Putin Gürcüstanı təxribata çəkir

Vəfa Quluzadə: «Rusiyanın Cənubi Osetiyanı özünə birləşdirməyə gücü yoxdur»

Rusiyanın baş naziri Vladimir Putinin Cənubi Osetiya ilə sərhədləri ləğv etmək niyyətini bəyan etməsini siyasi ekspertlər birmənalı qiymətləndirmir. “Biz mahiyyət etibarilə Şimali və Cənubi Osetiyanın arasındakı sərhədi ləğv edirik və insanlara öz ölkələrini inkişaf etdirməyə şərait yaradırıq. Cənubi Osetiya ilə Rusiya arasında bağlanılmış müqavilə belə bir hüquqi əsas yaradır. Hesab edirəm ki, bu münasibətləri dərinləşdirəcək bir neçə sənədin imzalanmasına da ehtiyac var”, – deyə Putin vurğulayıb.
Ekspertlərin fikrincə, Putinin bu açıqlaması ABŞ Senatının Rusiyanın silahlı qüvvələrinin Cənubi Osetiya və Abxaziyadan çıxarılmasına dair qətnamə ilə çıxış etməsinə cavabdır. Bəs görəsən, Rusiyanın bu addımı Cənubi Qafqazdakı proseslərə necə təsir edə bilər? Cənubi Osetiyanın Rusiyaya birləşməsi nə dərəcədə mümkündür?
Politoloq Vəfa Quluzadə hesab edir ki, Putinin son açıqlamasını təxribat kimi qiymətləndirmək lazımdır. Bütün dünyanın Cənubi Osetiya və Abxaziyanı Gürcüstanın ərazisi kimi tanıdığını deyən V.Quluzadə əlavə etdi ki, Kreml əvvəl-axır bu reallıqla barışaraq, qoşunlarını Gürcüstan ərazilərindən çıxarmalıdır: “Rusiyanın Cənubi Osetiyanı özünə birləşdirməyə gücü yoxdur. Bu addım Rusiyaya baha başa gələ bilər. Digər tərəfdən, kifayət qədər problemli zonaları olan Rusiyanın Cənubi Osetiyaya ehtiyacı yoxdur. Sadəcə olaraq, Rusiya Cənubi Qafqazda bu cür təxribatçı addımlara yol verməklə regionu nəzarətində saxlamağa çalışır. Elə Gürcüstana qarşı bu bəyanatlar, tez-tez Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması Rusiyanın regionda sabitliyi hər zaman təhlükə altında saxlamaqla bağlı planının tərkib hissəsidir”.
Rusiyaya qonşu dövlətlərin bu cür təxribatçı münasibətlərlə üzləşməməsi üçün Putin kimi rəhbərlərin hakimiyyətdən uzaqlaşmasını vacib sayan V.Quluzadə vurğuladı ki, Putinin bu davranışları onun kriminal keçmişə sahib olmasından irəli gəlir.

Xəyal