Həqiqətən də çox miskin mənzərə idi. Mən Hüsnü Mübarəkin sağlamlıq vəziyyəti ilə bağlı elə də dəqiq məlumatlı deyiləm. Başqa epizodlarda üzündən qəddarlıq və hökm yağan general Mladiç də indi özünü xəstəliyə vurur. Bir detal diqqətimdən qaçmadı. Rəyi soruşulanların hamısı Mübarəkə ömürlük həbs cəzası verilməsini istəyir, insanlar onun daha artıq cəza çəkməsini və ani ölümlə yaxasını qurtarmamasını arzulayırlar. H.Mübarək nə edib? Bəli, indi bu suala misirlilər özləri də asanlıqla cavab verə bilirlər – o, insanların ömrünü oğurlayıb! Mənə elə gəlir ki, bu, ən sərrast ifadədir. Mən hələ qətlə yetirilmiş 800-900 aksiya iştirakçısını demirəm! Başqa şeyi də bilmirəm – görən, B.Əsəd hansı cəzanı alacaq? Çox güman ki, bunu suriyalılar özləri müəyyən edəcəklər. Bəli, Şərqin despotik siyasi modelləri çökür, heç kimə istisna edilməyəcək. Şərq despotik modellərinin çökməsilə şərq modelinin axtarışları da bitməli idi. Amma nə etmək olar? Yalnız ağıllı adamlar başqa insanların səhvlərindən öyrənirlər, ağılsızlar isə başqalarının səhvini təkrar edir və hətta bunu sezmirlər, onlara elə gəlir ki, onlar daha ədalətlidirlər və xalq onlara tamam başqa münasibət bəsləyir. Amma bir gün aydın olur ki, məsələ başqa cür imiş və o vaxt gec olur, çox gec…
“Ərəb baharı” həm də başqa bir siyasi yeniliyin təməlini qoydu – insanlar despotların məhkəmə qarşısında dayanmasını istəyirlər. Bəzi hallarda despotlar devrilməklə, bir də sərvətlərinin bir hissəsini itirməklə canlarını qurtarırdılar. Bəlkə vaxtında kommunist liderlər də mühakimə olunsaydılar indi keçmiş sovet ölkələrində tamam başqa mənzərə olardı. Polşa bu məsələyə yaxın idi, amma onlar da “dekommunizasiya aktı”nı qəbul etdirə bilmədilər. Təsəvvür edin, belə bir akt minlərlə keçmiş kommunistin hakimiyyətə və vəzifəyə yolunu bağlayar və ölkəni onların ikinci zühurundan xilas edə bilərdi. Yadıma gəlir ki, hətta Çili fəalları A.Pinoçetin məhkəmə qarşısına gətirilməsinə nail ola bilmədilər.
Ərəblər isə bunu edirlər. Çox güman ki, bu da bir presedent rolu oynayacaq və digər diktatorlar da bu aqibəti yaşayacaq.
Öcalan niyə Azərbaycanı seçmişdi?
Burada bir məsələyə də münasibət bildirmək istəyirəm. I.Əliyevin bu günlər R.T.Ərdoğanla birgə mətbuat konfransında PKK ilə bağlı açıq mətnlə dediyi fikirlər hələ də ictimaiyyəti məşğul edir. Insanlar bu fikirlərin səmimiliyinə əmin olmaq və prosesin inkişafını görmək istəyirlər. Sonuncu isə məsələnin Milli Məclisdə müzakirəsi, müvafiq qərarın qəbul edilməsi ola bilərdi, yoxsa bu bəyanat da əvvəlki dövrlərdə verilmiş digər bəyanatlar kimi yalnız ritorik mahiyyət kəsb edəcək. Insanlar məsələnin məhz bu psixoloji tərəfinə daha çox diqqət yetirirlər. Əgər hökumət axıra qədər getmirsə və yaxud da sükut varsa, deməli, ortada nəsə var – əsas məntiq budur. Bəs Azərbaycanın bu günə qədər PKK ilə bağlılığını sübut edən başqa bir detal varmı? Vaxtilə elə məhkəmədə PKK lideri A.Öcalan öz təşkilatının dayaqlarından birinin məhz Azərbaycanda olduğunu demişdi. Öcalan bununla nə demək istəyirdi? Niyə məhz Azərbaycanı seçmişdi? Məqsədi Azərbaycanla Türkiyənin əlaqələrini pozmaq idisə bu, onun nəyinə lazım idi? Bu sualların bu günə qədər dəqiq və dürüst cavabı yoxdur. Bəlkə də bununla Öcalan Ermənistana elə özünün növbəti xidmətini göstərmək istəyirdi? Axı Ermənistanla PKK arasında ciddi əlaqələrin olması, hətta PKK dəstələrinin Ermənistanda hazırlanması haqda çox deyilib və erməni mənbələri də bunu inkar etməyib! Qərəz, çox çətin məsələdir. Bəlkə xüsusi bir qərarın qəbul olunmasına ehtiyac yoxdur, çünki Azərbaycan antiterror koalisiyasının üzvüdür, terrorçu təşkilatların dəqiq siyahısını tərtib edən və PKK-nı da elə bu siyahıya salan ABŞ-la strateji müttəfiqdir və özünün bu müttəfiqlikdən irəli gələn öhdəliklərini bilir. Amma məsələnin belə qoyuluşu insanları qane etmir, onlar məsələnin axıra qədər çözülməsini, PKK ilə bağlı qanunun qəbul edilməsini istəyirlər. Hökumət də səmimidirsə, bunu niyə etməsin?..



