2 aprel dustaqlarının məhkəməsində şahidlər istintaqın ifşasını davam etdirir
İctimai Palatanın 2 aprel aksiyasına görə həbs edilənlərdən altısının mühakiməsi Səbail Rayon Məhkəməsində davam edir. Dünənki məhkəmə iclasına Ictimai Palatanın rəhbərliyi, o cümlədən AXCP sədri Əli Kərimli, Müsavat başqanı Isa Qəmbər, siyasi xadimlərdən Nurəddin Məmmədli, Pənah Hüseyn, Asəf Quliyev, Arzu Səmədbəyli, Aqil Səmədbəyli, Tofiq Yaqublu və digərləri qatılmışdılar. Liderlərin məhkəmə iclasında iştirakı məhkəmə önündə polislərin də sayını xeyli artırmışdı. Onlara isə Səbail Rayon Polis Idarəsinin rəis müavini Kamal Vəlişov rəhbərlik edirdi.
Min doqquz yüz iki min birinci il?!
Məhkəmə prosesi şahid polislərin dindirilməsilə başladı. Çevik Polis Alayının baş serjantı Əliyev Nəsimi Nəsrəddin oğlu elə ifadəsinin əvvəlindən işləri korladı. Dedi ki, Ictimai Palatanın mitinqi min doqquz yüz iki min birinci ildə baş verib…

Aksiya günü şahidlik etdiyi hadisələrdən danışan polis bildirdi ki, onlar Nizami küçəsində Nəsiminin heykəlinin yanında olublar. Amma saat 14.00-da onları kömək üçün Malakan bağının yaxınlığına dəvət ediblər. Ora gedəndə içərisində mitinq iştirakçıları olan yaşıl avtobusu görüblər. Onlara avtobusu polis bölməsinə qədər müşayiət etmək tapşırılıb. Avtobus yola düşüb və bir az getdikdən sonra Səməd Vurğun küçəsində tıxacda dayanıb. Şahid dedi ki, elə bu məqamda ətrafda olan aksiyaçılar avtobusu əhatəyə alaraq, təpikləməyə və yumruqlamağa başlayıblar. Içəridəkilər də belə hərəkətləri davam etdirəndə arxa qapı açılıb və 2-3 nəfər avtobusdan qaça bilib.
Nəsimi Əliyevin fikrincə, çöldəkilərin məqsədi qapını açıb avtobusa daxil olmaq imiş: “Bəxtimiz gətirdi ki, avtobus tez tərpəndi. O, yarım dəqiqə də dayansaydı, onlar içəri girəcəkdilər, onda bizim başımıza nə gələcəkdi, Allah bilir…”
Xəcalət təri…

Vəkillərin və məhbusların 2-3 sualı kifayət etdi ki, dolaşıq ifadələrindən çaş-baş qalan Nəsimi Əliyevi tər basdı. O, özünü itirməyini isti hava ilə əlaqələndirəndə mitinq məhbuslarından Sahib Kərimovdan sərt təpki gəldi:
– Sən indi kondisionerli zalda tərləyirsən, buna görə narahatsan. Bəs bilirsən ki, sənin yalan ifadələrinə görə biz 4 aydır bişirik?..
Tərbiyə problemi
Şahidlə müdafiə tərəfi arasında növbəti gərginlik polisin aksiyaçılara söz atmasından sonra yarandı. Polis ifadəsində dedi ki, aksiyaçılar özlərini aqressiv aparırdılar, bu aqressivlik onların “Azadlıq”, “Istefa” şüarları qışqırmasında ifadə olunub. Şahidin sözlərindən belə çıxdı yaxşı ailə tərbiyəsi alan şəxs “Azadlıq”, “Istefa” qışqırmaz. Bu zaman vəkil Ilqar Musayev məhkəməyə müraciət edərək, şahid polisin qeyri-etik davranışına son qoyulmasını tələb etdi.
