SARI GƏLİN (hekayə)

Bu gün də sevilə-sevilə oxunan “Sarı gəlin” xalq mahnısı Türkün minillik kültürünə söykənir. Mahnını özününküləşdirməyə çalışan, lakin “Sarı” kəlməsini türkcə səsləndirən ermənilər neçə əsrlərdir ki, bu sözün məntiqi anlamını aça bilmirlər. Aça bilməyəcəklər də! Avropalilarin bunu dərk edə bilməməsi anlaşılandı. Elə isə, sənə nə olub ey ULU TÜRK ?

I

May (mayıs) 1382 – ci il. Cünün günorta çağı olmasına baxmayaraq hava sazaqlı və soyuq idi. Quzey-doğu Anadoludan yola çıxmış, türklərə məxsus yüzdən bir qədər artıq öküz arabaları Təhməzli tayfasının məskunlaşdığı Hoçaz dağını aşaraq Sonasar adlanan obanı və Həkəri çayını keçdikdən sonra meşəli dağlarla əhatə olunmuş Qara kavı dərəsinə çatdılar. Öküz arabalarını ox və qılıncla silahlanmış atlılar dəstəsi müşaiyət edirdi. Qoyun, keçi, iribuynuzlu qaramal, at ilxısı və onları qoruyan coban itlərindən öndə gedən arabalardan təxminən yetmişi yüklə dolu idi. Digər arabalarda isə qocalar, qadınlar və bir də uşaqlar əyləşmişdilər. Cins atları və mükəmməl silahları ilə yerli Türklərdən fərqlənən, sarışın, mavi gözlü, sadə geyimli bu süvarilərin tanınmış tayfadan olmaları şübhə doğurmurdu. Xarici görkəmlərindən, sıra düzümündən və məqsədli hərəkətlərindən daha çox döyüşçüyə oxşayan bu atlılar əslində ovçu idilər və özlərinə daimi yaşayış məskəni seçmək üçün Anadoludakı “Oxçular” tayfasından ayrılaraq köç etmişdilər. Qara kavı dərəsində dumana düşən köç arabaları yoxuşu adladıqdan sonra günəşin nur saçdığı açıq talaya çıxdılar. Onlar əsil möcüzə ilə üzləşmişdilər. Açıq talada baharın oğlan çağı idi. Köçün önündə gedən, yaşı səksəni haqlamış, nurani görkəmli Mustafa bəy gözləri ilə gördüklərini seyr etmək üçün süvarilərə dayanmaq əmrini verdi…
Mustafa bəy və süvariləri qarşıdakı mənzərəni acgözlüklə seyr edirdilər. Yəqin ki, ilahi qüvvə bu yerləri keyfinin yaxşı vaxtında yaratmışdı və elə ona görə də mənzərəni acgözlüklə seyr etməyinə dəyərdi. Qarşı tərəfdə, cənubda açıq tala, taladan sonra hündür yamaclıq, bir qədər aralıda isə dağların döşündəki sıx meşə göz oxşayırdı. İlan kimi qıvrılaraq 113 kilometrdən artıq bir məsafəni qət edərək axıb gələn Həkəri çayı buradaca Qara kavı dərəsini iki hissəyə bölmüşdü. Şimalda qalan Hoçaz dağı və Əli bulağını, şərq tərəfdə yeləşən Sonasar obasını da çay açıq taladan tamamilə ayırmışdı. Əslində Həkəri çayı kiçik tayfaların məskunlaşdığı obalarla bu ərazi arasında sərhəd rolunu oynayırdı. Meşəyə çatmamış hündür yamaclıqda kəklik otu, zirinc, itburnu və saysız-hesabsız dağ otları, bir də yenicə qızarmağa başlamış meşə çiyələkləri bitmişdi. Yamaclıqda addımlayan zaman dağ otlarının spesfık iyi oxçuları bihuş edirdi. Bir sözlə, yeni bir tayfanın təməlini qoymaq üçün Ulu Tanrı köçəri Türklərdən heç nəyi əsigəməmişdi. Mustafa bəy yardımçısına müraciətlə dedi:
