Xaliq Bahadır
Anar yenə mənə cabab yazıb (“Azadlıq”, 02.08.11). Bu cavabında o, Yazıçılar Birliyinin “mətbuat xidməti” adından çıxış eləyir. Anarın çoxdan ölü bir quruma çevirdiyi YB-nin “mətbuat xidməti” də (bundan sonra – MX) varmış. Indilikdə bizim üçün önəmlisi budur: “cavab rəhbərliklə razılaşdırılıb”. Başında Anarın durduğu bütün başqa cavab yazıları kimi söyüş-təhqir, yalan-böhtanla dolu bir yazı. Anar uzun illərdir ayrı-ayrı adamlarla bağlı ayrı-ayrı adlar altında sağa-sola səpələdiyi belə düşküncəsinə yazılmış yazıların arxasında gizlənir.
Sən demə, Anarın bizim aramızdakı çoxillik savaşdan “xəbəri yoxmuş”. Qabaqkı yazımda göstərdiyim kimi, Anarın bir neçə çoxillik sürtük priyomu var: onlardan biri də cabab yazısı ilə söyüb-təhqir etdiyi opponenti “tanımamaq” priyomudur. MX Anardan bizim savaşımızı soruşur: “Anarın bu ”savaşdan” yerli-dibli xəbəri yoxmuş”. Sayğılı oxucular, bu yerdə sizdən bir istəyim var: gerçək Anarın necə yalançı, saxtakar olduğunu faktiki olaraq bilmək istəyirsinizsə, mənim “Baxıb Türkün Bayrağına” kitabımın 38-ci səhifəsindəki “Özüm böyüyəm (”Ya sam bolşoy”) yazısına baxın. Bundan başqa, siz Anarın sevimli qəzeti “525-ci qəzet”də (28.08.2000-ci il) mənimlə bağlı kin-küdurətlə dolu bir çıxışda bulunduğunu görə bilərsiz. Mənimlə çiyin-çiyinə Demokratiya savaşı aparan gənc dostlarımdan bir istəyim var: o yazının hər ikisini internetə yerləşdirsinlər. Mənim gənc, çarpışmaçı dostlarım – qardaşlarım, bizlər SEVGILI Azərbaycanımızı demokratiyaya qovuşdurmaq üçün yalnız diktatura rejimi ilə deyil, yalan, yaltaqlıq yoluyla o rejimə qulluq eləyən, dayaq duran anarlarla – ələkçinin bu ünlü qılverənləri ilə də barışmaz çarpışma aparmalıyıq. Ancaq bizlər KQB rejiminə qulluq eləyənlərin provokasiyalarına uymamalı, mədəniyyət ölçülərindən qırağa çıxmamalı, milli-mənəvi dəyərlərimizə uyğun davranış sərgiləməklə gördüyümüz, bildiyimiz gerçəklərdən, gerçəklikdən çıxış etməliyik!
Dil sorunu
Istər F.Qocanın, istərsə də MX-nın adından yazdığı yazılarda Anar mənim dilimi ələşdirir. Ötən yazımda (30.07.11) konkret faktlarla göstərdim: bu ünlü “xalq yazıçısı” Azərbaycan dilinin qrammatik kateqoriyalarından baş açmır. Bunun üstündən yenə durub mənim dilimə sataşır, ordan-burdan yad sözlər tapıb çıxarır. Bu sözləri ortaya qoymaqla bilə-bilə xalqı aldatmağa çalışır. Yeri gəlib, mən arı türkcədə yazdığımı demişəm. Anarın gətirdiyi bir neçə sözlə bunu danmaq olmaz, ancaq adamın Allahı olan yerdə. Kim də bilməsə, Anar gözəl bilir: dünyada 100%-li arı dil yoxdur, ola da bilməz. Mən dilimizi dilimizdə qarşılığı olmayan, yüz illərdən bəri işlənsə belə, dilimizə yatmayan (bunlar başlıca olaraq ərəb-fars sözləridir), eləcə də “tərəfindən” kimi dilimizin qrammatik quruluşunu pozan sözlərdən arıdıram!
