ABŞ-ın Azərbaycanda RLS-i var?

«Qəbələ RLS-lə mobil tipli TRML-3D radarlarının müqayisə edilməsi yanlışdır»

Cəsur Sumərinli: «Mobil tipli bu radarlar asanlıqla daşına bilir və 200 km məsafəyə nəzarət edə bilir»

Rusiyanın Qəbələ RLS-lə bağlı müqaviləni uzatması mətbuatda geniş müzakirə olunmaqla yanaşı, Kremlin hələ də köhnə sovet stansiyasından əl çəkməməsinin səbəblərinə dair fikir mübadiləsi də aparılır. Rusiyanın nəyə görə bu stansiyanın icarə müddətinin uzadılmasına xüsusi maraq göstərməsi haqda yeni və olduqca maraqlı faktlar üzə çıxıb.
“Bakı-xəbər” qəzetinin yazdığına görə, Rusiya ekspertlərinin səsləndirdiyi məlumatlardan aydın olur ki, əslində Azərbaycan ərazisində ABŞ-a məxsus RLS mövcuddur və Rusiyanın Qəbələ RLS-dən möhkəm yapışmasının əsas səbəblərindən biri də bu amillə bağlıdır. Rusiyanın Siyasi Konyunktur Mərkəzinin eksperti Pavel Salin Kremlin RLS-i yenidən icarəyə götürməsini bununla izah edir. P.Salin “Interfaks-Azərbaycan” agentliyinə bildirib ki, Rusiya Qəbələ RLS-in 2012-ci ildən sonra da istismarında maraqlıdır: “Azərbaycanda hərbi iştirak Rusiya üçün əhəmiyyətlidir. Bunun iki əsas səbəbini söyləmək olar. Birincisi bu, Amerikanın Azərbaycanda iştirakına ziddir. Rəsmi Bakı bunu geniş açıqlamır, lakin hələ 2005-ci ildə ölkədə 200-300 kilometr hərəkət radiusu olan TRML-3D tipli Amerika RLS-i fəaliyyət göstərməyə başlayıb. Göründüyü kimi, onlar Iranın fəallığını izləməli və Azərbaycan ərazisi vasitəsilə neft və qazın tranzitinin təhlükəsizliyinə zəmanət verməlidir. Ikinci, həmçinin açıqlanmayan səbəb – hərbi baza siyasi ticarətdə həmişə alət kimi çıxış edə bilər”.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sədri Cəsur Sumərinlinin sözlərinə görə, Azərbaycan ərazisində ABŞ-a məxsus RLS-in mövcudluğuna dair fikir yanlışdır. Əslində, söhbət ABŞ-ın müxtəlif strukturlarının 2005-2006-cı illərdə Azərbaycanın Şimal (Xızı) və Cənub (Astara) regionunda TRML-3D tipli 2 radar stansiyasının quraşdırılmasına göstərdiyi dəstəkdən gedir. Bu stansiya quraşdırıldıqdan dərhal sonra Azərbaycan Dövlət Sərhəd Xidmətinin istifadəsinə verilib: “Indi də bu stansiyalar uğurla fəaliyyət göstərir və orada hər hansı ABŞ təsirindən, idarəetməsindən söhbət gedə bilməz. ABŞ-ın dəstəyi ilə Azərbaycanda quraşdırılmış TRML-3D tipli radarlar EADS firmasının istehsalıdır. Mobil tipli bu radarlar asanlıqla daşına və 200 km məsafəyə nəzarət edə bilir. Radar müxtəlif hədəfləri, xüsusilə də kiçik, sürətli və alçaqdan uçan təyyarələri, raketləri və helikopterləri aşkarlaya bilir”.
2006-2010-cu illərdə Azərbaycanın Xəzər sahilində 5-6 oxşar radar stansiyasının quraşdırıldığını deyən C.Sumərinli vurğuladı ki, bunlar da ABŞ-ın texniki dəstəyi ilə həyata keçirilib. Ekspertin sözlərinə görə, hərbi mənbələr ABŞ-ın Azərbaycana keçmiş sovet ordusundan qalma radiolokasiya stansiyalarının modernləşdirilməsində iştirak etdiyini də qeyd edirlər: “Xatırladım ki, Azərbaycan SQ ilə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı (EUCOM) arasında 2007-ci ildə imzalanmış Iş Planında EUCOM-un Azərbaycanın Xəzər dənizində təhlükəsizlik imkanlarının artırılmasına dair konkret yardımı əksini tapmışdı. Bu proses nəticəsində ABŞ Azərbaycana Hərbi Dəniz Qüvvələrinin, çavuş heyətinin təkmilləşdirilməsinə 10 milyon dollarlıq yardım ayırmışdı. Yardım Azərbaycan HDQ-nin 5 gəmisinin modernləşdirilməsini, Xəzərdə Müşahidə Məntəqəsinin, radar stansiyalarının yaradılmasını, HDQ xüsusi təyinatlılarının hazırlaşdırılmasını, kadr hazırlığını, HDQ ilə Dövlət Sərhəd Xidməti arasında əlaqələrin sıxlaşmasını nəzərdə tuturdu”.
Məhz həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın Xəzərdə müşahidə imkanlarının xeyli genişləndiyini deyən ekspert qeyd etdi ki, bu gün əldə olunan bilgilərə görə, Azərbaycan HDQ Xəzərdə üzən bütün obyektləri müşahidə etmək, daşımaları nəzərdən keçirmək imkanındadır: “Məncə, rusiyalı ekspertlərin Qəbələ RLS-lə mobil tipli TRML-3D radarlarını müqayisə etməsi qüsurludur. Birincisi, konkret ərazini əhatə edir və hərbi obyekt statusu var. Ikincisi isə sadəcə texniki avadanlıqdır və onu istənilən an, istənilən yerə daşımaq olar. Hesab edirəm ki, rusiyalı ekspertlər bu və digər fikirlər irəli sürməklə, əslində, Qəbələ RLS-in növbəti müddətə icarəyə götürülməsi prosesində Azərbaycandan daha çox qoparmaq istəyirlər”.

Xəyal