– Tayyip bəy! Mən bu yerləri çox sevdim. Sən düz yoldasan! Bir il öncə gəlib gördüklərini mən də bəyəndim. Söylədiklərinlə seyr etdiklərimiz üst-üstə düşdü. Deyəsən, bura cənnətin elə özüdür. Bizləri arzumuza çatdırdın! Tanrı da səni muradına çatdırsın! Allah səni türklərə cox görməsin!
Tayyip bəy boylu-buxunlu , cüssəli bir adam idi. Yaşı əllini ötsədə ona qırxdan artıq yaş vermək olmazdı. Gülümsər göy gözlərindən həyat eşqi aydın sezilirdi. Sifətində xasiyyətini xarakterizə edə bilən cizgilər olmasa da, baxışlarından mərdlik, səxavət yağırdı. O, Mustafa bəyin sözünə davam etdiyini görüb hörmət əlaməti olaraq danışmaq fıkrindən vaz keçdi. Mustafa bəy sözünə davam etdi:
– Burada bizimlə eyni dilə, dinə, tarixə, ortaq mədəniyyətə malik qan qardaşlarımız, Türk tayfaları yaşayırlar. Onlar öz əkin yerlərini, yaylaq torpaqlarını bizimlə paylaşdılar. Deyilənlərə görə dağların o tayında əkib-becərməyi bacarmayan tənbəl ermənilər yaşayırlar. Yerli Türk tayfalanndan fərqli olaraq onlar bu yerlərə sonradan köçmüşlər. Ac-yalavac olan bu quldurlar böyük dəstələrlə Türk obalarına basqın edir, evlərdəki ərzağı, mal-qaranı qarət edir, insanları öldürürlər.  Qan qardaşlarınızla birləşməyi, quldur ermənilərə qarşı amansız olmağı, Tayyip bəy,  sənə və bütün oxçulara tapşırıram. Tayyip, oğlum, indi anladım ki, qocalıq bir şey deyilmiş …. Tayfaya bundan sonra mənim kimi yaşlı bir insanın başçılıq etməsi ağılsızlıq olardı. Tayyip, sən «Oxçular» tayfasının düşünən beyni, vuran əlisən. Damarlarında bəy qanı axsa da bu titulu qılıncının kəsəri, ağlının gücü ilə haqq etmisən. Bu gün «Oxçular» tayfası ancaq sənə inanır və qılıncının kəsərinə güvənir!
Mustafa bəy həyatında ilk dəfəyydi ki duyğulanmışdı . O, qəhərini boğmaq, həyəcanını gizlətmək üçün söhbətin səmtini dəyişdi və süvarilərə müraciətlə sözünə davam etdi:
– Oxçu qardaşlarım! İndi isə sözüm sizlərədir. Bilin və eşidin! Bu andan etibarən sizlərin tayfa başçısı kimi mənə vermiş olduğunuz imtiyazlardan əl çəkirəm və səlahiyyətlərimi bütünlüklə Tayyip bəyə ötürürəm.  Xeyirli, uğurlu olsun! Ancaq sizlərdən bir xahişim var. Köçü üzü elə buradaca salın! Obanın adını isə Mayıs qoyun! Ailəniz üçün koma qaraltmamışdan öncə isə, o uca dağın döşündə, ən hündür yerdə məscid tikməyi unutmaym! Qayaları çapın və hər birinizin ailə ocağından məscidə cığır açın. Onda Allah-Talanın xeyir duası həmişə sizinlə olar.

