Qaydasız siyasi döyüş

Ötən dəfə konstitusiya islahatları haqda bir neçə sətir yazmışdım. Bəlkə elə indi bu haqda yazmaq yerinə düşür, çünki Türkiyədə maraqlı hadisə yaşanır və bunu hər birimiz görürük, amma heç də hər birimiz bu hadisələri öz milli süzgəcimizdən keçirmirik. Türkiyə təhlükəsizlik içində demokratiya, yoxsa demokratiya içində təhlükəsizlik dilemmasını yaşayır. Demokratiya ordunun maraqları çərçivəsində olmalıdır, yoxsa ordunun maraqları demokratiyanın hüdudlarına sığışmalıdır? Qardaş ölkə bir müddətdir ki, bu suallara cavab arayır. Elə hakim AKP də azadlığın tərəzisini bir qədər öz tərəfinə çəkir. Bir məsələ gərək həmişə diqqətdə qalsın. Konstitusiya islahatlarının orientirləri respublikaçılıq və demokratiya olmalıdır. Həm də dindarların hüquqlarının genişləndirilməsi dünyəvi dövlət prinsipi ilə ziddiyyət təşkil etməməlidir, bu əks təqdirdə on illər ərzində təsbit olunmuş və hamının qəbul etdiyi əsas prinsipdən çəkilmək olardı. Bəli, bu problemlər bizim üçün o qədər də aktual deyil. Bizim üçün aktual olan şey başqadır. Məsələ bundadır ki, indi bu hakimiyyətin sayəsində bizim Konstitusiyamız siyasi təqvimə çevrilib, o, ancaq formal və saxta seçkilərin vaxtını reqlamentləşdirmək üçün istifadə olunur və ancaq bu məsələləri tənzimləyir, digər məsələlərdə o, heç bir rol oynamır. Türkiyədə konstitusiya islahatlarının necə çətin getdiyini hamı bilir və izləyir. Bu, belə də olmalıdır, çünki söhbət millətin ali sənədindən gedir. Bizdə isə hakim partiya Konstitusiyaya 16 il ərzində ikicə dəfə çox prinsipial dəyişikliklər etdi. Nəticədə sənəd əvvəl qeyd etdiyim kimi, siyasi təqvimə və reqlamentə çevrildi. Hakimiyyət, hətta bu sənədə də əməl etmir, heç olmasa, onun əsasında düzgün seçki keçirə və normal hakimiyyət formalaşdıra bilər və azacıq da olsa qaydalara əməl edərdi, amma etmir, seçkiləri saxtalaşdırır və özünün zorakı siyasətini davam etdirir.

Ingilislər deyir ki, istənilən qayda qaydasızlıqdan yaxşıdır. Biz bunu gündəlik həyatımızda yaşayırıq, bunları heç cür qaydalara dəvət edə bilmirik, ölkədə qaydasız siyasi döyüş davam edir. Türkiyənin konstitusiyasının qüsurları çoxdur, amma onlar bu qanunla yaşayır və onun hərfinə, nöqtəsinə əməl edirlər. Biz də isə bir qayda var və o da bundan ibarətdir ki, bu ölkədə heç bir qayda yoxdur!

Bütün dünya Belarus olsaydı…

Belarusun baş naziri Bakıya gələrkən ürəyimizə dammamışdı ki, o, elə-belə təşrif buyurmayıb, kredit üçün gəlib. Bir dəfə A.Lukaşenkonun bircə xahişi ilə bircə anın içində Belarusa milyonlar ötürüldü. Yenə də kredit veriblər və bu məbləğ öz miqdarı ilə adamı qorxudur – 300 milyon! Çökməkdə olan bir rejimə donorluq etmək siyasi intuisiyanın yoxluğuna dəlalət edir. Amma biz güman etmirik ki, hakimiyyətdəkilərdə bu intuisiya çatışmır. Onlar sadəcə, öz simpatiyalarını gizlətmirlər, bəli, Belarus rejimi kimi rejimlər bunların lap ürəyindəndir, onlar çox istərdilər ki, bütün dünya Belarusdan ibarət olsun, bunlar özlərini belə daha rahat hiss edirlər. Milyonlara gəldikdə isə, bəli, bu hakimiyyət özünü heç kimin qarşısında cavabdeh və sorğulu hesab etmir, millətin sərvətinə öz sərvətləri kimi sərəncam verirlər. Bunlar guya, xalqın sovet banklarında batmış əmanətlərini qaytarmaq üçün vəsait tapmırlar və bu məsələni bütün vasitələrlə qapayırlar, amma diktaturaları dirçəltmək və onlara həyat enerjisi vermək üçün vəsait tapırlar. Məqsəd nədir? Guya belə addımla Azərbaycan müttəfiq qazanacaq? Bəlkə onun mövqeləri möhkəm dayaqlar tapacaq? Vallah, bunu düşünmək də gülüncdür. Hətta Medvedev və Putin Rusiyanın sərvətinə belə sayğısız yanaşmırlar, onlar özlərinin ciddi geosiyasi planlarına rəğmən Belarusa yardım etmirlər. Mən hələ Orta Asiya rejimlərini demirəm, onların da Lukaşenko ilə ilişgiləri haqda elə bir bilgi və informasiya yoxdur. Belə addımlarla bunlar bəlkə Rusiya mifini dağıdırlar? Yaxud MDB-ni parçalamaq fikrinə düşüblər? Doğrudan da gülməlidir, elə gülməli olduğu üçün də ağlamalıdır, çünki bu dəfə gülən biz deyilik, bizlərə gülürlər, özü də ucadan…