Radio faktoru
Anar özünün Sovet dönəmi yazılarını öyərək yenə yeri olmayan yalana əl atır: “O vaxtlar Xaliq Bahadır radioda rəsmi və quru bir dillə sovet təbliğatının mətnlərini efirə çıxarırdı”. Məntiqin itirilməyi ağılın itirilməyi deməkdir – bu adam ağlını itirib! Sayğılı oxucu, mənim işlədiyim yerdə məndən qabaq Anar işləyib. Bu adam bütün mənəvi dəyərləri itirib, sonadək yalana qurşanıbsa, qoy özünün belə bir bioqrafiya faktını da dansın! Mənə gəlincə, mən Teleradio Verilişləri Komitəsində bir dissident kimi tanınmışam, Anar kimi cibimdə sevə-sevə kompartiya bileti də gəzdirməmişəm.
Yalan faktoru
Anar mənim yazımla bağlı yazır: “30 iyul tarixli qəzetdə (”Azadlıq” demək istəyir, demir – əliyevçi rejim qulluqçusu olaraq, bütövlükdə AZADLIQ sözünə nifrət etdiyinə görə!- X.B.) dərc etdiyi və anarın, Fikrət Qocanın ünvanına yeni söyüşlərlə süslənmiş, parlaq təhqirlərlə bəzənmiş yazısında…”. Sayğılı oxucular, çox istərdim o yazıya bir daha baxasız: görün, orda söyüş-təhqir adına nəsə varmı? Indiki yazının bu yerində də, bundan sonra gələn bir çox yerlərdə də (eləcə də qabaqkı cavab yazılarında) Anarın daha bir sürtük priyomu özünü bütün parlaqlığı ilə göstərir: adımı sənə qoyaram, səni də yana-yana qoyaram! Faktlardan göründüyü kimi, Anar bu priyomun yenilməz yiyəsidir.
Məni “təxribatçı” adlandırır, illərlə əlimə almadığım qəzetlərin adlarını çəkir, o qəzetlərdə… “dərc olunan yazıların Anar tərəfindən yazıldığını iddia edir”,- deyir. Mən demişəm? Harda? Göstər. Nə boyda yalan, necə bir böhtan! Mən “Azadlıq”dakı yazıları oxumuşam, reaksiyamı bildirmişəm. Başqa qəzetlərdə kim nə yazıb, necə yazıb – bilmirəm.
Oqtay Şamil faktoru
Anar yenə özünün xarakter görsənilşərindən çıxış edərək şeytandan söz salır: “Xaliq Bahadırın məntiqiylə Oqtayın məqaləsini də Anar yazıb”. Yox, elə deyil, YB-nin üzvləri olan Oqtayın da, Nizaminin də yazısını Anar yazmayıb (stilindən, yazı manerasından göründüyünə görə), bununla yanaşı, hər iki yazıda şairə, yazıçıya yaraşmayan söyüş-təhqirə yer verildiyinə, Oqtayın yazısı ayrıca olaraq bir sıra sınırları aşdığına görə, düşünmək olar: hər iki yazının ustanovkası bir yardən verilib. Nizamini tanımasam da, Oqtayı gözəl tanıyıram (uzun illər bir yerdə işləmişik), o yazı onun yazacağı yazı deyildi. Bildiyimə görə, YB-nin illərlə passiv qalmış bir sıra üzvləri aktuallıq çağının çatdığını görərək “Azadlıq”a yazılar gətirirlər – “Anarın müdafiəsi üçün”. Olsun, ancaq biri açıq deyib: “Anar mənə ayda 300 manat verir” – görünür, bu pul Ədəbiyyat fondundan verilir. Di gəl, Ədəbiyyat fondundan verilən pul Anarın pulu deyil, büdcə puludur – adamlar bunu bilməlidirlər. Bunu bilsələr, kiməsə yox, doğruya, düzə arxa durarlar.
“Yazıçılar birliyinin bütün işləri şəffaf olduğu kimi…” deyilir. Orda hansı önəmli işlər görülür “şəffaflıq” da ola? Büdcə pullarıdır: bir belə pulların qabağında hanı sizin bircə dənə populyar qəzetiniz? Bir neçə il qabaq qəzetlər YB-dəki yeyintidən yazırdı…
Difai-Əcdad faktoru
Difai partiyasının başlıca qurucuları ilə bağlı alimlərlə danışmışam. O tarix gərəyincə araşdırılmadığından, ortada bir sıra qaranlıqlar var: indilikdə bizim əlimizdə faktiki tarix materialları yoxdursa, qoy bu iş tarixçilərə buraxılsın.
