Rüstəm Ibrahimbəyova sual

Çox hörmətli Rüstəm müəllim!

Son vaxtlar çıxışlarınızı diqqətlə oxuyuram. Kifayət qədər cəsarətli fikirlər söyləyirsiniz. Kifayət qədər ciddi problemlər haqqında danışırsınız.

Sağ olun, var olun, bizlər sizin kimi şöhrətli ziyalılardan artıq illərdir belə fikirlər eşitmirik. Özünüz də bilirsiniz ki, hakimiyyətlə bağlı fikirləriniz hələ çox ehtiyatlıdır, bu hakimiyyətin gerçək mahiyyəti barədə danışmağa tələsmirsiniz. Bəzi nöqsanları müxtəlif ünvanlara paylamaqla necə iyrənc bir siyasi sistemlə üzləşdiyimizi dilə gətirmirsiniz, bu sistemin başında duranlar haqqında heç nə demirsiniz. Lakin mən bunu tələb etmək, yaxud irad tutmaq üçün Sizə müraciət etmirəm. Əksinə, Sizin son illərdə göstərdiyiniz tənqidi cəhdləri yüksək qiymətləndirməyi özümə borc bilir, bunun qədərincə faydalı olduğunu demək istəyirəm. Bilirəm ki, odla oynayırsınız. Bu hakimiyyətin Sizə batması asan deyil, amma siz də təhlükəli bir işə baş vurmusunuz.

 

Hörmətli Rüstəm müəllim!

Son çıxışlarınızda bildirirsiniz ki, bu hakimiyyət ziyalıları eşitmir. Böyük faciə kimi səslənmir, amma böyük faciədir. Ona görə böyük faciə kimi səslənmir ki, bu hakimiyyət heç kimi eşitmir. Bu xalqın ehtiyac səsini, iniltisini, yalvarışını, etirazını, harayını eşitmir. Mütərəqqi dünyanın çağırışlarını da eşitmir. Demirik ki, bizim hakimiyyət mütərəqqi, demokratik dövlətlərin dedikləri ilə oturub-dursun, amma müasir dünyada inkişafın yolunu müəyyən edən xoş niyyəti şübhə doğurmayan institutlar var. Bu gün hər bir ölkənin durumu, onu gözləyən tale həmin institut və təşkilatların müəyyən etdiyi müasirlik indeksləri ilə müəyyən edilir.  Məsələn, ölkələrdə azadlığın səviyyəsi, söz azadlığının durumu, iqtisadi rəqabətlilik, iqtisadi təşəbbüslərin azadlığı səviyyəsi, korrupsiyanın səviyyəsi, təhsillə bağlı indekslər, insan inkişaf indeksi və s. Bu göstəriciləri müəyyən edən təşkilatlar (Freedom House, Katon Institutu,  Beynəlxalq Şəffaflıq Təşkilatı, Əmnisti Interneyşnl və s.) hazırda bəşəriyyətin namusunu qoruyan qurumlardır. Bizim hakimiyyət bu qurumların qızıl kimi hesabatlarını qəbul edib ölkədəki durumu yaxşıya dəyişmək əvəzinə, onları ermənipərəst adlandırır. Belə bir hakimiyyət tənqidi fikir söyləyən ziyalını eşidərmi?!

Çox hörmətli Rüstəm müəllim!

Deyirsiniz ki, ölkəmiz fəlakətli bir mərhələyə yaxınlaşıb. Tamamilə doğru deyirsiniz. Baxmayaraq ki, hansısa gənclər hələ 10 il qabaq bu fəlakəti görüb, haray çəkirdi. Kimlərsə bunu hansısa avara adamların siyasi-publisistik sayıqlamaları sayır, kimlərsə güman edirdi ki, bunları eşitmədən yaşamaq daha sərfəlidir. Lakin indi elə dönəm gəlir ki, artıq heç kimə sərf etməyən bir mərhələyə qədəm qoyuruq.
Bunun birbaşa məsuliyyətini daşıyan ölkə başçısı var. Mənim sualım onun məsuliyyəti ilə bağlı deyil. Eyni zamanda bizim bu günlərə gəlməyimizdə ziyalıların böyük məsuliyyəti var. Onlar susdu, onlar bu hakimiyyətə xoş üz göstərdi, onu susmaqla, təriflə bəstələdilər, indi isə heç kimi eşitməyən bir hakimiyyətlə üz-üzə qalmışıq. Mən bu haqda da soruşmaq istəmirəm…

Siz özünüz də ziyalıların bu gün susmasından da danışırsınız. Bu, sizin sözlərdir: “Ziyalıların əksəriyyəti ictimai-siyasi proseslərə qarışmaq istəmir. Başa düşmürlər ki, əslində dövlətçilik maraqlarını tapdalayırlar.”

Bu sözlərə görə sizə “eşq olsun!” deyirəm. Amma sizə bir sual verməyə məcburam. Niyə bu ölkədə bütün tanınmış adamlar, tanınmış ziyalılar, tanınmış müxalifətçilər, həmçinin Siz Azərbaycanı fəlakətə gətirən və indi də səhv yolda olan bir hakimiyyəti tərifləyən, müdafiə edən, onun əziz-xələfi olan bir ziyalını – yazıçı Anarı göz bəbəyiniz kimi sevirsiniz? Bəlkə Anarın belə bir hakimiyyətlə əməkdaşlıq etmək, ona dəstək vermək kimi özəl bir üstünlüyü var? Mən onun tutduğu vəzifəyə etiraz etmirəm, ədəbi istedadını da mübahisə etmirəm, bunlar ayrı mövzudur. Onun son günlər apardığı qovğalar da heç diqqətə layiq deyil. Amma niyə başqalarının susması “dövlətçilik maraqlarını tapdamaq” olduğu bir vaxtda, Anarın dövlətçiliyi fəlakətə gətirənləri tərifləməsi normal sayılır?

Bu sualı təxribat saymayın. Kiminləsə aranızı vurmaq niyyəti də güdmürəm. Amma Anarın indiki ictimai mövqeyinə rəğmən, ona sevgilər indiki hakimiyyətin elədiyi ayrı-seçkiliyə oxşamırmı?! Bu halda başqa ziyalıları susmamağa çağırmağa mənəvi haqqımız çatarmı?