Ictimai Palatanın Araşdırma Qrupunun başqanı, hüquq savçısı Vidadi Isgəndərlinin Göyçay Rayon Məhkəməsində işinə baxılır. Bu, olduqca maraqlı, Özgür, Demokratik Azərbaycan uğrunda apardığımız çarpışma baxımından, eləcə də əliyevçi antimilli, antidemokratik rejimin iç üzünü açmaq baxımından tarixə düşəcək bir məhkəmə prosesidir. Burada Xeyirlə Şərin ölüm-dirim savaşı gedir. Burada Şər konkret olaraq, aşağıdan yuxarıya Şər rejiminə qulluq eləyən kimsələrin canlı, yaramaz obrazında ortaya çıxır. Burada Xeyir Vidadi Isgəndərli adında bir alınıb-satılmaz, əyilib-yenilməz Azərbaycan oğlunun döyüşkən obrazında ortaya çıxır. Günümüzün, Çağımızın yenilməz Igidi, Qoçağı, Alpı Vidadi Isgəndərli!
Göyçaya aparan yollar
Gözəl Göyçaya Şamaxı yoluyla getdik. Bakı Göyçay yolu, sözsüz, qabaqlarda olduğundan xeyli yaxşıdır. Ancaq illərlə yol adına yeyilən milyonlarla pulun yanında bu “yaxşı” elə də yaxşı deyil. Bakıda baş verənlər Bakıdan qıraqlarda da baş verir. Bakını illərlə qazıq-qazıq eləyib milyonlar qazananlar bu praktikanı çoxdan ölkə boyu magistral yollara da keçiriblər. Bakı-Hacıqabul “Ipək yolundan” tez-tez keçənlər bilirlər: bu yolda illərdir dayanmadan təmir-yenidənqurma işləri gedir – dünən düzəltdiklərini bu gün söküb yenidən düzəldirlər. Bir az sonra yenidən söküb düzəltmək üçün! Körpülər, yeraltı keçidlər, nələr, nələr. Bütün bu işlər Ziya Məmmədov dəstəsinə, eləcə də prezident Ilham Əliyevə milyonlar qazandırır. Bütün bu işlərin görülməsində başlıca bir amac var: büdcə pullarını mənimsəmək! Bü gün ölkəni bütünlüklə bürüyən oğurluq-soyğunçuluq, yeyinti-mənimsəmə faktlarının başında… başda duranlar durur. Bunu Göyçay rayon məkəmə binasının qarşısında görüb qonuşduğumuz hər bir adamın dilindən eşitmək olardı.
Prezident Administrasiyasından qaynaqlanan qanunsuzluq, rüşvət, korrupsiya, monopoliya görsənişləri rayonları, o sıradan, Göyçayı bütünlüklə sarmış durumdadır. Vidadi Isgəndərli illərdən bəri belə qanunsuzluq görsənişləri ilə BARIŞMAZ çarpışma apardığından, bu gün dustaq durumundadır. Yox, dustaq durumunda deyil eləcə dustaqdır. Onu dustaq durumunda saymaq çətindir. O özünü dustaq saymır, dustaq ediləsi kimsə saymır, çox düzgün olaraq ölkəni bu günə salanları potensial dustaq sayır, ən aşağılardan ən yuxarılaradək onlara suçlamalar yağdırır. Bütün bunlara görə inamla demək olar: Bakıdan ölkənin bütün bölgələrinə böyük qanunsuzluq axarında kriminal yollar, qollar, əllər uzanıb gedir. Bunlarsa Vidadi Isgəndərlinin məhkəmə prosesində hər gün ortaya çıxan çoxsaylı faktlarla yasalanır, damğalanır, məhkəmə-araşdırma materialları ilə danılmaz gerçəklik, eləcə tarix faktına çevrilir. Bu gün KORRUPSIYAÇI KRIMINAL hakimiyyətin tutub DUSTAQ etdiyi Vidadi Isgəndərlinin sərgilədiyi döyüşkənliyin, apardığı savaşın böyüklüyü, önəmi bundadır!Tanıdığımız, tanımadığımız Vidadi Isgəndərli
