Eurovision + 4 milyon 200 min

Yaxınlarda elektron poçtuma Almaniyadan bir məktub gəlmişdi. “Azadlıq” qəzetindən yazılarımı oxuyan Yusif adlı bir bəy  ölkəmizə gəlmiş almanın buradakı sərgüzəştlərindən yazmışdı. Belə məlum oldu ki, Azərbaycana qonaq gəlmiş adamdan hava limanında 70 avro rüşvət almışlar. Alman vətəndaşı Almaniyaya çatar-çatmaz bizim ordakı konsulluğumuza bununla bağlı şikayət etmiş və belə cavab almış ki, “ sizi aldadıblar, pul ödəməyə ehtiyac yox idi”.

Belə… Bu, bir almanın Bakıda yaşayıb heyrətləndiyi, bizimsə bir çoxlarımızın alışdığı, bəzilərininsə köks ötürüb keçdiyi bir haldır. Təbii ki, bu, rüşvət alıb verməyə alışmamış, süründürməçilik, aşağılanmaq görməmiş, məmur yalanı, saxta vədlər eşitməmiş normal bir cəmiyyətin normal vətəndaşını rahatsız edib. Azərbaycan vətəndaşısa rüşvət verəni də, alanı da qınamır, əksinə bu işi bacaran fərasətli adam kimi öyülür.

Amma məsələnin bu tərəfini hələ ki, bir yana qoyaq. Son vaxtlar “Eurovision” la bağlı müxtəlif məlumatlar gedir – Bakıda tərsanənin sökülməsindən tutmuş, yeni kompleksin tikilməsinə qədər. Təbii olaraq da ölkənin büdcəsinin talan olunmasından rahatsızlıq keçirən hər kəsi bir sual düşündürür: bu yarışma Azərbaycan büdcəsinə nə qədər ziyan vuracaq? Başqa ölkələr bu yarışmaya ölkə büdcəsinə sərvət qatmaq məqsədilə yanaşsa da, bizdə yayılan xəbərlərdən bəlli olan o ki, ölkə ondan zərərlə çıxacaq.

Amma bu yarışmadan karlı çıxanlar da ola bilər. Alman vətəndaşının başına gələn sərgüzəşti yarışmaya gələcək 60 min tamaşaçıya tətbiq etsək, rüşvətə alışmış məmurlarımızın sərvətlərinə nə qədər sərvət qatmaq fürsəti qazanacağını görərik. 60 min tamaşaçının hər birindən eləcə 70 avro rüşvət alınsa, 4 milyon 200 min avro edir.

“Eurovision” da hər şey gözəl olmalıdır, olsun. Yuxarıdan baxanda şəhərin mənzərəsini “pozan” tərsanəni sökdünüz, şəhərin də mənzərəsi düzəldi. Bununla iş bitəcəkmi? Bura gələn 60 min tamaşaçı bu şəhərin küçələrindən, ildə bir dəfə təmir olunsa da sökülüb dağılan yollardan keçəcək, adamın ürəyini sıxan tıxaclardan əziyyət çəkəcək, çirki adamın üzünə vuran köhnə avtobuslardan istifadə edəcək, ən əsası, illərdir əzib səsini oğurladığınız insanlarla görüşəcək, danışıb əhvali-ruhiyyəsi ilə tanış olmağa cəhd edəcək.

Bunları nə edəcəksiniz? Yəni deyirsiniz, bir tərsanəni söküb görünüş dəyişməklə ölkənin mənzərəsi dəyişəcək? Adamları nə edəcəksiniz? Sizdən boğaza yığılan insanlara küçəyə çıxmağı qadağan edəcəksiniz? Yoxsa yarışma müddətində insanlara yabançılarla danışmaq yasağı tətbiq edəcəksiniz? Ayıq düşüncə və iti gözlə hər şeyi sezən tamaşaçını da aldadacağınıza inanırsınız? Axı onlar “Lider TV”nin jurnalistləri ilə deyil, sıravi, adi və sizdən narazı insanlarla təmasda olacaq. Bəlkə 60 min tamaşaçını nəzarətə götürmək kimi bir plan da var?

Dünyanın hər yerindən bu yarışmanı işıqlandırmaq üçün jurnalistlər gələcək və əminəm ki, adı az qala hər gün dünya mətbuatında rüşvət qalmaqalları ilə hallanan Azərbaycan məmurlarının iş prinsipi, idarəçiliyi bu jurnalistləri yarışmadan heç də az maraqlandırmayacaq…

Bir tərsanə, tikiləcək bina, otelllə ölkənin görüntüsünü dəyişmək olmaz, çünki bu ölkənin görüntüsünü pozan sizsiniz, sizin idarəçiliyiniz, düşüncə tərziniz, qaba və qeyri-insani davranışlarınızdır. Azərbaycanın görüntüsünü ölkədə siyasi müxalifət nümayəndələrinin həbs olunması, insan hüquqlarının pozulması ilə bağlı beynəlxalq hesabatlardakı utandırıcı durum, gənclərin şərlənib tutulması haqda dərc olunan materiallar, insanların səsini oğurlayıb saxta yolla seçilmək, xalqın toplaşmaq haqqından məhrum edilməsi, hakimiyyətin sifarişi ilə təşkil olunan saxta məhkəmələr, hesabatlarda Azərbaycanın rüşvətxorluğa görə həmişə ön sırada yer alması kimi faktlar korlayıb. Demək, əsl görüntünü pozan elə sizin varlığınızdır və o görüntünün düzəlməsini bu qədər istəyirsinizsə tərsanə-filanı rahat buraxın, özünüz bu ökədən gedin.