Azərbaycan aldığı krediti səmərəli xərcləyəcəkmi?

Qubad İbadoğlu: «İri layihələri beynəlxalq bankların maliyyələşdirməsi daha düzgün olardı»

Asiya Inkişaf Bankı müxtəlif layihələrin maliyyələşdirilməsi üçün 2011-2013-cü illərdə Azərbaycana 945 milyon dollar kredit, 2 milyon dollar da qrant ayıracaq. Vəsaitin bir qismi paytaxtda nəqliyyatın inkişafına sərf ediləcək. Həmçinin istixana qazlarının tullantılarının nəticələrinin azaldılması, su təchizatı və kanalizasiya xidmətləri də prioritet sahələrdəndir.
Qeyd edək ki, Azərbaycan bir müddət əvvəl Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində Gürcüstana əlavə vəsait ayırıb. 575 mln. dollar həcmində kredit 5%-lə verilib. Bu günlərdə isə Azərbaycan Belarusa 0,01 faizlə 300 mln. dollar kredit ayırıb.
Azərbaycanın aldığı kreditlərin faizi isə bundan xeyli yüksəkdir. 
Cüzi faizlə kredit verən Azərbaycanın yenidən borca girməsi nə dərəcədə səmərəli sayıla bilər?
Azərbaycanın güzəştli kredit alan ölkələr siyahısında olmadığını deyən iqtisadçı-ekspert Qubad Ibadoğlu beynəlxalq təşkilatların verdiyi kreditlərin illik faizlərinin 5-6 faiz səviyyəsində olduğunu bildirdi. Bu da Azərbaycanın verdiyi kreditlərlə müqayisədə xeyli çoxdur.
Ekspertin sözlərinə görə, iri layihələri beynəlxalq bankların maliyyələşdirməsi daha düzgün olardı: “Kredit ayrılan zaman söhbət yalnız puldan getmir. Burda digər texniki köməklər ola bilər. Belə kreditlər adətən, ölkəyə müəyyən texniki dəstək, texnologiyaların tətbiqi deməkdir. Bu, həm də yeni nou-hauların gətirilməsinə imkan verir”.
Ekspertin fikrincə, Asiya Inkişaf Bankının həyata keçirdiyi layihənin səmərəsi Azərbaycan hökumətinin həyata keçirdiyi layihələrin səmərəsindən daha yüksək qiymətləndirilməlidir. Çünki bu bankların şəffaflıq, demokratiya, layihənin qiymətləndirilməsi, tenderlə bağlı standartları var. Bu  baxımdan onların vəsaitləri daha səmərəli xərclənir, nəinki büdcədən investisiyaya yönəldilən vəsaitlər”.

Fizzə