Qarabağ məsələsinin də müzakirəsi gözlənilir
Rahim Hacıyev: «Regionumuzun Avropa Birliyinə üzvlüyü üçün Fransa ciddi səylər göstərməkdədir»
Fransa prezidenti Nikola Sarkozinin bu ilin oktyabr ayında Cənubi Qafqaz regionuna səfər edəcəyi barədə məlumatlar yayılıb. Fransa prezidentinin ilk olaraq Gürcüstan, daha sonra Ermənistan və sonda Azərbaycanı ziyarət edəcəyi gözlənilir. Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olduğunu nəzərə alsaq, Nikola Sarkozinin Azərbaycan və Ermənistanda bir sıra məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcəyini ehtimal etmək olar.Siyasi ekspert Rahim Hacıyevin fikrincə, Fransa prezidentinin Cənubi Qafqaz regionuna səfərinə iki aspektdən yanaşmaq lazımdır. Birinci aspekt Avropa Birliyinin regionla bağlı yürütdüyü siyasətlə bağlıdır. Fransanın Avropa Birliyində iki aparıcı dövlətdən biri olduğunu deyən R.Hacıyev vurğuladı ki, Brüssel artıq uzun müddətdir regionla bağlı ciddi fəaliyyət göstərir: “Avropa Birliyinin Şərq tərəfdaşlığı proqramı Cənubi Qafqaz ölkələrinin Avroatlantik məkana inteqrasiyası yolunda mühüm mərhələlərdən biridir. Cənubi Qafqaz ölkələrinin Avropa Birliyinə üzvlüyü üçün ciddi səylər göstərilir. Bu istiqamətdə Avropa Birliyinin ən böyük dövlətlərindən biri kimi Fransanın da böyük rolu var”.
Avropa Birliyinin Cənubi Qafqazla bağlı siyasətini daha da fəallaşdırmasını təsadüfi saymayan R.Hacıyev hesab edir ki, Fransa prezidentinin səfəri zamanı region ölkələrinin AB ilə daha da yaxınlaşması üçün görülməli işlərdən danışılacaq. Səfərlə bağlı vurğulanmalı başqa bir məqam Fransanın son zamanlar dünyada gedən proseslərlə bağlı aktiv mövqe sərgiləməsində olduğunu deyən siyasi ekspert bildirdi ki, Qərb dövlətləri içərisində Fransa dünyada gedən proseslərdə ciddi rol alan dövlətdir: “Tunis, Liviya və digər ölkələrlə bağlı problemlərin həllində Fransanın böyük rolu var. Dünya miqyasında Fransa hazırda ciddi rol oynayan dövlətlərdən biridir. Heç bir şübhə yoxdur ki, bu səfər Fransa prezidentinin səfəri baxımından əlamətdardır. Hazırda Cənubi Qafqaz uğrunda Rusiya ilə ABŞ arasında rəqabət gedir. Təbii ki, bu prosesdə Avropa Birliyinin əsas dövlətlərindən biri olan Fransanın iştirakı vacibdir. Tam əsasla demək olar ki, səfər bir məqama görə də əlamətdar olacaq. Çünki hazırda dünyada böyük rolu olan Fransanın regionumuzda da proseslərin sürətlənməsinə təsir edə biləcəyi şübhəsizdir”.
Səfər zamanı Qarabağ probleminin həlli ilə də bağlı münaqişə tərəfləri ilə müzakirələr aparılacağını deyən R.Hacıyev vurğuladı ki, Fransanın dünyada gedən proseslərə təsiri artdığından, təbii ki, Sarkozi Qarabağ problemində yeni imkanların açılması üçün çox güman müəyyən təşəbbüslərlə çıxış edəcək. Və gələcəkdə prosesin sürətlənməsi üçün səbəb olacaq addımların reallaşması naminə zəmin hazırlanacaq”.
Xəyal