Beynəlxalq Böhran Qrupu iyul ayı üçün dünyada mövcud və potensial münaqişələrin inkişaf meylləri barədə hesabatında göstərir ki, Kazan görüşündən sonra Azərbaycanda siyasi məyusluq və bədbinlik hissləri artıb.
Vallah, başqalarını bilmirəm, bu mənimçün çox sevindirici xəbər oldu. Xəbər onu göstərir ki, hələ də bu ölkədə insanlar yaşayır, nəfəs alır, hətta hansısa hissləri belə, keçirirlər. Hələ-hələ siyasi. Deməli, məyusluq və bədbinlik artsa da, bu, hələ son hədd deyil. Bundan sonra lap çox artmağa xeyli ehtiyat yer var. Xeyli yer varsa, demək bu məmləkətdə hələ bir xeyli də həyat davam edəcək, yaşam hansısa bir həddə qədər sürə biləcək.
Mən niyə sevinirəm? Elə məyusluğun artmasına görə. Ümumiyyətlə, hisslərin mövcudluğuna görə. Çünki mən elə düşünmürdüm ki, Azərbaycanda Kazan görüşündən sonra bədbinlik və məyusluq hissləri arta bilər. Fikrim belə olub ki, bizdə ümumiyyətlə, heç nə heç kimi düşündürmür, hiss-həyəcan yaratmır. Mən bu toplumun siyasi ümidlərinin yerli-dibli öldüyünü güman eləyirdim. Söhbət proseslərin onsuz ötüşə bilmədiyi böyük çoxluqdan gedir. And içməyə belə hazır idim ki, Azərbaycan cəmiyyəti Kazan görüşü, Minsk qrupu həmsədrlərinin get-gəlləri, fəaliyyəti və ya fəaliyyətsizliyi haqda zərrə qədər də düşünmür. Qarabağ haqda söhbətlər ancaq iclaslarda, rəsmi tədbirlərdə, yubiley məclislərində (“Inşallah gələn il filankəs müəllimin doğum gününü Şuşada qeyd eləyərik və ya filan bayramı Xankəndində…”) gedir; yəni kiminsə ağzına mikrofonu dirəməsən Qarabağ dərdini dilləndirməz. Allah yenə də mikrofona bərəkət versin, yoxsa Tehran cənnətə dönməsə də, Qarabağ tam yaddan çıxardı. Nə isə, Azərbaycanın məyus ola bilməsi məni xeyli sevindirib. Demək, hələ hər şey məhv olmayıb, ümidlər tam itməyib.
Xalqımızın məyus olmasına sevinsəm də, hökumətin barışıq təklifindən bəzi jurnalistlərin sevinməsindən çox məyus olmuşam. Yox, bu o demək deyil ki, mən qanüzlü-filanam, barışı sevmirəm. Yox, tövbə! Adam özünün qan düşmənini belə, bağışlamaq böyüklüyündə olmalıdı. Istənilən düşmənçilik zərərlidi – cana da, ruha da. Ancaq bu şəxsi dava, şəxsi qan söhbəti deyil ki, durub bağışlayasan. Axı bildiyimə görə, bu, heç əşhədü-billah ehtiyacımız olan pul söhbəti də deyil. Sərbəst toplaşma azadlığı nə vaxtdan biznes predmetinə çevrilib? Hər bir sahədə biznes qurmaq olar. Ama azadlıq o sahələrdən deyil axı. Həm də söhbət 3-5 nəfərin yox, bütün millətin, bütün kişi jurnalistlərin uğrunda yata-qalxa, yıxıla-dura mübarizə apardığı azadlıq hüququndan gedən yerdə hansı barışıqdan söhbət gedə bilər. Üstəgəl, Avropa Məhkəməsinin bu iş üzrə qərarı onun sərbəst toplaşmaq hüququ sahəsində Azərbaycanla bağlı ilk qərarı ola bilər. Təzminat da elə mərifətli məbləğ deyil ki, onu bütün xalqla, bütün jurnalistlərlə bölüşüb barışığa gedəsən. Hakimiyyətə nə var ki, səni alçaldır, hüququnu əlindən alır, şəxsiyyətini iki paralıq eləyir, sonra da, nə vecinə, sənin dərindən çıxarıb yediyi trilyonlardan sənə tum pulu verib, sudan quru çıxır. Heç olmasa hüquqlarını pozduğuna görə durub səndən bağışlanma xahişi və üzrxahlıq eləsələr, bir də belə şey təkrar olunmaz, desələr, dərd yarıydı.
Nə yaxşı ki, prosedur qaydası möhtərəm Mehman Əliyevin dediyi kimidi: “Şikayətçilərdən heç olmasa biri hökumətlə razılaşmasa, iş üzrə məhkəmə iclası keçiriləcək və çox güman ki, şikayət təmin ediləcək”. Yenə də Avropa sağ olsun ki, bir kişinin mənliyinə belə dəyər verir.