b.esed2

Bəşər Əsəd uşaq qatili oldu

Suriya diktatorunun əmrindəki əsgərlərin açdığı atəş 6 aylıq körpənin həyatına son qoydu

Suriya diktatoru Bəşər Əsədin vəhşiliyi sərhəd tanımır. ANS PPRESS-in Türkiyənin “Ihlas” xəbər agentliyinə (IHA) istinadən verdiyi məlumata görə, indiyə qədər 3 500-dən çox insanın ölümünə səbəb olmuş hərbçilərin açdığı kortəbii atəşin qurbanlarından biri də 6 aylıq Leyal Adnan Əsgər olub. Sadəcə iməkləyərək hərəkət edən körpə haradan gəldiyi “bilinməyən” güllənin hədəfinə çevrilib.
Bu arada Suriya diktatoru ölkənin seçki qanunvericiliyinə və partiyalar haqqında qanuna dəyişiklik edib. Əsədin ötən ay qəbul edilən çox partiyalı sistemin tətbiqi haqda qərarı təsdiqləməsi onun gec də olsa siyasi islahatlara başladığını göstərir. Yeni qanuna əsasən partiyanın ən azı 50 qurucusu olmalıdır və “Partiyalarla iş üzrə idarə”dən təsdiqlənməlidir. Qanunda bildirilir ki, partiyaların silahlı qanadı və təşkilatın xarici ölkələrdə şöbəsi fəaliyyət göstərə bilməz.
BMT Təhlükəsizlik Şurası isə günlərdir davam edən müzakirələrdən sonra nümayişləri sərt qaydada yatırmaqda Suriya hökumətini ittiham edən qətnaməni qəbul edib. Şuranın yaydığı açıqlamada bildirilir ki, beynəlxalq birlik Əsəd rejiminin atdığı addımları demokratiya və insan haqlarının kobud şəkildə pozulması kimi dəyərləndirir. Suriya hakimiyyətindən etirazlara dözümlü olmaq və səslənən tələbləri nəzərə almaq tələb olunur.