Görəsən nə etmək lazım idi ki, Rusiya sənə bu qədər qəzəblənmiş olsun? O gün Dmitri Medvedevin müsahibəsinə qulaq asarkən beynimdən qeyri-ixtiyari olaraq bu fikir keçdi. Bəli, rusların Mixail Saakaşviliyə nifrəti çoxdan bioliji çalar kəsb edib. Bu nifrət hər hansı məntiq çərçivəsindən kənardadır. Amma mən deyərdim ki, müharibəni dərs hesab edən Medvedev çox pis müəllimdir. Bu gün Gürcüstanda hiss ediləcək təsir gücü olan Rusiya təmayüllü siyasi qüvvə yoxdur. Üstəlik, o bir detalı unudur: özünü hakim adlandırmasa da hakimlik edən Medvedevin müharibə dərsləri heç kimdə xoş təəssürat yaratmır. Bəli, bir vaxt Rusiyanı Çeçenistana qarşı böyük müharibə yapan gördük. Ruslar böyük çətinlik sayəsində hərbi qələbə çaldılar. Amma bu, kimdə heyrət və qibtə yaratdı? O vaxt da, indi də dünya Rusiyanı qınayır. Əslində Rusiyanın generalları, siyasətçiləri ən azı kiçik Çeçenistana görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir! Medvedev Rusiya-Gürcüstan müharibəsinin eləcə də Azərbaycan və Ermənistan prezidentləri üçün dərs olduğunu dedi. O, çox qəribəcə fikir dedi: “Onlar başa düşdü ki, sonsuz danışıqlar aparmaq daha yaxşıdır”. Bəli, bu fikrin əslində kimlərə ünvanlandığı məlumdur. Məhz elə Azərbaycan həmişə üzücü, nəticəsiz danışıqlardan bezdiyini, torpağını lazım gələrsə hərb yolu ilə alacağını deyirdi. Deməli, Medvedev Azərbaycanı bu fikirdən daşındırıb və indi artıq Azərbaycan hərbi ritorikasını az olsa da səngidib, daha çox üzücü danışıqlardan nəticə gözləmək əzmindədir. Budur Rusiyanın sülhpərvər missiyası! Öz torpaqlarını azad etmək fikrinə düşmə! Bundansa, Soçiyə yollanın, S.Sarkisyanın siyasi kaprizlərinə dözün və ümid edin ki, nə vaxtsa Rusiya sizin torpaqlarınızı qaytaracaq! Amma nə yaxşı ki, dünya təkcə Rusiyadan ibarət deyil! Elə Medvedevi özündən çıxaran məhz ABŞ Senatının qətnaməsi idi. Rusiyanın Gürcüstana müdaxiləsi də təcavüz adlandırılır! Bəli, Medvedev də etiraf edir ki, M.Saakaşvilinin arxasında ABŞ dayanıb! Hər halda buna görə M.Saakaşvilini təbrik etmək olar. Amma bizim hakimiyyət haqqında nə demək olar? Onlar da Saakaşvili kimi, heç olmasa, bir müttəfiq tapıblarmı bu 18 ildə? Kimlər dayanıb onların arxasında? Bəlkə Rusiya? Bəli, Rusiya siyasi rejimin arxasında dayanıb, amma Azərbaycana arxa deyil! Bunlar da bu siyasi oyun qaydalarını qəbul ediblər, Medvedevin dediyi kimi, özlərini yaxşı şagirdlər kimi göstəriblər! Azərbaycan rəsmiləri Rusiya-Gürcüstan müharibəsini uzaq Çindən, olimpiadadan seyr edirdilər. Sözümüz yoxdur. Əsl distansion təhsildir! Əvvəlcə dediyimiz fikrə rəğmən, Medvedevi buna görə təbrik etmək məcburiyyətindəyik, belə çıxır, Boloniya sistemi-filan boş şeydir, ən “mütərəqqi” təhsil sistemi Medvedevin təhsil sistemidir. Hər halda, bizim hökumətə təsiri göz önündədir…
Siyasətdə opponent olmayanda
Volter deyirdi ki, mən sizin fikrinizi qəbul etməyə bilərəm, lakin sizin həmin fikri deməyiniz üçün hər şeyi etməyə hazıram! Bu, fikir 18-ci əsrdə deyilib. Bizim hakimiyyət adamları neçənci əsrdə yaşayırlar? Sizi bilmirəm, mən də düz 18 ildir ki, bu suala cavab axtarıram, hələ də tapmamışam və heç ümid də etmirəm ki, nə vaxtsa bu sualın cavabını tapacam. Mən dəfələrlə ölkəni cavabsız suallar ölkəsi adlandırmışam. Indilər də bu fikirdəyəm. Bir yandan yayın üzücü istisi, o biri yandan da siyasətin yeknəsəqliyi! Mən hərdənbir Türkmənistan televiziyası haqda eşidirdim. Eşitdiklərimi ölkəmdəki vəziyyətlə tutuşduranda görürəm ki, bir neçə il bundan əvvəl dediyim fikir doğru və dürüst imiş: Azərbaycanla Türkmənistanın fərqi odur ki, biri Xəzərin qərb, o birisi isə şərq sahilində yerləşir. Bəli, hər şey eynidir – bəlağətli nitqlər və minnətdarlıq dolu ismarışlar! Görünür, bütün millətlər də iki qrupa bölünür: xilaskarlar və xilas edilənlər! Biz xilas edilənlərik! Ona görə də hər adi günə, adi havaya, bir parça çörəyə görə əziz hakimiyyətimizə minnətdar olmalyıq, çünki bundan da pis ola bilərdi! Amma bir məsələ var: məgər qaradan tünd rəng olur? Yoxsa belə deyil?