II

May (mayıs) 1497 -ci il. Həkəri çayımn sahillərində məskunlaşmış Mayıs, Mişni və Qılınclılar da daxil olmaqla yeddi obanın camaatını yerli Türklər “Oxçular” deyil, “Gəloxçular” adlandırırdılar. Meşələrdə ov ovlayan, əkinçilik və heyvandarlıqla məşğul olan “Gəloxçular” Həkəri çayının var-dövlətindən lazımınca bəhrələnirdilər. Çay axır, axdıqca türklərə xeyir- bərəkət, ruzi gətirir, həyat bəxş edirdi. “Gəloxçular” tayfasının, xüsusilə də Qılınclıların biləyinin gücündən dadan ermənilər daha Türk obalarına basqın etmirdilər. Bicdən törəmə, əsli, nəcabəti bilinməyən bu insanlar Türkün zəif damarını tapmaq üçün elə də çox vaxt sərf etmədilər.Tənbəl “haylar” indi sadəlövh Türklərə yardımçı işlərdə kömək edirdilər. Onların gündəlik çörəyi də elə Türk tayfalarından çıxırdı.
Adətlərə hörmətlə yanaşan “Gəloxçular”, həftədə, ayda bir dəfə gecə ilə gündüzü dəyişik salsalar da Mayısı Həkərisiz təsəvvür etmirdilər. Həkəridə yaz, yay aylarında qızıl balıq və sair çay balıqları, bir də lüt oğlan uşaqları qaynaşardı . Yaz balından görməmiş kimi, doyunca yeyib səpən oğlan uşaqları qaşınmamaq üçün özlərini Həkəriyə vurardılar . Qışda isə bu çayda yalnız çoban Vəli çimərdi, özü də tuman və köynəkdə. Hə, bir də şaxtalı havalarda Mişnililər çayda buzlan sındıraraq soyuqdan keyimiş balıqları tutardılar.
Çoban Vəlinin obasında, Mayısda Mustafa bəy məscidi və tayfa başçısı Dövlət bəyin sarayı istisna olmaqla nə dəbdəbəli evlər, nə də həyətlərdə giriş qapısı varıydı. Camaat həyətyanı sahələrini qaratikan kollarıyla nişanlamaqla hasara almışdı. “Gəloxçular” evlərinin qapısını bayırdan bağlamazdılar. Deyilənə görə son yüz ildə Mayısda ev oğurluğu olmamışdı. Elə fıkirləşməyin ki, obada oğurluq olmurdu. Əslində hər gün olmasa da həftədə, ayda bir dəfə həyətlərdən qoyun-quzu oğurlanırdı. Bu bir adət idi. Zərərçəkənlər tayfa başçısına şikayətçi düşməzdilər, girəvə düşəndə özləri də oğurlayardılar.
Gündüzlər kişilər əkin-biçinlə məşğul olduğundan obada yalnız səhənglə su daşıyan qız və gəlinlər gözə dəyərdi. Axşamlar isə örüşdən qayıdan mal-qaranın, camaatın və çoban Vəlinin səs-küyündən qulaq tutulardı. Heyvanlar yerbəyer edildikdən, süd sağıldıqdan sonra sakitlik çökərdi.Yandırılmış təzəklərin tüstüsü və turşumuş iyi az sonra bütün Mayısı bürüyərdi. Allah verəndən yeyib içən, şam edən kişilər az sonra məscidin həyətində toplaşardılar.İlk öncə yaxınlıqdakı fındıq kollarından çöp qırar, xəncərlə onları yonaraq dişlərini təmizləyər, çay içib şirin söhbət edərdilər. Açıq havada oturmalarına baxmayaraq qəlyan tüstüsündən göz-gözü görməzdi. “Gəloxçular” vaxtlarını səmərəli keçirməyə çalışar, deyib-gülər, keçmişi xatırlayar, ümidlə sabahkı günü gözləyərdilər. Bu oturuşmuş bir həyat tərzi idi.
Bununla belə çoban Vəlinin gözündə Mayıs bu mahalın ən gözəl, ən mənzərəli obasıydı. O, Mayısı yer üzündəki obaların heç birinə dəyişməzdi. Ona görə ki, Mayısda onun gizli
məhəbbəti, anasının gələcək Sari gəlini, Günəş xanım yaşayırdı.

