Misir Mərdanov həbs olunacağından ehtiyatlanır

Xalası oğlu tutularkən, Azərbaycanda olmayan təhsil naziri ölkəyə qayıtmağa ehtiyat edir

Təhsil naziri Misir Mərdanovun xalası oğlu Allahverdi Dəmirovun həbsilə bağlı yeni məlumatlar almışıq. Məlumatlarda deyilir ki, Allahverdi Dəmirov həbs edilərkən, Misir Mərdanov ölkədə olmayıb. Elə indi də təhsil nazirinin Karlovı-Varıda dincəldiyi bildirilir. Məlumatlara görə, xalası oğlunun həbsi barədə Misir Mərdanova xəbər verilərkən onun təcili Azərbaycana qayıtması istənilib. Lakin təhsil naziri ölkəyə gəlməkdən ehtiyatlanıb. Misir Mərdanov düşünüb ki, indiki vəziyyətdə Azərbaycana gələrsə, onu da həbs edə bilərlər. Iddia olunur ki, təhsil naziri hazırda da tərəddüd içindədir. Misir Mərdanov aranın sakitləşməsini gözləyir. Əgər təhsil naziri özünə qarşı hər hansı təhlükənin olmayacağına qəti əmin olarsa, o halda ölkəyə qayıdacaq. Əks halda, Misir Mərdanovun Azərbaycana qayıtmayacağı iddia olunur.
Xatırladaq ki, Allahverdi Dəmirov Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti Idarəsinə rəhbərlik edib. Respublika Prokurorluğu və Maliyyə Nazirliyi tərəfindən  aparılan araşdırmalar zamanı sözügedən idarədə korrupsiya faktları aşkar olunub. Nəticədə Allahverdi Dəmirovun həbs olunmasına qərar verilib. Bu xəbər rəsmən təsdiqlənməsə də, Respublika Prokurorluğu Təhsil Nazirliyində korrupsiya faktlarının aşkar edildiyini və bununla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin başlanması barədə açıqlama yayıb.

Informasiya şöbəsi