Anarın daha bir yalanına, şərləməsinə baxın: “Nahaq yerə Xaliq Bahadır Anarın və əcdadlarının apardıqları MÜBARIZƏ sözünü (”apardıqları mübarizə sözü” – bu nə deməkdir?) dırnaq arasına alır. Anarın və əcdadlarının ermənilərə qarşı davalarının da, ermənilərin onlara qarşı hər növ təxribatlarının da üstündən keçmək istəyir”. Sayğılı oxucular, götürün mənim “Anardan… anasınadək” adlanan yazıma baxın (“Azadlıq”, 12.07.11.). Mən o yazıda Anarın əcdadlarını öyüb göyə qaldırmışam. Ermənilərin onlara qanlı divan tutduğunu yazmışam. Bir daha Anarın indi yazdığını oxuyun, görün, bu adam nə dərəcədə yalançı, nə dərəcədə böhtançıdır. Bu niyə belədir? Burası Anarın taktiki gedişidir, strategiya özünü yazının sonuna yaxın göstərir.
Anar mənim sözü gedən yazımdakı əcdad-erməni faktını baş-ayaq qoyub, düşük bir yol seçərək məni oxucunun gözündən salmağa çalışır. Bu adam özünün cılızdan da cılız maraqlarına görə əcdadlarından belə, keçir! O yazıda mən oğlu Tural Rzayevlə Anarın 2003-cü ilin prezident seçkisi qabağı qəzetlərdə bir illik Cəbhə hakimiyyətini – Demokratik hakimiyyəti söyüb, əliyevçi diktatura rejimini öydüyünü yazmışam. Faktın yada salınmağı Anarı bərk qıcıqlandırıb, acıqlandırıb. Anarın “Mübarizə bu gün də var” deməyinə gəlincə, Anarla bağlı “mübarizə” sözü mütləq dırnaqda yazılmalıdır – Anarın çağdaş, gözümüzün qarşısındakı yaşam praktikasında “mübarizə” anlayışına yer olmadığına görə! Mübarizə sözü əcdadlara – ata-oğul Ələkbər bəylə Xudadat bəyə yaraşan bir sözdür. Diktatura rejiminə qulluq eləyən ata-oğul Rzayevlərin (Anar, Tural) bu sözlə hansı bağlılığı var? Ata-oğul Rəfibəylilərin ideallarına düşmən bir rejimə qulluq eləyənləri necə ƏCDAD törəməsi saymaq olar? M.Ə.Rəsulzadə başda olmaqla, ulu əcdada bağlı olanlar, kimliyindən asılı olmayaraq, bu gün Azərbaycanın demokratikləşməyi uğrunda çarpışma aparanlardır!
Diktaturaya sədaqət faktoru
Sən demə, 40 illik bir dönəmdə – sovet dönəmində də, indiki dönəmdə də – Anar KQB generalı Heydər Əliyevə “eyni sədaqətlə yanaşıb”. Olsun, ancaq stulları qırmaq nə üçün? Bir yandan deyirsən: “Mən Sovet dövlətilə, sovet hakimiyyətilə vuruşmuşam”, o biri yandan Sovet dövlətinin, Sovet hakimiyyətinin yetkililərindən birinə dəyişməz SƏDAQƏT sərgiləyirsən. Bunu necə başa düşək?
Anar, özün bu rejimə qulluq yolu tuturkən, bizləri bircə dənə də fakt göstərmədən ermənilərə nökərçilik etməkdə suçlayırsan. Yaşı, az qala 80-ə çatmış bir adam da bir belə yalan, bir belə böhtan yolu tutarmı? Türkiyənin Azərbaycandakı keçmiş diplomatı Turqut Ərin bəlli kitabını sözsüz, oxumusan. T.Ər konkret faktlar göstərməklə, H.Əliyevin bir yandan Qarabağı, o biri yandan Azərbaycan neftini verməklə hakimiyyətə yiyələndiyini bildirir. Bundan başqa, T.Ər yazır: “Xalq Cəbhəsi hakimiyyəti millətin, millətə bağlı adamların hakimiyyəti idi. H.Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda hakimiyyət anası, arvadı erməni olanların əlinə keçdi”. Indi de görək ermənilərə nökərçilik eləyən kimdir, kimlərdir?!
Sən yazılarının birində H.Əliyevi “ümummilli lider, ulu öndər” adlandırırsan, olsun. Bizim Ulu Öndərimiz, Milli Liderimiz Məhəmməd Əmin Rəsulzadədir. Biz liderimizin idealları uğrunda çoxillik çarpışma yolçularıyıq. Bizim liderimiz Demokratik Respublika qurdu. Yalnız Azərbaycan Türklərini deyil, Azərbaycanın bütün xalqlarını bir gözdə gördü, Demokratik hakimiyyətə qovuşdurdu.. Yalnız Azərbaycan Türkləri üçün deyil, Azərbaycanda yaşayan bütün xalqlar üçün Demokratik bir dövlət qurdu.
