“Qarabağ” möcüzə yarada biləcəkmi?

Bu gün Avroliqanın III təsnifat mərhələsinin oyunlarına yekun vurulacaq.  Qol.Az-ın məlumatına görə,  bu mərhələdə yeganə təmsilçimiz olan “Qarabağ” da bu axşam “Brügge” ilə cavab görüşünə çıxacaq.

Səfərdə keçirilən ilk oyunda rəqibinə 1:4 hesabı ilə məğlub olan “Qarabağ”ın evdə işi heç də asan olmayacaq. 
Növbəti mərhələyə adlamaq üçün Qurban Qurbanovun komandası rəqib qapısından 3 cavabsız top keçirməlidir.  Lakin rəqibin güclü olması “Qarabağ”ın şanslarını müəyyən qədər azaldır.

Bununla belə, “Qarabağ” klubu doğma azarkeşlər önündə ən azı minimal hesabla da olsa, qələbə qazanmaq istəyəcək. Bu həm komanda, həm də Azərbaycanın reytinq xalı üçün çox əhəmiyyətlidir. Bundan əlavə “Qarabağ”ın klubların dünya reytinqində geriləməsi də onları bu axşamkı görüşdə yalnız qələbəyə kökləyəcək. “Qarabağ”ın bu axşam ən azı reytinq xalı üçün oynayacağı heç kəsə sirr deyil.

Bu mövsüm ölkəmizə ən çox reytinq xalı qazandıran “Qarabağ” klubundan hər kəs bu mövsüm də ən azı Avroliqanın “play-off” mərhələsinə düşməyi gözləyirdi. Lakin Avroliqanın ilk mərhələsində Litvanın “Banqa” klubunu bir nəfəsə keçən “Qarabağ” növbəti rəqiblə görüşdə müəyyən çətinlik yaşadı. Farer adalarının “Streymur” klubu “Qarabağ” üçün kifayət qədər çətinlik yarada bilmişdi.

Təəssüf ki, “Qarabağ” Avroliqanın III təsnifat mərhələsində daha güclü rəqiblə Belçikanın “Brügge” klubu ilə qarşılaşdı. Üstəlik ilk oyunda böyükhesablı məğlubiyyət komandamızın işini daha da çətinə salıb. Lakin futbolda bəzən möcüzələrin də baş verməsinin şahidi olmuşuq. İnanırıq ki, “Qarabağ” da sabah möcüzə yarada biləcək. 

4 avqust
Avroliqanın III təsnifat mərhələsinin cavab görüşü
21:00. “Qarabağ” – “Brügge”Hakimlər: Saşa Kever, Daniel Vermelinger, Raffael Zeder, Stefan Bulman (hamısı İsveçrə).UEFA nümayəndəsi: Genadi Skurtul (Moldova).Hakim-inspektoru: Nathan Bartfeld (Moldova).Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.