Vidadi bəyi qəzetlərdən, onunla bağlı yayılan informasiyalardan tanıyırdım – çarpışmaçı bir kimsə olaraq. Sonra onunla bir qurumda – Ictimai Palatada yoldaş olduq. O, Ictimai Palatada özünün aşırı emosional çıxışları ilə seçilirdi. Çoxlarının bəyənmədiyi, bəyənə bilmədiyi bu aşırı emosional çıxışların arxasında Vidadi bəyin böyük yurddaş yanğısı, Ölkə, Dövlət sevgisi dayanırdı. Bizdə çoxları hakimiyyət-dövlət anlayışlarını bir-birinə qarışdırır. Ən çox da bizim bütünlüklə rüşvət-korrupsiya bataqlığına batmış hüquq-məhkəmə sistemində. 2 aprel aksiyası ilə bağlı tutulub aparıldığım Yasamal polis idarəsinin rəis yardımçısı Cavid Muradov da mənə fiziki basqı göstərəndə belə demişdi: “Sən dövlətçiliyə qarşı yazılar yazırsan”. Bunlar bilərəkdən, bilməyərəkdən bizləri dövlətimizin düşməni olaraq tanıtmağa çalışırlar. Dövlətin düşməni dövləti rüşvətdən, korrupsiyadan, oğurluqdan, soyğunçuluqdan uzaq, qanunlara, qanunçuluğa bağlı görmək istəyənlər, bu yolda çarpışma aparanlar deyil, rüşvət, korrupsiya, oğurluq, soyğunçuluq – hər cür qanunsuzluq hakimiyyətinin əlaltısına, nökərinə, qulluqçusuna çevrilərək, Dövləti çökürtmək yolu tutanlardır. Vidadi bəy, sözsüz, birincilərdən, Demokratik, Güclü Azərbaycan Dövləti uğrunda çarpışma aparanlardandır!
Vidadi Isgəndərli Ictimai Palatanın 2 aprel aksiyasında tutulub, ancaq… məhkəmə materiallarından göründüyünə görə, onun tutulması ilə bağlı göstəriş yuxarıdan verilib, bu yöndə işlər çoxdan başlayıb. Düz 2010-cu ilin 7 noyabrından – seçki günündən. Vidadi Isgəndərlinin deputat seçilməyə çalışdığı seçki dairəsindən Nəqliyyt naziri Zziya Məmmədovun adamı, Iqtisad universitetinin rektoru Şəmsəddin Hacıyev OLMALI! idi. Vidadi Isgəndərli seçkinin başlanğıcından sonunadək, sonundan indiyədək arxasında Prezident Administrasiyasının, Nəqliyyat naziri Ziya Məmmədovun, sonuncunun xalası oğlu, Göyçay rayon Icra hakimiyyətinin başçısı Mənsur Məmmədovun durduğu bir adamla çarpışma aparıb, aparır. Düzünə qalsa, Vidadi Isgəndərlinin çarpışma apardığı bir adam, bir neçə adam deyil, bütöv bir sistemdir – əliyevçi antidemokratik sistem. Bunu o özü də gündəlik məhkəmə çıxışlarında dönə-dönə vurğulayır. Bir var adam bildiyi çarpışmanı apara, bir də var bilmədiyi çarpışmanı. Vidadi bəy bildiyi çarpışmanı, bilərəkdən sistemlə sistemli çarpışma aparır – onun bir çox başqalarından üstünlüyü bundadır!
Qalxın, REJIM gəlir!