III

Vəlinin iyirmi bir yaşı ancaq olardı. Arıq, uzun, enli kürəkli, qarabuğdayı bir oğ lan idi. Bu dağların sərt iqlimindən, ayazın təsirindən yanıb qızarmış sifətində məsum uşaqlıq cizgiləri hələ də qalmaqdaydı. Zil qara gözlərindən igidlik, mərdlikdən daha çox ziyalılıq yağırdı. “Gəloxçular” tayfasında oğlan uşaqlarının məsciddə təhsil almaları, döyüş sənətinə yiyələnmələri məcburi idi. Tayfa başçısının bu istəyindən lazımınca bəhrələnən, kasıb bir ailənin tək oğlu olanVəli Mayısın mollası Qasım kişidən ərəb dilində yazıb -oxumağı, dini hədisləri və rəvayətləri mükəmməl öyrənmişdi. Daha doğrusu o, müqəddəs Qurani-Kərimi oxuyub başa vuran yeganə öyrənci idi. Molla Qasımın xələfı olan Vəli obanın sevimlisinə çevimlisdi. Lakin, xasiyyətcə ötkəm və iddialı olan Vəli azad və sərbəst yaşamaq, balaban çalmaq, şer demək istəyini cilovlamaqda aciz idi. Əslində o, Mayısın mollası deyil, çobanı olmaq, rəhmətlik atası Sərvət kişinin məsləkini davam etdirmək istəyirdi. Anası Həcər xalanın təkidlərinə baxmayaraq Vəli sözünün ağası, bu dağların xan çobanı oldu …
On altı yaşlı Günəş tayfa başçısı Dövlət bəyin qızı idi. Adını nənəsi Nisə xanım vermişdi. Mavi gözlü, sarışın bu qızı Günəş adlandırmamağın özü böyük qəbahət olardı. Günəş kimi nur saçan bu gözəli yalnız bir nəfər, özü də qəlbində “Sarı” deyərək əzizləyərdi…
Sevgilisinə qovuşmaq üçün  mənəvi zənginliyin azlıq etdiyini anlayan Vəli bu günədək arzusunda olmadığı var-dövlət barəsində düşünür, “başlıq” parası ödəmək üçün maddi durumunu yaxşılaşdırmağın yollarını axtarırdı. Vəli üçün Uca Tanrı, Günəş, bir də “Sarı gəlinin” nənəsi Nisə xamm əsil söz sahibləri idilər. Vəli düz yolda idi və Tanrının onu dəstəkləyəcəyinə şübhə etmirdi. Günəşə sübh tezdən bulaq başında görüş təklif etmiş və razılıq almışdı. Qalırdı Nisə xanım. Bu yerlərdə belə bir adət də var idi. Elçi düşməmişdən öncə qadınlar, ilk növbədə yaşı otuz beşi ötmüş qız anasının, yaşı çatmadıqda isə nənəsinin ağzını arayardılar. Rədd cavabı aldıqda bu məqsədlə o ocağa bir də ayaq basmazdılar. Vəli sevdalı olduğunu , Günəşi dəlicəsinə istədiyini anasına söyləmiş və elə günü sabah Nisə xanımın ağzını aramağı ondan xahiş etmişdi…

