İslamçıların məhkəməsi qalmaqalla başladı

Məhkəmə heyətinə etiraz edildi; iştirakçılar zaldan çıxarıldı

 

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakimiyyəti zorla ələ keçirməkdə və terrora hazırlıq görməkdə ittiham olunan Islam Partiyasının sədri və üzvlərinin məhkəmə baxışı davam edib. Məhkəmə qarşısına partiyanın sədri Mövsüm Səmədov və 6 üzvü çıxarılıb. Prosesi izləməyə gələn dindarlardan 30-a yaxını məhkəmə binasının qarşısında gözləməli olub. Onlar məhkəmə salonunda yer olmaması səbəbilə binaya buraxılmayıblar. 
Məhkəmə qarşısına çıxarılan Firdovsi Məmmədrzayev partiya sədrinin qaynı, Dəyanət Səmədov qardaşı oğlu, Vaqif Abdullayev sədr müavini, Rufulla Axundzadə partiyanın Astara rayon təşkilatının sədri, Fəramiz Abbasovla Zülfüqar Mikayılov partiya üzvləridirlər. Müttəhimlərdən 6 nəfər həbsdə, 1 nəfər – Z.Mikayılov ev dustağı olaraq zamindədir.

Afrika məhkəməsi ilə müqayisə

Iclas başlayan kimi təqsirləndirilənlər və vəkilləri məhkəmə tərkibinə etiraz etdilər. Vəsatətlərini belə əsaslandırdılar ki, keçirilmiş üç hazırlıq iclasında onların heç bir vəsatəti təmin olunmayıb. Vəkillər tutulanların mənzillərindən çıxan silahlarla bağlı sübutların olmamasına görə cinayət işinə xitam verilməsi, barələrindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmə iclaslarında video və fotoçəkilişlərə icazə verilməsi ilə bağlı vəsatətlər qaldırıblar. Ilk olaraq sözə Mövsüm Səmədovun vəkili Anar Qasımov başladı: “Möhtərəm hakim, Afrika kimi yerdə Hüsnü Mübarəkin məhkəməsini canlı yayımlayırlar ki, xalq görsün, məlumatlansın. Sizsə məhkəmə zalında foto çəkilməsinin də qarşısını alırsınız”
Təxminən 15 dəqiqəlik müşavirədən sonra hakim heyəti məhkəmə tərkibinə etirazla bağlı vəsatətin təmin olunmadığını bəyan etdi. Sonra prokuror Vüqar Quliyev ittiham aktını elan etməyə başladı. Əvvəlcə M.Səmədova qarşı ittihamlardan danışıldı. Ittihama görə, M.Səmədov rəsmi dövlət qeydiyyatı olmayan Islam Partiyasına daxil olan bir neçə nəfərlə ölkədə terrora hazırlıq işləri aparıb. Cihada çağırışa, mövcud hakimiyyəti dəyişməyə yönələn hərəkətlər edib.
Istintaq orqanı cinayət işinin başlanmasına əsas kimi M.Səmədovun yanvarın 2-də hicabla bağlı çıxışını göstərib. Ittiham aktında qeyd olunur ki, partiyanın hazırda həbsdə olan üzvləri, o cümlədən Səmədovun həbsdə olan qohumları ətrafında aparılan əməliyyatlar zamanı silahlar aşkar edilib.
Prokuror ittiham aktının bu hissəsini elan etdikdən sonra hakim M.Səmədova müraciət etdi:
Hakim: Səmədov, qalxın ayağa. Dövlət ittihamçısı ittihamı elan etdi. Mahiyyəti sizə aydındır?
Mövsüm Səmədov: Bəli.
Hakim: Ittihamı qəbul edirsiniz?
Mövsüm Səmədov: Xeyr.

