2 aprel məhbuslarının məhkəməsindən mesaj var

2 aprel məhbuslarının məhkəməsindən reportajları oxuduqca heyrətlənirəm. Məni heyrətləndirən məhkəmə iclaslarındakı hakim və prokuror rəzalətləri deyil. Heç yalançı şahidlərin, saxta zərərçəkənlərin bir-birindən gülməli, bir-birini inkar edən, bir-birini ifşa edən ifadələri də deyil. Mən sadəcə, heyrətlənirəm ki, bu qədər inzibati güc, bu qədər pul, bu qədər polis, ordu, bu qədər basqı, repressiya, həbs, ölüm və…Və tunelin sonunda işıq hələ də yanır!

Əgər diqqətlə baxsanız o işığı siz də görəcəksiniz. 18 ildir yaradılan bir qorxu imperatorluğu qarşısında bunlar millətin gözbəbəyi, güvənc, qürur yeri olan insanların üzünə qoymağa bir ağıllı adam tapmırlarsa, bunların şahidləri, zərərçəkənləri bir az bərkə düşən kimi, “mən dəliyəm”, “mən ruhi xəstəyəm” deyib aradan çıxırlarsa, o işığı necə görməmək olar?
Vidadi Isgəndərlinin srağagünkü məhkəməsində iclas zalına daxil olan 72 yaşlı qadının hakimə sitəm edərcəsinə “Bizə deyirsiniz zərərçəkənsiz. Bizə kim zərər vurub?” sözləri…
Ya da Şahnaz Azadova adlı bir qadının aldadılaraq məhkəməyə gətirildiyinə şübhə yeri qoymayan “Mənə burda dedilər ki, zərərçəkənsən. Elə bildim oğlumla bağlı deyirlər. Mən iki ildə üç övlad itirmişəm. Bir oğlum dünyasını dəyişib, ikisi isə türmədədir. Mənə onlarla bağlı sual verin, seçki ilə yox” hayqırışı…Ya da adından yazılan saxta ifadəyə “Bunları mən demişəm?” deyən bir başqa “zərərçəkən”in üsyanı…Bunlar tunelin sonundakı o işığın zəif də olsa dalğalarıdır. Bunlar bunca zamandan sonra, bunca zülmdən sonra, bunca vəhşətə baxmayaraq, hələ də vaxtı yetişəndə birdəfəlik şpiris kimi istifadə edib kənara atmaq üçün yetərincə “şahid”, “üzəduran”, “zərərçəkən” yetişdirə bilməyiblərsə, ümidsiz olmağa, ruhdan düşməyə dəyməz. Tunelin sonundakı işıq mütləq güclənəcək, daha gur yanacaq və qaranlığın bağrını yaracaq, gec-tez bütün ölkəni aydınladacaq. 
***

Bəli, heyrətamizdir!

Bir belə zırıltıdan sonra, hələ də siyasi sifarişlə qurulan məhkəmə-məzhəkələrdən reportajların sərlöhvəsinə “Istintaq ifşa edildi”, “Ittihamların saxtalığı sübut edildi” sözləri çıxa bilirsə, əlində bu qədər güc, səlahiyyət, imtiyaz cəmləmiş bir rejimin “bomba”ları əlində partlayırsa, bunların prokurorları, hakimləri dostlarımızın arqumentləri qarşısında kəkələyirsə, gülünc günə düşürsə, heyrətlənməmək mümkün deyil! Təsəvvür edirəm, onların əlindəki gücün, imkanların mində biri bizdə olsaydı, indi nələr baş verirdi Azərbaycanda. Ən azı biz indi “Euronyus”un qarşısını kəsib Misirdən canlı yayıma baxmırdıq, indi bizim öz dəmir qəfəsimiz, öz Mübarəkimiz vardı.

***
Bəli, heyrətamizdir!

Gecə-gündüz üfunət qoxulu telekanallarında aparılan təbliğat, insanların iliyinədək işlədilməyə çalışılan qorxu, xof, şantaj… Amma hələ də bir yerdə vicdanının səsini dinləyən, həqiqəti büsbütün əzib keçməyə qəlbi yol verməyən adamlar var. Hələ də başına gələcəkləri göz önünə alıb onu bir hüquqsuzluğun alətinə çevirmək istəyən rejimin üzünə qayıdanlar var.
Məsələn, avtobus sürücüsü Sarvan Məhərrəmov. Onu 2 aprel məhbuslarının məhkəməsinə “zərərçəkən” kimi gətirmişdilər, amma Sarvan bəy bütün planları alt-üst etdi. Nə onun avtobusunun şüşələrini müxalifətçilərin sındırdığını söylədi, nə dəmir barmaqlıqlar ardındakı dostlarımızdan şikayətçi olduğunu dedi. Mən buna necə heyrətlənməyim? Axı bu, doğrudan da adama nağıl kimi gəlir: bir belə zülm, zalımlıq, işgəncə, repressiya, şantaj, amma cəmiyyət hələ də tam təslim olmayıb! Hələ də məşhur lətifədə deyildiyi kimi, ayağını rejimin çəkdiyi cızıqdan kənara qoya bilir.
Bunu qiymətləndirmək lazımdır. Bundan güc və işıq almaq lazımdır. Bu bizə davam etmək üçün ümid verməlidir. 
***
Bir sözlə, 2 aprel məhbuslarının məhkəmələrindən hər kəsə mesaj var və hər kəs o mesajı doğru oxumalıdır: Xalq itirilməyib. Xalq bir gün doğrudan da əsl zərərçəkən kimi məhkəmələrə gəlmək istəyir.