Ərəb şeyxi Azərbaycandan 10 min ton ət alır

Bu sövdələşmə ölkədə ciddi ət böhranının yaşandığı və qiymətin qalxdığı bir zamanda baş verir

Nemət Əliyev: «Daxili tələbat ödənilməyənə qədər ixrac məsələsi təxirə düşməlidir»

Bir qayda olaraq yay aylarında ət və ət məhsullarının qiymətində enmə müşahidə olunmalı olsa da, bu il məntiqə zidd olaraq ətin qiyməti qalxıb. Bir sıra mütəxəssislər bunu müxtəlif məsələlərlə izah edir. Amma dünən “Azərittifaq”ın sədri, parlamentin aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyevin verdiyi açıqlama diqqətdən yayına bilməz. E.Quliyev Modern.az saytına maraqlı məlumat verib.
Deputat qeyd edib ki, Azərbaycanda ətin qiymətindəki bahalaşma xaricdə ölkəmizdə istehsal olunan ətə tələbatın yüksəlməsi ilə bağlıdır: “Dünyada qoyun ətinin keyfiyyətinə görə Azərbaycan ön yerlərdə dayanır. Bu gün bizdən ayrı-ayrı ölkələrə çoxlu miqdarda ət satılır. Hesab edirəm ki, bu mənada bazarda çox özbaşınalıqdır. Düzdür, sahibkara demək olmaz ki, sən istehsal etdiyin məhsulu kənara satma. Ancaq daxili tələbat da ödənilməlidir”.

E.Quliyev onu da bildirib ki, Ərəb şeyxlərindən biri bu yaxınlarda Azərbaycandan 10 min ton qoyun ətinin alınmasına dair razılığa gəlib: “Məndə dəqiq məlumat var. Bizdən kənara çox ət aparılır. Ərəb şeyxlərindən birinin nümayəndəsi bu yaxınlarda Bakıda olub. Deyib ki, ona 10 min ton qoyun əti lazımdır. Qiymətinin fərq etmədiyini bildirib, hətta 12-13 manat olsa belə. Ancaq şərt qoyub ki, erkək qoyunlar olsun və çəkisi 10-15 kiloqram arasında olsun. Həm də deyib ki, həmin qoyunlar burda kəsilsin. Bundan başqa, bizdən Rusiya və digər ölkələrə də ət aparılır. Bütün bunlar ətin qiymətinin qalxmasına gətirir”.
Dövlət Statistika Komitəsi də ölkədə mal və qoyun ətinin bahalaşdığını rəsmən etiraf edib. Artıq bir yaşdan iki yaşadək olan dananın istehsalçı qiymətləri 0.8, ana qoyunun 1.4, bir yaşadək quzunun 2.9, diri keçilərin 1.9 faiz bahalaşıb.
Indi ticarət şəbəkəsində mal əti 8 manat – 8 manat 50 qəpiyə, qoyun əti 7 manat 50 qəpik – 8 manat 50 qəpiyə satılır.
Məsələ burasındadır ki, ölkədə hazırda ətin qiyməti ilə bağlı ciddi böhranın yaşandığı bir şəraitdə ölkədən 10 min ton ətin çıxarılmasına icazə verilir. Müvafiq dövlət orqanları, Gömrük Komitəsi də baş verənləri sükutla qarşılayır. Ərəb şeyxlərindən birinin Azərbaycanda indiki zamanda 10 min ton ət alması barədə məlumatın kifayət qədər ciddi mənbədən verilməsi də müvafiq orqanların hərəkətsizliyini sübut edir.

AXCP Iqtisadiyyat Komissiyasının sədri Nemət Əliyevin fikrincə, yaranmış situasiyada ilk addım daxili tələbatın ödənilməsinə yönəlməlidir. Daxili tələbat ödənilməyənə qədər ixrac məsələsinin təxirə düşməli olduğunu deyən N.Əliyev hesab edir ki, Ərəb şeyxinə hazırkı dönəmdə ətin satılması korporativ maraqların gerçəkləşməsinə xidmət edir: “Mən buna separat sövdələşmə adını verərdim. Əgər belə bir sövdələşmə varsa, bu, Azərbaycanın milli maraqlarına uyğun gəlmir, ondan hökmən imtina olunmalıdır. Amma hər bir halda, Azərbaycan hakimiyyətinin aqrar sektora münasibətdə uzun müddətdir yürütdüyü siyasət düzgün deyil. Indi bəlli olur ki, son on beş illik zaman müddətində istər heyvandarlıqda, istər bitkiçilikdə hökumətin yeritdiyi siyasət iflasa uğrayıb. Bu gün kəskin şəkildə torpaq sahələri dövriyyədən çıxma prosesini yaşayır. Heyvandarlıq, bitkiçilik sahələrinin məhsulları azalmağa doğru meyllənib. Heyvandarlığın yem bazasında ciddi problemlər yaşanır”.
N.Əliyevin fikrincə, əslində Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinin qalxması iqtisadi cəhətdən şərtləndirilib. Yəni, aqrar sektor hazırda o qədər diskriminasiyaya uğrayıb ki, kəndlinin əldə etdiyi gəlir, digər sahələrdə çalışanların əldə etdiyi gəlirdən qat-qat aşağıdır: “Kənd təsərrüfatında orta aylıq əmək haqqı ölkə üzrə göstəricidən 2.2 dəfə aşağıdır. Bu, mədən sənayesində təxminən 7 dəfə aşağıdır. Ona görə kənd təsərrüfatı məhsullarının qiymətinin qalxması labüddür ki, kənd təsərrüfatında çalışanların dolanışığı normallaşsın. Qiymətlərin qalxması tendensiyası isə ciddi fəsadlar yaradır. Çünki əhalinin sosial vəziyyəti bu qiymətləri qarşılamaq səviyyəsində deyil”.

Hikmət