Bügünkü əliyevçi hüquq-məhkəmə sistemini, başqa cür desək, əliyevçi diktatura rejimini yalnız bu cür dəyərləndirmək olar!Burada hakim – rejim hakimi, “dövlət ittihamçısı” adlanan kimsə rejim ittihamçısıdır. Bütün başqa oxşar məhkəmələrdə olduğu kimi, bunu Vidadi bəyin məhkəməsində də proses boyu görmək olar. Vidadi bəylə bağlı istintaq işi başlıca olaraq 2011-ci ilin mayında, 2 aprel aksiyası ilə bağlı tutulandan sonra aparılıb. Kimlərsə kimlər kimisə gülüb deyə bilərlər: Ay Xaliq, istintaq işi Vidadi Isgəndərli 2 aprel aksiyasından sonra aparıldığına görə də sən bizim bu sevimli hakimiyyəti qınayırsan? Sözsüz, Vidadi bəy 2 aprel aksiyasında tutulandan sonra onunla bağlı uyğun istintaq işləri aparıla bilərdi. Ancaq… Vidadi bəylə bağlı bu ilin may ayında aparılan istintaq işi… Inanmazsıs… keçən ilin 7 noyabr seçki günü ilə bağlıdır. Mayın ortalarında Vidadi bəylə bağlı istintaq işi başlayıb, reaktiv gedişlə sürüb, reaktiv gedişlə başa çatıb!“Zərərçəkmiş-şahidlər” dindirilir. Adam proses boyu öz-özünə min yol şükür eləməli our: “Nə yaxşı, başımda papaq olmayıb!”. Papaq olsaydı, nə olasıydı? Görüb-eşitdiklərindən dəli olub vız-vız duran tüklərin əlindən papaq hər an atılıb yerə düşəcəkdi. Bilənlərin dediyinə görə, məhkəmə prosesi rayon IH başçısı M.Mmmədovun kontrolu altında keçir. Bildirildiyinə görə, bu kontrol prosesinə IH hüquq şöbəsinin müdiri Ruslan Əlizadə başçılıq eləyir. Vidadi bəyin məhkəmə prosesi kənd icra nümayəndələri, bələdiyyə başçıları üçün 70-ci illərin ZƏRBƏÇI ƏMƏK CƏBHƏSINƏ çevrilib. Qıraqdakıları dedik, içəridə bu ZƏRBƏÇILƏRIN başında hakimlə prokuror durur. Onlar – hər ikisi – bütün güclərini bacarıqlarını, yetkilərini işə salaraq prosesin düzgün arşdırma axarına düşməsinə yol verməməyə çalışırlar. Bunun niyəsini Vidadi bəy hər gün deyir: siyasi sifariş! O, verilən siyasi sifarişin arxasında baş prokuror Zakir Qaralov başda olmaqla kimlərin durduğunu da açıq bildirir.
“Zərərçəkmiş-şahid” tamaşası
Proses boyu ortaya çıxan faktlara uyğun olaraq belə demək olar: istintaq konveyer metodu ilə aparılıb – elə bil, bir “izahatın” 30 nüsxəsi çıxarılıb, ayrı-ayrılıqda 30 adamı gözaltılayıb, qol çəkdiriblər. Bax, buna görə də bütün “zərərçəkmiş-şahid” soruşdurmaları adamda istər-istəməz gülüş doğurur. Bu isə proses boyu hakimlə prokuroru özündən çıxarır. Bu soruşdurmalardan yalan, yaltaqlıq, rüşvət, korrupsiya rejiminin iç üzü açılır. Istər-istəməz dodaqqaçdı, gülümsəmə, gülüş baş verir. Bu da prokurorla hakimi cin atına mindirir: qulluq etdikləri rejimin çürüklüyünü, adamları necə gülünc günə qoyduğunu görmək onlara, sözsüz, ağır gəlir. Prokuror buna görə durub qışqırmalı olur: “Mən etiraz eləyirəm: zərərçəkmişə təzyiq göstərilir!”. Hakim buna görə səsinə güc verməli olur: “Mədəniyyətiniz olsun, nəyə gülürsüz!”. O yerdə gülmək deyil, gülməmək mədəniyyətsizlikdir, yoldaş hakim. Gülmək, sonra da ağlamaq gərəkir o yerdə.
