Lukaşenkonun konyak çəlləyi

Ruslan Bəşirliyə ithaf olunur.

“Na çıyim vazku edzeş, tamu i pesenki spıvay”
Bu bir belarus atalar sözüdür. Təxmini tərcüməsi, “getdiyin toyda havanı, yerinə görə sifariş ver”, deməkdir. Belarus prezidentinə, sadəcə bu zərbməsəli xatırlatmaqla, borcu hansı üzlə istədiklərini soruşmaq olardı. Lakin bizimkilər bunu etmədilər, rejim həmrəyliyi, hətta diktatorun erməni sevgisinə göz yumulmasına gətirib çıxardı. Belarus 300 milyonu bizdən asanlıqla aldı.

Ən azı “nəyə görə Lukaşenkoya rədd cavabı verilməliydi” fikrimi, Belarus-Ermənistan, eləcə bu diktatorun, Köçəryan və Sarkisyan kimiləri ilə dostluğu haqda danışmaqla, əsaslandırmağa çalışacam.

Hazırda biz elə bir durumdayıq ki, başqa ölkələrə münasibətlərimizdə, onların təcavüzkar Ermənistanla əməkdaşlığını gözdən keçirmək zorundayıq. Səxavətlə kredit verdiyimiz Belarus bir çox məsələlərdə açıq-aşkar ermənipərəst mövqe tutur.Bildiyimiz kimi, hər iki ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxildir. Bu təşkilata bu il Belarus sədrlik edir. Torpaqlarımızı azad etməyə qalxanda, ermənilərə yardım edəcək dövlətlərin biri də şəksiz Belarus olacaq. Lukaşenkonun Qarabağ problemi ilə bağlı fikri isə heç “ikibaşlı” da deyil ki, nəsə nəticə çıxarasan. Bütün dünyanın gözü qarşısında işğal edilmiş, BMT başda olmaqla bir çox dövlətlərin konkret münasibəti, nəhayət, bizdən yardım istəyi, onu güclə olsa da bu fikirləri söyləməyi “məcbur” edir: “Bu problemdə olan saysız-hesabsız nüanslara heç vaxt toxunmamışam(!). Biz bu problemdə ayrı-seçkilik etmirik”. Zənnimcə, şərhə ehtiyac yoxdur.

Bu ilin fevral ayında, Minskdə 20-yə yaxın dövlətin iştirak etdiyi kitab sərgisində, Belarus yetkililəri bizim stenddən Qarabağa aid nəşrləri, ermənilərin tələbi ilə  yığışdırdılar. Belarusun informasiya nazirliyinin bu jesti ermənilərə elə xoş gəldi ki, erməni mətbuatı hələ də bu qələbəni qeyd edir. Bu ayrı-seçkilik deyil, bəs nədir?

Qarabağda əli həmvətənlərimizin qanına batan Robert Köçəryan Lukaşenkonun ən yaxın dostudur..“Lukaşenkonun qeyri-rəsmi olaraq, Köçəryana qonaq gəlməsi, ənənə halını alıb. Keçən il də o, kiçik oğlu ilə Tsaxkadzora gələrək, bir neçə gün onun qonağı olub və birlikdə xizək gəzintisinə çıxıblar. Köçəryan gələcəkdə diktatorun oğlu Kolyanın toyunda istifadə etmək üçün 400 litrlik konyak çəlləyini, bir neçə il öncə zavodun fəxri alleyində, Şarl Aznavura məxsus (çox güman yası üçün nəzərdə tutulub. X.Ə) çəlləyin yanında basdırıb”. BelaPan agentliyi və “Jamanak” qəzeti, 20 avqust 2010-cu il.

Əvəzində , Lukaşenko da cavab jesti edib: Yerevan konyak zavodunun Minsk filialı çox yaxında fəaliyyətə başlayacaq . Hətta buna bürokratik əngəllər yaradan məmurlar “Batka” tərəfindən ciddi cəzalandırılıb.

Minskin mərkəzi küçələrindən 4-ü ermənilərin adını daşıyır.  Paytaxtın məşhur xoeroqrafiya teatrı erməni bəstəkarı S.Balasanyanın “Leyli və Məcnun”(?) baletini tamaşaya qoyub. Lukaşenkonun bu ilin iyununda Ermənistan prezidenti S.Sarkisyana ad günü münasibəti ilə göndərdiyi təbrik isə, daha “ibrətamizdir”: “Məhz sizin səyinizlə, Belarus tərəfinin bütün təkliflərinə müsbət cavab verilmiş və gözlədiyimizdən də on qat(!) artıq müsbət nəticəyə nail olduq”. Zənnimcə, kifayətdir…

Istər-istəməz yada Pakistan düşür. Dəhşətli təbii fəlakətlərin fəsadlarını yaşayan bu ölkənin, onun vətəndaşlarını mən çox sevirəm. Inanmıram ki, kimsə bunun əksinə çıxsın. Iqtidarlar dəyişir, fəlakətlər bir-birini əvəz edir, fəqət bu ölkəni siyasətində Qarabağ qətiyyəti dəyişmir. Təcavüzkar Ermənistanı tanımır, hər cür dəstəyə hazır olduqlarını dilə gətirir və ən başlıcası… 300 milyona nə qədər ehtiyacları olsa belə, bunu istəməyi belə, qürurlarına sığışdırmırlar. Təşəkkürlər, Pakistan!.