amerika

907-ci düzəliş neçə ildir niyə ləğv edilməyib?

Hökumətinin qeyri-legitim olması, iqtidarını qorumasını düşünməsi dövləti maraqları zərbə altında qoyur

Azərbaycanın hazırda ABŞ-dan silah almağa cəhd etdiyi ilə bağlı “Turan” Informasiya Agentliyində maraqlı məlumat dərc olunmuşdu. Həmin məlumata görə, Azərbaycana silah satışı artıq uzun zamandır ki, ikitərəfli münasibətlərdə keçilməz hədd olaraq qalır. Bakı Vaşinqtonun müdafiə silahları, ilk növbədə tank əleyhinə və hava hücumundan müdafiə vasitələri satmasına nail olmaq istiqamətində lobbiçiliyi davam etdirsə də, hələlik nəticə yoxdur.
Vaşinqtonda xarici siyasət şurasının baş əməkdaşı Ueyn Meri isə ABŞ-ın son üç administrasiyasının Azərbaycana silah satmamasının səbəbini Qafqazda münaqişə bölgələrinə ölümcül silahlar ixrac etməmək qərarı ilə əlaqələndirir.
Məhz bu səbəbdən ABŞ nə Azərbaycana, nə də Ermənistana silah satır. Amma ABŞ-dan fərqli olaraq Rusiya həm Azərbaycana, həm də Ermənistana silah satmaqda davam edir. Kremlin, hətta Yerevan ilə hərbi sahədə geniş əməkdaşlığı əhatə edən müqaviləsi də mövcuddur.
Azərbaycanın ABŞ-dan silah əldə edə bilməməsinin bir səbəbi kimi Konqresin Azadlığa Dəstək Aktına 907 saylı düzəlişlə əlaqələndirilir. 1992-ci ilin sonlarında qəbul edilən bu düzəliş Azərbaycana silah satışını qadağan edib.
Ekspertlər hesab edir ki, Amerika və Rusiya Azərbaycan üçün ATƏT-in Minsk qrupunun həmsədrləridir. Rusiyadan da fərqli olaraq ABŞ-ın münaqişə tərəflərinə silah satmaması Vaşinqtonun proseslərə daha obyektiv yanaşdığını göstərir. Hər il ABŞ-ın dövlət büdcəsindən həm Azərbaycan, həm Ermənistana müəyyən maddi yardımlar ayrılsa da onlar sırf humanitar inkişafa istiqamətlənir. Rusiyanın münaqişə tərəflərinə silah satması, Ermənistanla hərbi müqavilə imzalaması Kremlin fəaliyyətini kölgə altına almış olur.
ABŞ-ın Azərbaycana silah satmamasının başqa bir səbəbi kimi 907-ci düzəlişin hələ də qüvvədə qalması göstərilir. Amma bu zaman təbii olaraq sual meydana çıxır ki, nəyə görə indiyə qədər bu qadağa aradan qaldırılmayıb? Axı ABŞ-la Azərbaycan hökumətinin münasibətinin ən yaxşı dövrləri olub və imkan olub ki, bu məsələ müzakirəyə çıxarılsın. Aydın məsələdir ki, bunun reallaşmamasına bir səbəb də Azərbaycanda hakimiyyətin 1993-cü ildə qiyam yolu ilə dəyişməsi olub. Bundan sonra Azərbaycan hakimiyyətinin legitimliyi istər Heydər Əliyev, istərsə də Ilham Əliyevin dövründə sual altında olub. Ekspertlər burada bir məqama da diqqət çəkirlər. Belə ki, 1997-ci ilə kimi Heydər Əliyev ABŞ-a rəsmi səfərə dəvət edilməyib. H.Əliyevin bütün səfərləri və görüşləri işgüzar xarakter daşıyıb. Ona görə də hakimiyyətin legitimliyi Qərb üçün hər zaman “alver” predmeti olub. Elə enerji resurslarının işlənməsində, digər regional layihələrdə Azərbaycana edilən güzəştlər məhz bu legitimliyə göz yumulmağın qarşılığında edilib. Ona görə də Azərbaycan hakimiyyətinin arqumenti olmayıb ki, 907-ci düzəlişlə bağlı hər hansı tələb irəli sürə bilsin. Bir daha təsdiqini tapır ki, Azərbaycan hökumətinin qeyri-legitim olması dövləti maraqlarımızı zərbə altında qoyur və ölkəni müttəfiqləri ilə daha səmərəli işləməkdən məhrum edir.

Hikmət