IV

Dan yeri yenicə sökülmüşdü. Hava qaranlıq və dumanlı idi. Qatı dumandan yayınaraq arabir zəif işıq saçan günəş qaranlığa meydan oxuyurdu. Alaqaranlıqda kəhər atı yəhərsiz minmiş Vəli qoyun-quzunu Mişni obası istiqamətinə, Qırmızı bulaq tərəfə sürürdü. O, geyiminə, sir- sifətinə əl gəzdirmişdi. Xırmanı adladıqdan sonra açıq talada, bulağın yaxınlığındakı örüşdə sürünü otarmaq üçün saxladı. Artıq günəş nur saçırdı. Qatı dumandan əsər-əlamət qalmamışdı.Vəli xurcundan çıxardığı cürdəyi su ilə doldurmaq üçün bulaq başına endi. O, qarşılaşdığı mənzərənin təsirindən və buz kimi soyuq bulaq suyu ilə təmasada olan dağ otlarının ətrafa yayılmış əsararəngiz iyindən bihuş olmuşdu. Göyün yeddinci qatında uçurdu. Təsəvvür edin. Meşədəki fındıq yarpaqların arasından birtəhər süzülən, çatıya bənzər sarı günəş şüası enişə, bulağın gözünədək hörük kimi uzanmışdı. Günəşin saçından fərqlənən bu hörüyün, şüanın ucu hacalı idi. Bütün gücünü bu haçalı süanın ucunu hörməyə sərf edən, lakin istəyinə nail olmayan Vəlini xəyallardan Günəşin incə səsi ayıltdı:
– Sabahın xeyir,Vəli! Söz vermişdim, sözümü tutdum. Görüşünə gəldim. Burada heç kimin məni səninlə birlikdə görməsini istəmirəm. Nə sözün varsa tez söylə. Tələsirəm.
Vəli Günəşi diqqətlə süzürdü. Bu yuxu deyildi, qarşısındakı Günəşiydi. Tanrı Günəşi yaradanda xəsislik etməmişdi, qələmini ondan əsirgəməmişdi. Vəlinin qarşısında incə belli, qamətli, gözəl -göyçək, uzun hörükləri topuğuna dəyən, əlində şehli qızıl gül dəstəsi tutmuş gözəllər gözəli Günəş dayanmışdı. Günəşlə müqayisədə gül dəstəsi çox solğun görsənirdi.  Bilmirəm.  Bəlkə də güllər sulu, şehli olduqları üçün tez solmuşdular.  Bəlkə də Günəş güllərdən daha təravətli, daha şux idi…
Vəlinin hissiyata qapıldığını, susduğunu görən Günəş sözünə davam etdi:
– Mən sənə qarşı biganə deyiləm. Düzünə qalsa səndən xoşum gəlir. Ancaq Mayısda camaatın səni bəy yox, molla, çoban, şair deyə çağırmalarına alışa bilmirəm. Adətlərimizi bilirsən. Sabah mayıs ayının 19-u, Mustafa bəyin doğum günüdür. İgidlərin qatılacağı yarışmada sən də at çapmalı,ox atmalı ,qılınc çalmalı, qurşaq tutmalısan. Qalib gələn igid bəy titulu ilə mükafatlandırılacaq. Cox istərdim ki, bu titulu sən qazanasan. “Vəli bəy”, bu məqamı ötürsən nəinki dədəm Dövlət bəy, heç nənəm Nisə də məni sənə verməz. Sabah özünü göstər və mənə sahib ol!
Sözünü bu notlarla bitirən Günəş gül dəstəsini qaya parçasının üzərinə qoyaraq birandaca fındıq kollarının arasında qeyb oldu.
Dələni oxla gözündən vuran, yəhərsiz kəhər atıyla cüyür qovub ceyran tutan Vəli özünə güvənırdı. Niyə də güvənməsin!  Dəfələrlə sürüyə soxulan canavarları yalın əlləri ilə boğmuşdu. Qılınc çalmağı isə bütün oğlan uşaqları kimi Qılınclı obasından olan ustad Əşrəf bəydən öyrənmişdi. O, sabahkı çətin gün barədə düşünmək əvəzinə yenidən hissiyata qapıldı və xəyalında haçalı saçın ucunu hörməyə çalışdı. İstəyinə nail olmayan Vəli qeyri-ixtiyari olaraq dilləndi:
Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər,
Sarı gəlin…
Bu sevda nə sevdadır,
Səni mənə verməzlər,
Neynim aman, aman,
Neynim aman, aman,
Sarı gəlin…
Vəli ahəstə oxuyduğu mahnını balabanda ifa etməyə başladı. Yəqin ki, İlahi qüvvə bu mahnını onun Günəşə olan saf məhəbbətinə ərmağan etmişdi. O, ifa etdiyi musiqiyə elə aludə olmuşdu ki, Serj “kirvənin” bulaq başına nə vaxt və necə gəlməsindən xəbər tutmamışdı. O, xeyli vaxt idi ki, Vəlinin oxuduğu mahnını erməni dilində zümzümə edirdi. Sarı axçi… kəlməsini eşidəndə Vəli qəfilət yuxusundan ayıldı :
– “Kirvə”, yenə də tülkü kimi səssiz-səmirsiz, xəlvət gəlmisən. Gəlişindən nəinki mən, heç itlər də xəbər tutmayıb.Yəqin çoxdan buradasan?
– Xeyli vaxt olar, deyə Serj dilləndi. O, dil ağıza qoymurdu. Elə hey danışırdı. Vəlinin geyimindən tutmuş, ötəri gördüyü , gedən qızın kimliyi və mahnı barədə müxtəlif suallar verirdi. Vəli dözmədi və əsəbi halda çımxırdı:
– Serj “kirvə”, deyəsən üz verəndə astar da istəyirsən. Nə olub axı? Robikin çər dəymiş boz eşşəyi kimi elə hey anqırırsan. İri burnunu hara gəldi soxma! Sən öl, mənim o itim səndən ağıllıdı. Alabaşı deyirəm də. Amma sənə hürmədiyinə görə bu gün alabaş gözümdən düşdü. Hə, indi anladım. Yəqin ki, alabaş  səni adam yerinə qoymayıb. Elə ona görə də sənə hürməyib.  “Kirvə”, vallah nə deyirsənsə de. Hər dəfə səninlə ünsiyyətdə olandan sonra alabaş gözümdə ucalır, nədənsə o itə məhəbbətim birə on qat artır. Səbəbini bilməmiş olmazsan? Görürəm xurcunların boşdur, yəqin ki, Mayisa dilənməyə gedirsən. Orada səni gözləyirlər. Sənə yaxşı yol.
Serji yola saldıqdıqdan sonra Vəli sabahkı çətin gün barədə fıkirləşməyə başladı…

