kiv-df

Onun da “olum, ya ölüm” sualına güllələr cavab verdi

Onun rəngarəng obrazlar qalereyası

Azərbaycan teatr sənətinin inkişafında müstəsna xidməti olan şəxslərdən biri də Ülvi Rəcəbdir. Səhnəmizdə Qacar şahı, Hamleti yaradan Ülvi Rəcəbi 1937-ci ildə evində türk musiqisi yazılmış valları çaldırmaqda ittiham etmişdilər. Istər coğrafi, istərsə də mənəvi yaxınlıq baxımından onun türk musiqisinə marağı təbii idi.

O, bir müddət Tiflis Azərbaycan Teatrının aktyoru olmuş, sonra isə “Azdrama”ya dəvət edilmişdi. Milliyyətcə acar olan Ülvi Rəcəb romantik və realist aktyor məktəblərinin poetika səciyyələrini inamla zənginləşdirən sənətkarlardan biridir. Onun Hamlet obrazını əks etdirən fotoportreti Londonda Şekspir muzeyini bəzəyir. Aktyor otuz beş illik ömründə və Milli Dram Teatrında on üç illik fəaliyyəti dövründə zəngin yaradıcılıq irsi qoyub getmişdir.

Ülvi Rəcəb 1903-cü ilin yanvarında Batum (Batumi) yaxınlığındakı Canivri kəndində doğulub. Atası Rəcəb bəy bütün Avropanı gəzmişdi və oğlunun dünyagörüşünün formalaşmasında onun söhbətləri mühüm rol oynamışdı. On altı yaşında atasını itirən Ülvi təhsilə erkən yaşlarından başlayıb. Xalası ilə Istanbula gedərək orada təhsil alıb. Birinci Dünya müharibəsi başlananda Ülvi təhsilini ataraq çörəkpulu qazanmaq məcburiyyətində qalıb. 1918-ci ildə müharibə qurtaranda Batuma qayıdıb. Həmin il Hüseyn Ərəblinski geniş repertuarla Batumda qastrolda olub. Onlar tamaşaları əsasən “Artistlər cəmiyyəti”nin zalında oynayırdılar. Ülvi “Otello” tamaşasına baxıb və Ərəblinskinin Otellosu onu məftun edib. O, Azərbaycandan gəlmiş aktyorlarla yaxından tanış olub. Onların göstərdikləri bir heçə tamaşada epizodik rollar oynayıb. Gənc teatr həvəskarı hətta “Arşın mal alan” operettasında, xəstələnən aktyorun əvəzinə, Soltan bəy rolunda səhnəyə çıxıb. O vaxtdan Ülvi Rəcəb Batumdakı teatrın kollektivinə daxil olub. 1922-ci ildə həmin teatr Tiflisə qastrola gəlib. Rustaveli teatrında iki tamaşa oynayan kollektiv qastrol pis təşkil olunduğuna görə səfərini yarımçıq saxlayıb.

Ülvi burada Tiflis Azərbaycan Teatrının yaradıcılarından Ibrahim Isfahanlı ilə tanış olub. Batuma qayıtmayan Ülvi Rəcəb Tiflisdə qalıb və “Zubalov evi”ndə fəaliyyət göstərən “Azərbaycan uram cəmiyyəti”nə daxil olub. “Ölülər” (Mirzə Cəlil Məmmədquluzadə), “Dağılan tifaq” (Əbdürrəhim bəy Haqverdiyev), “Aydın” (Cəfər Cabbarlı) tamaşalarında çıxış edib. Az sonra Tiflis Dövlət Azərbaycan Dram Teatrının kollektivində çalışıb. Uca boylu, aydın diksiyalı, emosional və coşğun, lirik və ehtiraslı gənc aktyor dramatik, faciə və operetta rollarında eyni uğur və bacarıqla çıxış edib. 1924-cü ilin yayında Tiflis Azərbaycan Teatrının baş rejissoru Aleksandr Tuqanov hökumətin dəvətilə Bakıya, Milli Dram Teatrına çağırılıb. Ülvi Rəcəbin istedad və yaradıcılıq imkanlarına böyük ümid bəsləyən Tuqanov onu da Bakıya dəvət edib. Ülvi 1925-ci ildən Milli Dram Teatrında işləməyə başlayıb. Tezliklə Ülvi Rəcəb teatrın aparıcı aktyoru Abbasmirzə Şərifzadə ilə dublyor olub. 
Həm dramatik qəhrəman, həm romantik aşiq

Çoxşaxəli yaradıcılığı olan Ülvi Rəcəbin ifa etdiyi rolları şərti bölgüyə ayırsaq, əsas beş istiqamət üzərində dayanmış olarıq. Qəhrəman obrazları: Mixail Yarovay (“Düşmənlər”, Konstantin Trenyov), Səyavuş (“Səyavuş”, Hüseyn Cavid), Polad Qartal (“Polad Qartal”, Aleksandr Korneyçuk), Qüdrət Arslan, Yaşar (“Dönüş” və “Yaşar”, Cəfər Cabbarlı). Faciə qəhrəmanları: Vilyam Şekspirin “Hamlet” və “Otello” əsərlərində Hamlet və Otello, Hüseyn Cavidin “Knyaz”ında Anton, Mirzə Cəlil Məmmədquluzadənin “Ölülər”ində Isgəndər, Cəfər Cabbarlının “Od gəlini”ndə Elxan. Aktyor Hamlet rolunu həm Aleksandr Tuqanovun (1926-cı il), həm də Sergey Mayorovun (1933-cü il) quruluşlarında oynayıb. Həmin rolu Abbasmirzə Şərifzadə kimi təcrübəli aktyor da ifa edib. Onun ifası coşğun və çılğın ehtirası, Ülvi Rəcəbin oyunu isə psixoloji dərinliyi və emosional temperamenti ilə seçilib.