Polisin loru dili

Ilqar Musayev polisdən soruşdu ki, bir qədər həyəcanla dediyi kimi, aksiyaçılar avtobusa girsəydi, nə baş verə bilərdi ki? Bir halda ki, avtobusda 20-yə qədər elə çöldə olanlarla eyni ovqatda, eyni məsləkdə olan adamlar 4 polisə heç nə etməyibsə, çöldəkilər nə edəcəkdi?
Bu yerdə polis duruxdu:
– O sözü elə-belə, kəndçi balası kimi, loru dildə dedim…
“Yalançı şahidi tutun!”
Vəkillərin suallarına cavab kimi şahid bildirdi ki, avtobusun şüşəsini kimin qırdığını görməyib. O, avtobusun içinə qaz buraxılması barədə deyilənləri də təkzib etdi.
Aksiyaçıları boğmaq üçün avtobusa qaz buraxılmasının inkar olunması Sahib Kərimovu növbəti dəfə dilə gətirdi. O bildirdi ki, bu fakt istintaqda da sübut olunub. Qaz püskürdən polisə qarşı cinayət işi də başlanaraq, sonradan ona xitam verilib.
Sahib Kərimov və onun vəkili tələb etdi ki, hamının gözü qarşısında məhkəməyə yalan ifadə verdiyinə görə şahid polisə qarşı cinayət işi açılmalı, o, həbs olunmalıdır. Hakim isə dedi ki, məhkəmənin sonunda polisin ifadəsinə qiymət veriləcək.
Ziddiyyət

Vəkil Fəxrəddin Mehdiyev şahiddən məhbus Babək Hüseynovu tanıyıb, tanımadığını soruşdu. Cavab “yox” oldu. Belə olan halda, vəkillər tələb etdilər ki, şahidin istintaqa verdiyi ifadələr elan olunsun. Ifadə elan olundu və ziddiyyətlər ortaya çıxdı. Məsələn, bilindi ki, məhkəmədə Babəki tanımadığını deyən şahid istintaqda onu tanıdığını bildirib. Məhkəmədə avtobusun şüşəsinin qırıldığını görmədiyini, istintaqda isə əksini deyib.
Polis şahid ifadəsini tamamlayanda vəkillər vəsatət qaldırdılar ki, o, məhkəmə binasından uzaqlaşdırılsın. Çünki zaldan çıxan şahid qonşu otağa keçib, o biri həmkarlarını təlimatlandırır. Hakim vəsatəti təmin etdi.
Polis haqq-hesabı itirib
Ifadə verən növbəti polis şahid Zöhrab Ismayılov da elə ilk addımında özündən əvvəlkinin səhvini təkrarladı. O, aksiyanın keçirilmə tarixini 1911-ci il kimi qeyd etdi.
Prokuror onun səhvini düzəltmək üçün tarixlə bağlı sual verdi. Polis bu dəfə “1991-ci il” dedikdə zalda uğultulu gülüş yarandı. Elə özü də gülüşünü saxlaya bilmədi. Bu yerdə hakim zalı hədələdi ki, gülüş dayanmasa, hamını zaldan çıxaracaq.
Bu şahid də avtobusun şüşəsini sındıran şəxsi, qaz balonundan istifadə edildiyini görmədiyini dedi.
Vəkil şahidi divara dirəyir

Vəkillər bu şahidin də istintaqa verdiyi ifadəsilə məhkəmədə dedikləri arasında ziddiyyətlər olduğunu əsas gətirərək, iş materiallarındakı ifadənin elan olunmasını istədilər. Hakim onun istintaqa ifadəsini elan etdi. Vəkil Yalçın Imanov bildirdi ki, şahidin istintaqda göstərdiyi təsvirlər çox detallıdır, bu isə onda şühbə yaradır. Şübhənin yox olması üçün vəkil təklif etdi ki, şahid məhkəmə zalında dövlət ittihamçısının geyimini, quruluşunu təsvir etsin…
Lakin şahid də, dövlət ittihamçısı da bu vəsatətə qarşı çıxdılar.