Məktəb direktorunun yardımçısı, müəllim tanınmış bir hüquqçunu, təpərli bir yurddaşı türməlik eləyən yalançı, qondarma “izahata” qol çəkir, sonra da məhkəmə prosesində, hamının gözü qarşısında tər tökə-tökə: “Mən dəliyəm, mən xəstəyəm, məndən əl çəkin!” deyərək soruşdurmadan boyun qaçırmağa çalışır. Bu adam “müşahidəçi” olub, ancaq bir çox başqa müəllim-“müşahidəçi” kimi o da nəyi, niyə “müşahidə” elədiyini özü də bilmir. Vidadi Isgəndərlinin “Siz müşahidəçi olaraq hüquq və vəzifələrinizi bilirsinizmi?” sorusuna bir xanımı çıxmaqla, bu müəllim-“müşahidəçilərin” hamısı “bilmirəm” cavabını verir. Bax, burası daha gülməli deyil, ağlamalıdır. Vidadi Isgəndərli bu yerdə coşub özündən çıxır: “Gör bu dövləti nə günə qoyublar – görəcəyi işin nə olduğunu bilməyənlər seçki keçirirlər!”. Özlərinin görəvlərinin, hüquqlarının nə olduğunu bilməyən bu müəllim-“müşahidəçi” yığını seçkidəki qanun pozuntularının üstünü alan-açan Vidadi Isgəndərlini qanunu pozmaqda suçlayır.
O biri müəllimlər kimi çoxsaylı “bilmirəm” ustası olan bir müəllim seçkiyə “Qeyri-Hökumət Təşkilatlarından” birinin “müşahidəçisi” olaraq qatıldığını bildirir. Ondan “Qeyri-Hökumət Təşkilatının” adını soruşanda “bilmirəm” deyir. Vidadi bəy Bilmirəm müəllimdən “ümumiyyətlə, Qeyri-Hökumət Təşkilatının nə demək olduğunu” soruşur. Müəllim utanıb-qızarmadan “bilmirəm” deyir. Buna necə gülməmək olar? Gülmək, sonra ağlamaq! Görəsən, Əliyevlərin ünlü Təhsil naziri Misir Mərdanov bu yerdə nə eləyər? Nə gülər, nə ağlayar: “Pul gətirin, – deyər,- biliksizliyə görə pul!? Ondan yuxarılar da eləcə. Buna görə Azərbaycan təhsilinin BAL reytinqi hər il aşağı düşür. Gedə-gedə bütünlüklə SU olacaq, özü də içməli su yox, rüşvət içində iylənmiş su! Burası da ilginc bir görsəniş: prokuror Bilmirəm müəllimi çətinlikdən qurtarmaq üçün ayağa qalxır: ”Müəllim o nədir, o QHT-lər birliyi var e, ordan müşahidəçi olub. O, başında da deputat durur e, nədi onun adı?” (Azay Quliyevi demək istəyir). Prokurorun dediyi elə ordaca yalan çıxır. Ölkənin başqa yerlərində olduğu kimi, Göyçayda da “müşahidəçi” adlananların çoxu saxta seçkinin özü kimi saxta olub.
17 saylı seçki məntəqəsindən iki qadın müəllim soruşdurmaya çəkilib. Onlar da keçirdikləri yalançı, saxta seçki kimi yalançı, saxta “izahata” qol çəkiblər. Onların da “izahatda” “yazdıqları” ilə məhkəmədə dedikləri üst-üstə düşmür. Vəkil Xalid Bağırovun, Vidadi Isgəndərlinin soruları başqaları kimi onları da çətin duruma salır. Özləri öz suçları üzündən çətin duruma düşən bu müəllim-qadınlar tez-tez deyirlər: “Mən qadınam, məni çox sorğu-suala tutmayın”. Vidadi bəy bu yerdə dözmür: “Siz qadın olduğunuzu seçkini saxtalaşdıranda, sonra da məni türməlik eləyəcək saxta ”izahata” qol çəkəndə düşünməliydiniz”. Bu yerdə qadınların dediyinə baxın: “Mən anayam, bala başı saxlayıram”.
Vəkil Xalid Babayev gözlənilmədən çox incə bir detala toxunur. “Siz müəllim kimi nə qədər maaş alırsız?” – “100 manat”. “Bəs, seçki məntəqəsinin üzvü olaraq nə qədər maaş alırsız?” – “110 manat”. Budur, bax, budur Ilham Əliyevin sosial dövləti! Bircə neftdən Azərbaycana hər gün 90 milyon dollar pul gəlir. 50 öyrəncisi olan müəllim 100 manat aylıq alır. Sonra da o, “bala başı saxlamaq üçün” hər cür cinayətə, hər cür xəyanətə qol qoyur: qadın-kişiliyindən asılı olmayaraq!