V

Dövlət bəyin eyvanında Nisə xanımla Həcər xala çay içür,  keçmişdən, gələcəkdən söhbət edir, deyib gülürdülər. Deyəsən sözləri tutmuşdu. Ayaq üstə dayanmış, hörmət əlaməti olaraq özündən yaşlı qadınların söhbətinə müdaxilə etməyən Günəşin anası Nənəş xanım məcburiyyət qarşısında dilləndi:
– Ana, deyəsən həyətdə yad kişi var, zəhmət olmasa yaşmaq vurun. Keyfi yerində olan Nisə xanım yazıq görkəmli, ikiqat əyilmiş Serji diqqətlə süzdükdən sonra, gəlini Nənəşə müraciətlə dedi:
– Qızım, narahat olma, bu kişi deyil ermənidi. Tanımadın? Azatın oğlu Serjdi də. Yəqin ki, yenə dilənməyə gəlib.
Diqqətlə onun boş xurcunlarına baxan Nisə xammla Serj arasında qısa bir dialoq baş verdi:
– Eşidirəm.
– Mən evin kişisiylə, Dövlət bəylə görüşmək istəyirəm.
–  Dövlət bəy evdə yoxdu . O, kişilərlə görüşmək üçün məscidə gedib. Evin kişisi Dövlət bəyi mən doğmuşam, sözünü çəkinmədən mənə də deyə bilərsən.
– Xanım, uşaqlarım acından qan qusur. Vallah elə səni deyib gəlmişəm. Kömək əlini əsirgəsən balalarım acından öləcək. Onlara yazığın gəlsin! Əl səndən, ətək məndən.Tapşır, ötən dəfəki kimi xurcunlarımı ağzına qədər doldursunlar. Bu il məhsulumuz bol olacaq. Söz verirəm, bir daha dilənməyəcəyəm.
– İnanan daşa dönsün!
Xurcunların ağırlığından beli bükülmüş Serj “Sarı gəlin” mahnısını zümzümə edərək
dağların o tayındakı evinə doğru addımlayırdı.