Dramatik obrazlar: Borodin (“Qorxu”, Aleksandr Afinogenov), Huinplen (“Gülən adam”, Viktor Hüqo), Jak (“Iki yetimə”, Adolf D’Enneri və Germon), Voronov (“Intervensiya”, Lev Slavin), Mühəndis Eldəniz (“Yanar dərə”, Cabbar Məcnunbəyov). Ülvi Rəcəbin dramatik ifadə vasitələrində güclü müasirlik ruhu və heyranedici reallıq, səmimi təbiilik vardı Mürəkkəb psixoloji personajlar: Aqşin (“Od gəlini”, Cəfər Cabbarlı), Süleyman (“Həyat”, Mirzə Ibrahimov), Balaş (“Sevil”, Cəfər Cabbarlı. Aktyor bu rolu Türk Işçi Teatrında oynayıb), Satin (“Həyatın dibində”, Maksim Qorki), Ninkir Sin (“Zaqmuq”, Anatoli Qlebov). Ülvi Rəcəb milli səhnəmizin sırf psixologizm ünsürləri, lirik-emosional ifadə vasitələri ilə səhnədə qəhrəmanlı göstərən ilk sənətkarlarından olub. Bu bacarıq və qabiliyyəti ilə o, romantik oyun üslubu ilə realist ifa tərzi arasında qırılmaz əlaqə bağları yarada bilib. Məhəbbət aşiqləri obrazları: Vilyam Şekspirin “Romeo və Cülyetta”, Hüseyn Cavidin “Şeyx Sənan” faciələrində Romeo və Şeyx Sənan. Belə rollarda Ülvi Rəcəb səhnəmiz üçün o dövrdə yeni olan poetika xüsusiyyətlərini, estetik ifadə vasitələrini cəsarətlə sınaqdan çıxarıb. Onun Romeosu təkcə Milli Dram Teatrının deyil, geniş mənada milli səhnə sənətimizin ən parlaq Romeosu kimi tarixə keçib.

O da repressiya qurbanı oldu

Azərbaycan aktyorları arasında “psixoloji teatr” sənətinin bünövrəsmi qoyan ilkinlərdən biri və onun formalaşmasında misilsiz xidmətlər göstərən, yüksək nailiyyətlər qazanan Ülvi Rəcəbdir. Ülvi Rəcəb Milli Dram Teatrında işləyə-işləyə dəvətlə Tiflisdə Şeyx Sənan, Yaşar, Yarovay rollarını oynayıb. 1931-ci ildə Bakı Türk Işçi Teatrının hazırladığı “Sevil” tamaşasında Ülvi Rəcəb Balaş rolunu yüksək sənətkarlıqla oynayıb. Sevil rolunda onun tərəfdaşı Akademik teatrın aktrisası Mərziyə Davudova və Gülüş obrazında Işçi Teatrının gənc istedadlarından Fatma Qədri olub. Ülvi Rəcəb Bakıdakı Rus Dram Teatrında həmin kollektivin hazırladığı “Otello” tamaşasında Otellonu oynayıb. Onun tərəf-müqabilləri B.Ilin (Yaqo) və A.Suvorova (Dezdefliona) tanınmış və təcrübəli aktyorların olmasma baxmayaraq, Ülvinin oyunu parlaqlığı ilə seçilib. “Həyat” (rejissor Adil Isgəndərov) tamaşasında oynadığı Süleyman rolu Ülvi Rəcəbin Akademik teatrda son işi və son qələbəsi oldu. Aktyor mürəkkəb psixoloji əsaslı, ikili xarakterli obraz yaratdı. Süleyman rolunun uğuru bütövlükdə tamaşanın ideya-bədii tutumunu, fikir dərinliyini, quruluşçu recissorun ali məqsədini müəyyənləşdirdi. Ülvi Rəcəb tərəf-müqabilləri ilə ünsiyyətdə, səhnədəki vəziyyətin psixoloci halına uyğun davranmaqda həmişə nümunə göstərilirdi. O, ifa etdiyi hər bir personajı dərindən duyan, onun həm məfkurəvi, həm də psixoloji rəsmini dəqiqliklə ölçüb-biçən, cana gətirən aktyor kimi seçilirdi. Aktyor obrazların daxili dolğunluğuna heyrətamiz coşğunluqla, sadə, ancaq çoxmənalı ştrixlərlə nail olurdu. O, daim axtarışlar aparır, tapıb cilaladığı və oynadığı obrazın mayasına hopdurduğu ifadə vasitələri ilə tamaşaçıları məftun edir, onlara bədii zövq verirdi. Ülvi Rəcəb janr baxımından rəngarəngliyə, xüsusən mövzu-problem müxtəlifliyinə can atan aktyor idi. Teatr sənətindəki xidmətlərinə görə 25 aprel 1933-cü ildə Ülvi Rəcəbə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı verilib.

Aktyor 1937-ci ildə “xalq düşməni” damğası ilə tutulub. O, yüzlərlə günahsız qurbanlardan biri kimi, 1938-ci ilin yanvarında Bakıda güllələnib.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir