Hakimlər! Hazırlaşın!

Dünyanın ən gözəl əməli Azərbaycana gəlib çıxanda və icrasına başlananda çox idbar bir şəkil alır, – “Avrovizion-2012” yarışmasının ölkəmizdə keçiriləcəyi ilə bağlı yazdığım yazıda demişdim. Indi bəlli olur ki, bəli, gerçəkdən beləymiş. Ölkələrin daha çox turist cəlb eləməsi, daha çox gəlir götürməsi üçün xüsusi diqqətlə yararlandığı bu musiqi tədbiri bizə gəlib çatanda məlum oldu ki, bu yarışmanın Azərbaycanda təşkil edilməsi heç də ölkənin nəfi üçün deyil, sadəcə, özünü göstərmək, bu arada büdcənin talan olunması üçün nəzərdən keçirilir. Yəni, bu yarışmanın təşkil edilməsinin Azərbaycanın cibinə heç xeyri yoxdu. Dağılan büdcədi. Azərbaycan xalqının yeyə bilmədiyi, yemək üçün əlinin çatmadığı, əlinin çatması üçün səsini çıxarmadığı külli miqdarda vəsaitdi. Bu para ilə indi məcburi şəkildə pensiyaya göndərilənlərin təqaüdlərinə əməllicə düzəliş eləmək olardı. Heç olmasa, 1 manat artırmaq. Bu da olardı inkişaf. Ötən dəfəki artımdan 30 qəpik çox. Pensiyalarının 1 manat artmasından ruhlanan həkim və müəllimlər də YAP-a dua eləyə-eləyə gedərdilər o bir manatı xımır-xımır yeməyə.

Əməlin eybəcər şəkil almasından söz açmışdım. Indi xəbər yayılıb ki, Sovet dövründən qalma yeganə gəmi tərsanəsi mahnı müsabiqəsinə görə məhv edilir. 50-60 illik tərsanə “Avrovizion”un badına gedəcək. Böyük ərazini dəfn eləmək, torpağa tapşırmaq haqda göstəriş belə, verilib. Hesablamalar göstərir ki, bu dəfn-kəfəndən ölkəmizə 3 milyarddan artıq ziyan dəyəcək. Çünki torpağa basdırılan bu müəssisənin bir gün, “Avrovizion” yarışmasından sonra bərpa edilməsi haqda sərəncam veriləcəyinə heç şübhə yoxdu. Yol çəkəndən sonra yolu qazıb dağıtmaq, hansısa boruları dəyişmək artıq adətə çevrilib.

Əslində torpağa basdırılan təkcə gəmi tərsanəsi deyil. Bu millətin nə qədər dişə dəyən, öyünüləsi keyfiyyətləri varsa, hamısı bir ucdan məhv edilir, üstü torpaqlanır. Çünki öyünüləsi şeylərin indiki gerçəklikdə insana yalnız ziyan gətirdiyi, onu acınacaqlı duruma saldığı üzə çıxır. Belə olan halda isə, insan öz mövcudluğunu saxlamaq üçün şəraitə uyğunlaşmağa başlayır. Bu, təbiətin qanunudu. Əsl ekzistensial durum yaranıb. Mövcud şərait insanların ibtidai instinktlərini saman çöpü kimi suyun üzərinə çıxarıb. Təki yaşamaqda davam eləsinlər. Təbiətlə mübarizə isə, insanın özünü insan kimi dərk eləməsindən, heyvanlardan ayrılmasından sonra yaranıb. Özünü insan kimi qəbul eləyənlər bu gün də mübarizədən qalmır, ibtidai kimliklərinə dönənlərlə ya savaşır, ya da onların ibtidai icma quruluşuna dönmələrini əngəlləmək üçün mücadilə aparırlar. Burda, bu savaşda onların fərd olaraq udacağı bir şey yoxdu. Istəsələr, onlar da başqaları kimi “haqqın yoluna” gələr, köləliyi qəbul eləyər və rahat-rahat yaşayarlar. Ancaq insana şüur verən Yaradıcı, görünür, kimlərisə bu işə məsul eləyib, elə onunçün də yaradıb. Onlar savaşır, ömrü boyu əzab-əziyyət çəkir, hər cür məşəqqətə qatlaşır, bəzən şərin gülləsinə tuş gəlib həlak olur, bəzən isə sadəcə, ömür tamam olur. Lakin bu savaş dayanmır. Nəticədə isə insanlıq ölmür, ya qələbə, ya da sadəcə silkələnmədən doğan ətalətin gücünə yaşayır…Şəklini dəyişərək eybəcərləşən gözəllikləri görəndən sonra insan qeyri-iradi olaraq gözəlliyə də laqeydləşməyə, soyuq yanaşmağa, imkan olarsa heç görməməyə çalışır.

Azərbaycandakı mövcud rejimin bir cinayəti də bu – insanlarda gözəlliklərə olan sevgini boğmaq, öldürmək, ondan iyrəndirmək. Bu cinayətə görə kimsə məsuliyyət daşımır, heç bir gün də həbs edilə bilməz. Ama gözəllik hissinin öldüyü yerdə hansı cinayətlərin baş verdiyi hamının gözü qarşısındadı. Hakimlərin işi başından aşacaq. Deyəsən Mübarəkə də iş kəsdilər…