VI

19 may (mayıs) 1493-cü il. Mayıs obası. “Gəloxçular” evlərin arxasındakı yoxuşluqda, qoca palıd ağacının kölgəsinə sığınmış köhnə xırmanın ətrafında bardaş qurub oturmuşdular. Xırmana yaxınlaşan atlıları diqqətlə izləyən “Gəloxçular” sonuncu mərhələdə, çaparların yarışmasında da qalib gələn Vəlini alqışlayır, ona təriflər yağdırırdılar. Vəli tayfa ağsaqqallarınin əllərini öpdükdən, onların xeyir-duasını aldıqdan sonra Dövlət bəyin qarşısında diz çökdü. Bəylik titulunun rəmizi olan qılıncı Vəliyə təqdim edən Dövlət bəy “Gəloxçulara” nüraciətlə dedi:
– Qardaşlarım,Vəli tayfanın tarixinə bu gün öz adını böyük həriflərlə yazdı və bəy titulunu qazandı. Mən sevinirəm və qürur duyuram. Anladım ki, tayfanın gələcəyi əmin əllərdədir. Hamınıza məlumdur ki, bizlərdə bəy titulu irsi, keçici deyildir. Ağıllı, igid , biləyinin gücünə, qılıncının kəsərinə güvənən ərənlərdən biri hər ilin bu günü bəy titulunu qazanır. Adətlərimizi bilirsiniz. Tayfa başçısı səlahiyyətlərindən imtina etdikdə onun tövsiyəsi və sizlərin istəyi ilə bu bəylərdən biri onun yerinə seçilməlidir. Bu gün mən səlahiyyətlərimdən əl çəkmək niyyətində deyiləm. Lakin Vəlini özümün xələfı elan etməklə sizləri sevindirəcəyimi bilirəm. Vəli, oğlum. Sən hələ cavan və təcrübəsizsən.Unutma. Mənim xələfım, tayfanın gələcək başçısı olmaq üçün qayalıqda yatan ilana,  göydə uçan qartala qiymət verməyi bacarmalısan. Bu yolda sənə uğurlar arzulayıram.
Yarışmanın şərtlərinə uyğun olaraq bu gün bəy titulu ilə yanaşı əlli baş qoyun-quzunu, on baş iri buynuzlu qaramalı da bizlərdən haqq etdin. Ağsaqqallarla məsləhətləşmişik. Xırmanın sağ tərəfındə , yoxuşluqda sənə adına layiq ev də tikəcəyik. Bu hələ hamısı deyil. Səni intizarda saxlamaq istəmirəm. Qızım Günəşi sənə ömür-gün yoldaşı verirəm. Allah deyən olsun! Evi tikilib başa çatdıran kimi toyunuzu da edəcəyəm ….
Vəli ilə Günəş 1494-cü ilin mayıs ayında evləndilər. Onların toyunda oxunan “Sarı gəlin” mahnısı nəinki Türk tayfalarının, hətta mahnını öz dillərində oxuyan, lakin “Sarı” sözünü azərbaycanca səsləndirən ermənilərin də ən sevimli türküsünə çevrildi.

P.S. Mən, sıradan bir azərbaycanlıyam. Qələm əhli deyiləm. Hekayəni “Sarı gəlin” xalq mahnısını anonim adlandıran Türkiyənin bəzi şou-biznes əhlinə ittihaf edirəm. Qüsurlara görə tarixçilərdən, yazarlardan və musiqişünaslardan üzr istəyirəm. Onu da qeyd edim ki, Laçın rayonu və Mayıs da daxil olmaqla «Gəloxçular» tayfasının məskunlaşdığı yeddi kənd iyirmi ildir ki, ermənilər tərəfındən işğal edilmişdir.
LAÇIN DAGLARI, ƏSARƏTDƏ QALAN ELLƏRİMİZ BİZİM ÜÇÜN DARIXIR ARTIQ VAXTDIR, OYAN AZƏRBAYCAN !

İLHAM ORXAN FƏTƏLİYEV