Qəddarlıq
Prosesin bir məqamında məhkəmə nəzarətçilərinin zalda azyaşlı uşağı mobil telefonla çəkiliş apardığına görə çölə çıxarması qalmaqal yaratdı. Vəziyyəti gərginləşdirən isə məhkəmə nəzarətçilərindən birinin uşaq barəsində tədbir görmək üçün onu ayrıca otaqda saxladıqlarını deməsi oldu. Uşağın atası, məhbus Elnur Israfilovun dayısı Məmməd Ibrahim buna etiraz etdi. O, azyaşlı uşağın ayrıca otaqda saxlanmasını psixoloji təzyiq və qəddarlıq kimi dəyərləndirdi.
Baş vermiş olaya zalda prosesi müşahidə edən Müsavat başqanı Isa Qəmbər müdaxilə etdi:
– Azyaşlı uşağı niyə tutmusunuz? Buraxın, daha onun da barəsində cinayət işi başlayan deyilsiz ki…
Hakimin göstərişindən sonra uşaq zala gətirildi. Məruz qaldığı psixoloji təzyiqin təsirindən çıxması üçün müxalifət liderləri də daxil olmaqla zal onu alqışladı. Amma uşağa məhkəmə zalında oturmağa icazə verilmədi.
Elnur Israfilovun vəkili Yalçın Imanov məhkəmə nəzarətçilərinin özbaşınalıqlarından hakimə şikayət etdi və onların barəsində tədbir görülməsini istədi.

Liderlər məhkəmənin gedişinə etiraz etdi
Daha sonra baş leytenat Ilqar Rüstəmov ifadə verdi. Onun Zülfüqar Eyvazov barəsində verdiyi qərəzli ifadəyə zalda əyləşən AXCP üzvü Kəmalə Xəlilova yerindən reaksiya verdi. O, Zülfüqar Eyvazovun 2 apreldə heç bir zorakılıq etmədiyini bəyan edərək hakimi siyasi sifarişi icra etdiyinə görə qınadı. Hakim də gözlənildiyi kimi, onun zaldan çıxarılması barədə göstəriş verdi. Xanımın məhkəmə nəzarətçiləri tərəfindən kobudluqla zaldan çıxarılması isə etiraza səbəb oldu.
“Bu məhkəmə bir oyundur”
Müsavat başqanı qadına qarşı zor tətbiq edən məhkəmə nəzarətçilərinin barəsində tədbir görülməsini hakimdən tələb etdi. Hakim isə məhkəmə nəzarətçilərinin qadına zor tətbiq etdiklərini görmədiyini desə də, zorakılıqla bağlı səs eşitdiyini qeyd etdi. Hakim məhkəmə iştirakçılarına da xəbərdarlıq etdi:
– Zalda sakit olmaq məsləhətdi. Hər kəsi zaldan kənarlaşdırmaq hüququm var.
Isa Qəmbər:
– Kənarlaşdırın, çıxaq gedək, bir siz qalın, sifarişi icra edin. Onsuz da bu məhkəmə bir oyundur. Bu adamlar barədə həbs-qətimkan tədbirini dəyişsəniz, o zaman sizin müstəqil olduğunuza inam yaranar. Əks halda, siz də avtoritar rejimin vintlərisiniz…
AXCP sədri Əli Kərimli də dedi ki, hakim gözünün qabağında baş verən kobudluğa münasibət bildirməlidir.
Bu məqamda məhkəmə bir saatlıq fasilə elan etdi.
Babəkdən daşdan keçən məntiq
Fasilədən sonra polis Ilham Quliyev şahid qismində ifadə verdi. O, ifadəsində Babək Həsənovu necə həbs etmələrindən danışdı. Dedi ki, Babək saxlanılarkən adını və Saatlı rayonundan olduğunu bildirib:
– Aksiyada Babəkin nəsə qırdığını görməmişəm. Sadəcə, aktiv olub, “Istefa” deyirdilər, “Azadlıq” qışqırırdı.