“Məzlumların haqqını tapdalayırsız”

Bu vaxt zaldan səslər eşidildi:
– Bismillahir-Rəhmanir-Rəhim. Siz burda məzlum insanların haqqını tapdalayırsız.
Hakim: Nəzarətçi, çıxart bu adamı.
Zaldan: Nə istəyirsiz bu millətin canından.
Məhkəmə salonunda prokurorun elan etdiyi ittiham aktına etiraz səsləri çoxalmağa başladı.
Mövsüm Səmədov: Ağa, səbirli ol.
Nəzarətçilər Ağa Seyid kimi çağırılan həmin şəxsi məhkəmə salonundan kənarlaşdırdılar. Bundan sonra salonda əyləşmiş hicablı qadınlar etiraz olaraq səslərini qaldırdılar.
Hakim: Çıxarın onları da zaldan!
Nisbətən sakitlik yaranandan sonra prokuror ittiham aktının digər tutulanlarla bağlı hissəsini elan etdi. Ittihama görə, onlar terrora hazırlıq məqsədilə M.Səmədovun ətrafında birləşərək naməlum mənbədən odlu silahlar əldə ediblər. Həmin silahları yaşadıqları mənzildə, mənzilin həyətində, M.Səmədovun qohumu Dəyanət Səmədovsa işlədiyi mağazada gizlədib. Rufulla Axundzadə isə evində silah saxlamaqla yanaşı həm də Iran Islam Respublikasının “Səhər” kanalına telefon vasitəsiylə verdiyi müsahibədə dövlətçilik əleyhinə çıxışlar edib. Bunları prokuror ittiham aktından elan etdi.
Bundan sonra hakim təqsirləndirilənlərdən ittihamları qəbul edib-etmədiklərini xəbər aldı.

Bu qədər də olmaz!

Vaqif Abdullayev: Qondarma ittihamlardır. Bu qədər də olmaz axı. 
Hakim: Rufulla Axundzadə, ittihamın mahiyyəti sizə aydındır?
Rufulla Axundzadə: Xeyr, aydın deyil. Eyni sözləri prokuror Hacı Mövsüm, Hacı Vaqif, Ağa, sonra da mənim haqqımda dedi. Bilmirəm  təşkilatçı mənəm, yoxsa kimdir? Bilmirəm götürüm bu günahı boynuma, ya götürməyim. O qədər sözə ehtiyac yoxdur, bir kəlmə söz desin ki, mənim günahım nədir.
Hakim ona hansı maddələrlə ittiham olunduğunu təkrarladı. Və dedi ki, bu, hələ o demək deyil ki, o, bu cinayətləri törədib. Bunu məhkəmə araşdıracaq.
Rufulla Axundzadə: Deməli, bu hələ istintaqın qənaətidir hə?
Hakim: Bəli.
Rufulla Axundzadə: Onda heç olmasa saxlanc yeri yazmayaydı, yazaydı gedib camaatın həyətindən götürmüşük. Təxəyyüllərinin sirrini niyə ortaya qoyublar. Bu təxəyyüldür axı. Öz təxəyyüllərinə əsaslanıb yazıblar.
Hakim: Onu məhkəmədə aydınlaşdıracağıq.
Məhkəmə iclası yalnız günün birinci yarısı keçirildi. Hakim məhkəmə iclaslarının həftədə iki dəfə keçirilməsini də təklif etsə də, vəkillər buna etiraz etdilər. Bildirdilər ki, təqsirləndirilənlərin hamısı oruc tutur. Həftədə iki dəfə məhkəməyə gətirilib-aparılmaları onlara ikiqat çətinlik yarada bilər. Vəkillərin xahişini nəzərə alan hakim elan etdi ki, məhkəmə iclasları həftədə bir dəfə – cümə axşamları keçiriləcək və növbəti iclası avqustun 11-nə təyin etdi. Həmin gün təqsirləndirilənlər sərbəst ifadə verəcəklər.
Islam Partiyası fəallarına qarşı bu ittihamlar sübut olunsa, onlar on ildən on beş ilədək və ya ömürlük azadlıqdan məhrum edilə bilərlər(“Azadlıq” radiosu).
M.Səmədov bu il yanvarın 2-də partiyasının iclasında orta məktəb şagirdlərinə qoyulan hicab qadağasına görə hakimiyyəti sərt tənqid etmişdi. Tərəfdarları onun və partiya fəallarının bu çıxışa görə həbs olunduqlarını deyirlər.