlamalardan bir qənaət hasil olur – üstü açılmamış, əslində isə gizlinləri dövlət orqanlarına yaxşı bəlli olan çox cinayətlər, tükürpədən sifarişlər və adı şok yaradacaq himayəçilər var. Gün gələcək, ictimaiyyət bu sirlərdən hali olacaq, onda başına döyəcək. Lap Seyid Əzimin dediyi kimi: “Gör kimə tabe olursuz, sizə mövla kim idi…”.
Bu tip gizlinlərdən hər gün bir səhifə, yarım səhifə də olsa, faş olur, kimsə hər hansısa səbəbdən artıq dözməyin mümkün olmadığını görüb qaranlıqlara işıq salır. Elə keçmiş polis zabiti Salman Əliyev də bunu deyir: “Əməliyyatçı nəyi, nə vaxt deyəcəyini yaxşı bilir”. Artıq əməliyyatçılar danışmağa başlayıb və deməli, həmin vaxt başlamağa başlayıb.
Indi bu yandan da yeni şok məlumatlar gəlməyə başlayır. Mən bu yazını yazdığım gün “Azadlıq” qəzeti belə bir anons verib:“Afiyəddin Cəlilovun və Şəmsi Rəhimovun qətlinin ən xırda detalları! Bu qrup onlardan və Ziya Bünyadovdan başqa daha kimləri öldürüb? Bu olayları dövlət terroru adlandırmaq olarmı? Heydər Əliyevə hansı korrupsiya faktları təqdim edilmişdi? Şəmsi Rəhimovu nə üçün izləyirdilər? Şəmsi Rəhimova çatası dosye hara göndərildi?..Müstəntiqin “Azadlıq”a dedikləri ilə qəzetin yaxın saylarında tanış olmaq imkanı vəd edilir. Mən isə deyirəm – bundan sonra hələ çox belə anonslarla qarşılaşacağıq.
Qurd və quzu təmsili
Sən demə, beş ildən qabaq Bakı Ağır Cinayətlərə Dair Məhkəmədə çox məzəli proses gedibmiş, təfsilatdan xəbərim olmayıb. Dünən bu haqda oxudum. Bilmədim gülüm, yoxsa?.. Hətta yoxsasını dəqiqləşdirə bilmədim. Çünki bu məhkəmənin baş qəhrəmanının özü 5 ilmiş ki, suallarına cavab axtarırmış, tapa bilmirmiş.Söhbət Səid Dadaşbəylinin məhkəməsindən gedir.
Məqalədə deyilir ki, dövlət çevrilişi ittihamı ilə 14 il azadlıqdan məhrum edilən Səid Dadaşbəyli dövlət başçısı Ilham Əliyevə növbəti müraciətini göndərib. Səid bəy dövlət başçısına bəzi suallar göndərib ki, cavabını dövlət başıçından yaxşı heç kim bilə bilməz. Əsas məqam bu: hakim Ənvər Seyidovun çıxardığı hökmdən belə məlum olur ki, guya Səid Dadaşbəyli 2006-cı ilin axırlarından 13.01.2007-ci ilə qədər prezidentin səlahiyyətlərini icra eləyib. Əgər o, 2006-cı ilin axırlarından 13.01.2007-ci ilə qədər prezidentin səlahiyyətlərini icra edibsə, bu zaman Ilham Əliyev harada olub?
Məncə, dövlət başçısına indiyə qədər belə asan sual verilməyib. Əgər Əliyev həmin vaxt harada olduğunu unutmayıbsa və bu haqda Dadaşbəyliyə rahat cavab verə bilərsə, deməli, o dərhal həbsdən azad ediləcək, Ənvər Seyidov isə hakimlikdən.
Mən o gümandayam ki, yəqin yaxın günlərdə Səid bəyin qapısı açılacaq. Çünki Əliyev üçün belə suala cavab verməkdən asan heç nə ola bilməz. Əks halda fikirləşəcəyəm, Seyidovun nəsə bir bildiyi var ki, onu hətta dövlət başçısı da bilmir. Ola da bilsin, hakim Seyidov bu hökmü çıxaranda “Ilham Əliyev yenə yoxa çıxıb” kimi qəzet xəbərlərinə əsaslanıb. Qəzet xəbərləri isə təəssüf ki, həmişə axıra qədər doğru çıxmır…