Sizin lideriniz nə etdi? Azərbaycana düşmən güclərin əlilə Demokratik hakimiyyəti yıxıb, yerində Azərbaycanın bütün xalqlarını hüquqsuzluğa gətirib çıxaran Ailə hakimiyyəti – diktatura rejimi qurdu. Bu gün Azərbaycanın zəngin yeraltı-yerüstü var-yatırı bütünlüklə bir ailənin – Əliyevlər ailəsinin əlindədir. Bu gün Belarusa, daha doğrusu, diktator Lukaşenkoya 0,01 faizlə 300 milyonluq kredit verən oğul Əliyev çoxillik hakimiyyətləri boyunca yoxsullaşdıra-yoxsullaşdıra gətirdikləri bu xalqa krediti 20-24 faizə verir! Bu, Azərbaycan xalqına düşmənçiliyin, nifrətin görsənişi deyilsə, nədir? Indi bax gör kim nəyə qulluq eləyir! Bizlər antimilli, antidemokratik siyasətlərlə barışmadığımıza görə bu rejimlə müxalifətdəyik. Bunu gizli etmədiyimizə görə sənin “ağzından vurun!” yolgöstərənliyin… yumşaq desək, artıqdır. Deyəsən, sənin canında 37-lərin nostaljisi at oynadır. Deyəsən, Şamo Arif nələrisə doğru deyirmiş: hardandır səndə KQB rejiminə bu sonsuz sevgi, sonsuz SƏDAQƏT duyğusu? Eləcə də hardandır səndə çeşidli KQB metodları ilə yazı yazmaq bacarığı?
Donos faktoru
Hansısa qəzetlərə söykənərək yazırsan: “Özünü ”təmiz” adam adlandıran Xaliq boynuna alır ki, Milli Təhlükəsizlik Nazirliyinə verdiyi danosda AzTV-də yeyinti olması barədə… yazıbmış”. Sonra da yazırsan: “Budur Xaliq Bahadırın əsl siması”. Ax, nə gözəl! Anarın əlinə Xaliq Bahadırdan təkcə özünün yox, bütün varlığı ilə sevdiyi, sevə-sevə qulluq elədiyi bir rejimin də öcünü almaq şansı düşüb. Ancaq… əli boşda qalacaq! Xaliq Bahadırın bioqrafiyasında ona utanc gətirəcək, onu xalqın gözündən salacaq kompromat faktı yoxdur.
Göstərilən qəzetləri oxumamışam, Anar yazandan sonra tapşırmışam, onları mənə gətirəcəklər. Bəri başdan bildirirəm: Anar bu yalana, bu böhtana görə cavab verməli olacaq! Oxucularıma bildirirəm: mənim bioqrafiyamda hansısa dövlət qurumuna donos yazmaq faktı yoxdur, ola bilməz. Indilikdə mən bir fakta toxunmaq istəyirəm: 2003-cü il prezident seçkisi qabağı Anar bir illik AXC hakimiyyətini korrupsiyada suçlayaraq yazırdı: “Buna görə mən Heydər Əliyevə səs verəcəm”. Qısaca deyirəm: indi Anar məni konkret bir korrupsiya faktına qarşı çıxdığıma görə “donosbaz” adlandırır. Belədə soruşulur: Anar, sənin “əsl siman” hansıdır? Anar, sənin neçə üzün var? Hələ mən orasını demirəm: 18 illik KORRUPSIYA hakimiyyətinə qulluq eləyib, bir illik Demokratik hakimiyyəti korrupsiyada suçlamaq nə deməkdir?!
***
Bakı göydələnlərlə dolub, Anar hələ də beşmərtəbəli evin altıncı mərtəbəsində… öz işindədir. Sövet dönəminin düşüncəsilə yaşayan bu adam beşmərtəbəli evin altıncı mərtəbəsində… hələ də gözəgörünməz olduğunu düşünür. Bu gün Azərbaycanın ən hündür göydələni mənim yaradıcılarından biri olduğum “Azadlıq” qəzetidir. Bunu Anara necə başa salasan?!
HƏMÇİNİN OXU


