«Biz heç nədən qorxmuruq, Allah bizimlədir!!!»
Dünən – Ramazanın ilk cümə günündə yüzminlərlə suriyalı Cümə namazından dərhal sonra paytaxtın mərkəzinə yürüş ediblər. Aksiya ölkə başçısı Bəşər Əsədin Həma şəhərini tanklarla top atəşinə tutması, minlərlə insanın həyatını itirməsi və yaralanması, o cümlədən başqa şəhərlərdə da qanlı iğtişaşların davam etməsinə etiraz əlaməti olaraq keçirilib. Qeyd edək ki, Suriyanın mərkəzində yerləşən, 700 min əhalisi olan Həma şəhərində bazar günündən başlayan hərbi əməliyyatlar nəticəsində 135 nəfər həlak olmuş, minlərlə adam ağır yaralanmışdır. Hazırda sözügedən şəhərin əhalisi qorxu içindədir və gələcək talelərindən çox narahatdılar.
Fəalların bildirdiyinə görə, Ramazan günlərində gündüz vaxtı yeməyən, içməyən onminlərlə vətəndaş Suriyanın müxtəlif şəhərlərində küçələrə axışaraq Əsədin istefasını tələb etməklə, qanlı olayların mərkəzinə çevrilən Həma şəhərindəki həmvətənlərilə birlikdə olduqlarını nümayiş etdiriblər. Nümayişlər əsasən ətrafına ağır texnika və tankların toplandığı Deyl-əl-Zorda, Cənub Xuaran, Hüms şəhərlərinin mərkəzi hissələrində və ətraf rayonlarında, sahilboyu yerləşən Cableh şəhərində və paytaxt Dəməşqin bir neçə rayonunda baş tutub.
Xəbərlərdə o da bildirilir ki, Dəməşqlə Ərbin şəhəri ətrafında nümayişçilərə qarşı müxtəlif silahlardan atəş açılıb. Axşama doğru isə Suriyanın digər bölgələrində – Düma, Xüms və Kfar Inbil şəhərlərində və Idlib əyalətinin şimal-qərbində də aksiyalar keçirilib. Hələlik olaylar nəticəsində altı nəfərin yaralandığı bildirilir.
Nümayişçilərin əsas şüarı isə belə olub: “Biz heç nədən qorxmuruq, Allah bizimlədir!!!”. Onlar Həma şəhərindəki etirazçıları dəstəkləyən şüarlar da səsləndiriblər və Əsədi artıq hakimiyyətdən getməyə çağırıblar. “Siz suriyalılara əl qaldırdınız; Biz Bəşəri istəmirik”, – deyə “Əl-Cəzirə” telekanalının aksiyadan birbaşa yayımı zamanı bir qrup nümayişçi bəyan edib.
Bu arada, Suriyada hərbi donanması yerləşən və bu ölkəyə qarşı BMT sanksiyalarına hələlik qarşı çıxan Rusiyanın prezidenti Dmitri Medvedev Bəşər Əsədi dinc əhaliyə qarşı hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti bildirib ki, əgər rəqiblərilə razılığa gələ bilməsə, Əsəd öz qəmgin taleyilə risk etmiş olacaq.
Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurası artıq Suriya hökumətini nümayişləri yatırmaq üçün hədsiz güc tətbiq etməsi, insan haqlarını pozması və vətəndaşlara qarşı silahdan istifadə etməsinə görə kəskin tənqid edib. Bu qərar, Suriyada beş aydır davam edən və minlərlə insanın ölümünə səbəb olan nümayişlərdən sonra BMT-dən gələn ilk qınama olub. Bu isə Suriya dövləti üçün heç də yaxşı nəticələnməyəcək sanksiyalara bir addımın qaldığını göstərir.
Birləşmiş Ştatlar isə Suriyaya qarşı sanksiyaların müddətini artırıb və “qara siyahı”ya adı düşənlərin sırasına tanınmış biznesmen və parlamentin deputatı Məhəmməd Hamşonu da əlavə olunub.
Bir zamanlar Əsəd rejimini qətiyyətlə dəstəkləyən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da Bəşər Əsədi inadından dönməyə çağırıb: “Elə hadisələr var ki, qəbuledilməzdir… Suriya hakimiyyəti Türkiyədən və dünya ictimaiyyətindən gələn çağırışları təxirə salmadan qəbul etməlidir”.
Avropa Birliyində də Suriyaya qarşı genişmiqyaslı sanksiyaların tətbiqi artıq razılaşdırılıb. Avstriya xarici işlər naziri Mixael Şpindelegger bildirib ki, Suriya mümkün qədər daha çox təcrid olunmalıdır.
Bu arada, 11 illik hakimiyyətinin çətin günlərini yaşayan Bəşər Əsəd bir yandan ona müxalif olanları qanlı olaylarla susdurarkən, digər yandan da islahat keçirməyə çalışır. Əsəd ötən ay parlamentdə qəbul edilən çoxpartiyalı sistemə keçid qanununu təsdiqləyib. Əsədin bu islahat addımının BMT TŞ-nin Suriyaya qarşı sərt tənqidindən sonra atıldığı isə diqqətdən yayınmayıb. Müxaliflər çoxpartiyalı sistemə keçid qərarının “gözdən pərdə asmaq” və vaxt qazanmaq məqsədi güddüyünü bildirirlər.
Rəşad Alp


