Azərbaycan və Ermənistan rus qoşunları ilə üz-üzə

Rusiyanın liberal çevrələrinə daxil olan, bu ölkədə “ən hərbi” hərbi ekspert sayılan, kifayət qədər məlumatlı mütəxəssis olması ilə diqqət çəkən Pavel Felqenhauerin son açıqlaması heç kimin diqqətindən yayınmadı. Ekspert bəyan etdi ki, Qarabağ münaqişəsi Rusiyanın ciddi maraq dairəsinə aid olan bir regionda baş verir və  Kreml 1994-cü ildən öz qoşunlarını sülhməramlı qüvvə kimi münaqişə zonasına yeritməyə çalışır. Indi də onun əsas niyyəti budur.

 

Bunu biz də illərdir görürük və deyirik. Əslində, Kazan görüşünün, bütün başqa görüşlərin, ümumilikdə Qarabağ düyününün, hətta ermənilərin mövqeyinin gerçək sirrini artıq hamı aydınca dərk etməlidir. Pavel Felqenhauerin açıq demədiyi, demək istəmədikləri də var. Amma onun dediklərindən hər şey aydın olur. Rusiya münaqişəni öz xeyrinə həll etmək istəyir. Hətta ermənilərin də xeyrinə həll etmək istəmir. Bəli, Rusiyanın ermənilərin tərəfini saxlaması haqda bizim təsəvvürlər tam yanlış olmasa da, tam doğru da deyil. Rusiya zaman-zaman ermənilərin tərəfini saxlayır, amma ermənilərin xeyrini düşünərək belə etmir. Məsələn, Rusiya Qarabağı ermənilərə də vermək istəmir. O, həm də Qarabağın köməyi ilə Ermənistanı tam əsarətdə saxlayır…

Hətta dünya tərsinə dönsə və Azərbaycan Qarabağı ermənilərə versə belə, Rusiya buna razılaşmaz…

Çünki Rusiya Qarabağı və onun vasitəsilə bütün Azərbaycanı və Ermənistanı istəyir. Bu münaqişə də buna görə ona lazımdır. O, münaqişəni qorumağa çalışır. Çalışır ki, münaqişə sönməsin. Və bunun üçün öz qoşunlarını münaqişə ərazisinə, münaqişə xəttinə soxmaq istəyir. Təbii ki, sülhməramlı qüvvə kimi. Amma sülhü qorumaq üçün yox, münaqişəni qorumaq üçün.

Rusiya bilir ki, münaqişə olmasa, azərbaycanlılar da, ermənilər də başlarına çarə tapıb, üzünü demokratik dünyaya tutacaq, özlərinə güzəran düzəldəcək, müstəqil dövlətlər kimi Avropa məkanına inteqrasiya edəcəklər. Odur ki, Kremlin ən böyük arzusu rus qoşunlarını münaqişəyə qatmaqdır. Bununla həmin dövlətlər Rusiyanın təsirindən qopa bilməyəcəklər. Nəinki Qarabağ münaqişəsi həll ediləcək, hətta bu dövlətlərin müstəqilliyi də nisbiləşəcək.Odur ki, Əliyevlər hakimiyyəti dövründə  Qarabağa dair mənim əsas narahatlığım bu məsələdən yana olub. Bu hakimiyyət Qarabağı güzəştə getməz, bilir ki, bu, onun faciəvi  sonu olar. Amma  bu hakimiyyət hər hansı sülhməramlı statusu ilə Rusiya qoşunlarının Qarabağa yerləşdirilməsinə imkan yaratsa, böyük xəyanətə imza atmış olar. Bizim hakimiyyət Kremldən qorxur və öz maraqları naminə bu addımı ata bilər. Bundan sonra xalqa da başa sala bilməyəcəyik ki, bu yumşaq hiylə nəinki Qarabağ üçün, bütünlüklə Azərbaycan üçün təhlükəlidir.

Rus qoşunları faktiki olaraq Qarabağda yerləşib, ermənilər tərəfdən bölgədə iştirak edir. Amma onun rəsmən bölgəyə gəlişi ən pis nəticə olardı. Buna yol vermək Azərbaycana ən böyük xəyanət olardı…

Odur ki, hər dəfə Rusiyanın təşkil etdiyi Qarabağ görüşləri zamanı mən ən narahat anları yaşayıram. Boğazımdan su getmir desəm, şişirtmərəm. Elə bilməyin ki, mən həmin görüşlə Qarabağı itirəcəyimizdən qorxuram, yox, mən rus qoşunlarının geri dönəcəyindən narahatam. Bu da, elə həm də o deməkdir.Bir şeyi də heç cür anlamaq olmur. Böyük mədəniyyəti, böyük insan resursları olan bir xalqın dövləti nə üçün bu mənasız “hərbi təsir” iddialarından əl çəkmir. Axı bu regiona normal iqtisadi əməkdaşlıqla girmək olar. Bu regionun bazarları Rusiya üçün asanlıqla işləniləcək bir məkandır. Normal qonşuluq üçün, bu regiondan qazanmaq üçün, xoş niyyətli nüfuz üçün geniş imkanlar var…