Babək Həsənov onun dediklərini inkar etdi. Bildirdi ki, onu bu adam yox, tamam başqa üç nəfər həbs edib:
– Siz məni hardan tanıyırsınız? Mən ki Əli Kərimli, Isa Qəmbər kimi tanınmış adam deyiləm… Bu fakt onu göstərir ki, siz təlimatlanıb bura gəlmisiniz.
Aksiyaçıların 2 apreldə guya vahimə yaratdıqları barədə deyilənlərə Babək tutarlı, eyni zamanda ritorik bir sualla qarşılıq verdi:
– 90-cı ildə tankın üstünə əliyalın, Qarabağda düşmən üzərinə çomaqla gedən xalq necə olur ki, “Istefa”, “Azadlıq” şüarlarından vahimələnir?
Hakim Qarabağ qazisi kimi Babəkə hörməti olduğunu dedi, ancaq ona irad tutdu ki, Qarabağ ümummilli problemdir, onunla mitinq arasında eyniləşdirmə aparmaq olmaz.
Bu zaman AXCP sədri Əli Kərimli yerdən replika verdi. O, dedi ki, Babəkin əsl “günahı” Saatlıdan olması, cəbhəçi olması və boyunun ucalığıdır…
Vahimə
Sahib Kərimovla şahid arasında da maraqlı dialoq yaşandı:
– Məgər “Azadlıq” qışqırmaq belə vahiməlidir?
– Bəli.
– Nəyi vahiməlidir?
– Yaşlı qadınlar qorxurdu.
– Ifadənizdə yazmısınız ki, iğtişaş vardı. Iğtişaş nə deməkdir?
– Tıxac.
Şahid aksiyada kiməsə xəsarət yetirilmədiyini, əhalinin əmlakına zərər dəymədiyini də dedi.
Qəzetsatanın etirafı
Polislərdən sonra şahid qismində gül, limon və qəzet satanlar dindirildi.
Məsələn, Rəfael Məhərrəmov bildirdi ki, qəzet satışıyla məşğuldur: “Camaatın gediş-gəlişini pozdular. Qarışıqlıq yarandı, işləyə bilmədik”.
Vəkil:
– Özünüz istintaqa müraciət etdiniz ki, ifadə vermək istəyirəm?
– Səbail polisi çağırdı. Işimə səhər saat 10-dan axşam 6-ya kimi mane oldular.
– Aksiya neçədə başlayıb?
– 2-də
– Bəs niyə deyirsiniz ki, səhər saat 10-dan işiniz pozulub?
– O saatdan artıq ərazidə polis vardı.
– Deməli, polis pozub.
Şahid ifadəsində onu da qeyd etdi ki, mitinq iştirakçılarının kiməsə xəsarət yetirdiyini görməyib.
Vəkil isə onun yadına saldı ki, istintaqa ifadəsində aksiyaçıların polisi yumruq-təpiklə vurduğunu yazıb. Şahid ziddiyyəti belə izah etdi:
– Ola bilər ki, ifadəyə dəqiq fikir verməmişəm.
– Istintaqa ifadənizdə deyirsiniz ki, stend aşdı, qəzet-jurnallar dağıldı. Burada isə deyirsiniz ki, mənə ziyan dəyməyib…
– …
Bir qədər susduqdan sonra şahid etiraf etdi ki, istintaqdakı ifadəsini özü yazmayıb.
Müstəntiqlər məhkəmədə dindirilsin!
Vəkil Yalçın Imanov bildirdi ki, 2 aprel mitinqi üzrə işi aparmış istintaq qrupunun üzvləri, o cümlədən müstəntiqlər məhkəmə prosesinə cəlb olunmalıdır.
Dünənki məhkəmə iclasında şahid qismində dindirilən Famil Cəfərov dedi ki, “Sahil” metrostansiyasının yaxınlığında əlində gül satır:
– Mitinq idi, qorxdum. Çox adam vardı. Mənə xəsarət yetirilməyib. Burada oturanları tanımıram. Polisə xəsarət yetirildiyini, kiminsə əmlakına və avtobusa ziyan vurulduğunu görməmişəm. Gülləri yığışdırıb getdim.
Məlik Məmmədov adlı şahid isə küçədə limon satdığını dedi. Vəkillərin “limonlarına nə ziyan dəydi?” sualına şahid cavab tapmadı. Bu yerdə Isa Qəmbər “limonları saraldı” replikası verdi.
“Azadlıq” və “Istefa” şüarlarına görə həbs etdik
Eldəniz Ağaliyev adlı sürücü isə belə ifadə verdi:
– Səməd Vurğun bağı ilə aerokassanın qarşısında mitinq idi. Mitinq marşrutun hərəkətini əngəllədi. Avtobusun qarşısını adamlar kəsmişdi. Onlar sərnişinləri də mitinqə dəvət edirdilər. 3 saat tıxac yaranmışdı. Polis tıxacı tənzimləyə bilmirdi. Planı ödəyə bilmədim.
Sahib Kərimov vəsatət qaldırdı ki, həmin ərazidəki videokameraların yaddaşındakı görüntülər məhkəmədə nümayiş etdirilsin.
Amma şahid sürücü hazırda məhkəmə qarşısına çıxarılan altı nəfərdən heç birini avtobusun önünü kəsən görmədiyini dedi.
Vəkillər bildirdilər ki, şahidlərin hamısı eyni sözləri deyir və onların ifadələrində məhkəmə qarşısına çıxarılan dustaqlara qarşı konkret ittiham yoxdur.
Daha sonra sürücü Arzu Nəcəfov, polislər Cavad Həsənov, Rəfael Hümbətov ifadə verdilər. Rəfael Hümbətovun ifadəsi belə oldu:
– Qanunsuz aksiya keçirirdilər. Elşən Həsənovu “Azadlıq” və “Istefa” şüarı səsləndirdiyi üçün həbs etdik. Başqa heç nə etməyib.
Məhkəmə prosesi avqustun 10-da davam etdiriləcək.
Diktatorların hər birinin qəfəs günü olacaq
Məhkəmə iclası başa çatandan sonra məhkəmə binasının qarşısında 2 aprel dustaqlarına dəstək aksiyası keçirildi. 70-dən çox müxalifətçi məhkəmənin önündə “Azadlıq”, “Istefa” şüarları səsləndirdilər.
Daha sonra müxalifət liderləri məhkəmənin gedişilə bağlı rəylərini açıqladılar. Müsavat başqanı Isa Qəmbər bu məhkəmə prosesini biabırçılıq adlandırdı:
– Rüsvayçılıqdır ki, polis şahidlik edir. Məhkəmə qurama və oyundur. Şahidlərin məhkəmədə söylədikləri istintaqdakı ifadələrlə ziddiyyətlidir. Hesab edirəm ki, Misir diktatoru Mübarəki 30 ildən sonra qəfəsdə görəndə diktatorlar fikirləşməlidir ki, hər birinin bir qəfəs günü olacaq.
“Bu iş qisas məqsədi daşıyır”
AXCP sədri Əli Kərimli də məhkəməni qurama adlandırdı və bildirdi ki, istintaq tamamilə ifşa olunub:
– Bu cinayət işi əvvəlcədən quraşdırılmışdı, saxta idi. Və bu məhkəmə prosesi tam aydın şəkildə sübut edir ki, bu iş mitinq iştirakçılarını həbs etmək üçün quraşdırılıb. Qisas məqsədi daşıyır. Ittiham göz qabağında tamamilə ifşa olunur. Əslində, bizim müqəssir elan olunmuş dostlarımız məhkəmədə ittihamçı kimi çıxış edirlər.
Natiq



